Türkçülüyü qazanc mənbəyinə çevirənlər

Bu günlərdə facebook sosial şəbəkəsində "Milliyyətçilik nədən böhran keçirir" mövzusu müzakirə olunurdu. Gənc xanım millətçilərdən biri yazdı ki, millətçilərin çoxu bilgisiz olur, yalnız pafoslu çıxışlarla diqqətə gəlməyə çalışırlar. Şərhlərdə buna dəstək çıxan da oldu, tənqid edən də. Bəs əsil həqiqət necədir? Milliyyətçilik niyə uğur qazana bilmədi? Türkiyədə və Azərbaycanda milliyyətçi xətt aparıcı deyil. Türkiyəni anlamaq olar. İslam xilafətinin mərkəzi olub uzun əsrlər. Orda islamın dirçəlməsi tamamilə məntiqidir. 12 ildir ki, Türkiyədə modern islam hakimiyyətdədir. Parlament, hökumət, prezident postu onların əlindədir və yəqin ki, yaxın gələcəkdə dövlət strukturları, bəlkə də ordu da onların tam nəzarətinə keçəcək. Azərbaycanda bir zamanlar güclü olmuş, səsi yüksək tribunalardan gəlmiş millətçilik xeyli öləziyib. İndi millətçiliyi bir neçə xırda partiya və QHT təmsil edir. Bir neçə qəzet və sayt fəaliyyət göstərir. Sosial şəbəkələrdə türkçülər var, ancaq əvvəlki fəallıqlar yoxdur. Türkçülük, millətçilik adından rəhbərlik etdiyi KİV və ya QHT-yə ehtişamlı adlar (Məsələn, "Bir Millət Bir neçə Dövlət", "Böyük Turan" və s) qoymuş şəxslər, psevdomillətçilər danışır. Ancaq onlar dünyagörüşü baxımından çox kasaddırlar. İntellektcə dayazdırlar. Oxumalı kitablardan, bilməli bilgilərdən belə xəbərsizdilər. Sosial şəbəkələrdə keçirilən müzakirələrdə babat savadı olan bir tarixçiyə, dilçiyə biabırcasına uduzurlar. Ancaq özlərini dahi, əvəzolunmaz hesab edirlər. Ancaq Türkiyənin su yoluna döndəriblər. Türkiyədə, Macarıstanda, Orta Asiya ölkələrində keçirilən "türklük qurultaylarına" onlar gedirlər. Alparslan Türkeşlə, bir az gənclərinin Rauf Denktaşla, Dövlət Bahçeli , Elçibəylə birgə şəkilləri var. Əlamətdar günlərdə bu şəkilləri paylaşır, özlərini "əjdaha türkçü" kimi göstərirlər. Sosial media dövrüdür. Çox vaxt adamlarda yanlış təsəvvür yarada bilirlər. Türkiyə ilə yaxşı əlaqə qururlar. Binəva ülçükü türklər də elə bilir ki, tribunada gurultu ilə "mən türk oğlu türkəm" deyən adam elə gerçək türkçüdür. Bir az araşdıranda adamın "Yurd"un qəzetlərində Elçibəy haqqında "Bu qoca nə vaxt öləcək, Kərimli sədr olacaq" yazdığı ortaya çıxır. Amma indi keçmişini gizlədib-Turançıdı. Məşhur multfilmdə deyilənə düzəliş etsək:
Daha tövbə edib o,
İndi həccə gedir o.

Tövbə heç zaman gec deyil. Dünən kommunist olmuş adamın bu gün millətçi, 20 il öncə ateist olmuş adamın bu gün islamçı olması təbiidir. Adam haqq yoluna qayıda bilər. Ancaq necə? Bunun üçün artistliyə nə gərək var axı? Dəbdəbəli təşkilat və ya qəzet adlarına nə hacət? Adam bilməlidir ki, facebook profilinə boz qurd, Türkeş, Turan bayrağı qoymaqla turançı, türkçü olmaq olmaz. Türkçülük şovinizm, bir milləti digərindən üstün tutmaq deyil. Türkçülük millətə xidmətdir. Millətə xidmətin yolu təkcə TV-lərdə guruldaya-guruldaya danışmaq, sosial mediada bayağı ultra millətçi kimi görünmək deyil. Bu gün türk dünyasının problemlərindən yazan, xəbər verən adicə bir sosail şəbəkə fəalı belə bu cür "türkçülər"dən daha abırlı və faydalıdır. Türkçülük onlar üçün hədəf deyil, qazanc mənbəyidir. Bir çoxlarının maskası belə cırılıb. Artist qrimini dəyişib öz işlərinin dalınca gediblər:tikintiyə baş vuran kim, bazarda dükan açan kim. Bir-iki qrant dəllalı qalıb. Onların da ömrünə az qalıb. "Maya"nı toplayan kimi bazara üz tutacaqlar.