Quda oliqarxlar, quda siyasətçilər: Prezidentdən səfirə qədər... - SİYAHI

Sirr deyil ki, Ermənistanda kriminal rejim hakimiyyətdədir. Siyasətçi və oliqarxlardan ibarət olan bu sistem ölkənin bütün ictimai-siyasi həyatını sarmaşıq kimi bürüyüb. Təsadüfi deyil ki, qanunla qadağan olunsa da, parlamentdə əksər deputatlar bizneslə məşğul olan iş adamlarıdır. Onlar Ermənistanda öz hakimiyyətlərini saxlamaq, xalqı talamaq və daha da varlanmaq üçün yalnız öz çevrələrindən qız alıb-qız verirlər.

Modern.az saytı Ermənistanın hakim elitasındakı mənfəət evliliklərini təqdim edir.

Ermənistan prezidenti Serj Sərkisyanın Anuş və Satenik adlı 2 qız övladı var. Onun böyük qızı, ixtisasca hüquqşünas olan Anuş atasının ən yaxın çevrəsinə daxil olan Mikael Minasyanla evlidir. Minasyan uzun illər gələcək qayınatasının kölgəsi hesab olunur, daim onu müşayiət edirdi.

Serj Sərkisyan Ermənistanın baş naziri təyin olunanda da Minasyanı öz müşaviri təyin edib. 2008-ci ildə prezident seçildikdən sonra isə o vaxta artıq Anuş Sərkisyanla evli olan Minasyan Prezident Administrasiyası rəhbərinin müavini təyin olunur. 2013-cü il martın 7-də Ermənistan prezidenti öz kürəkəninə diplomatik status verir və Vatikana səfir göndərir.

Qeyd etmək lazımdır ki, Mikael Minasyanın babası 60-cı illərdə Yerevan meri, atası Ara Mikaelyan isə paytaxtın əsas tibb mərkəzi sayılan "Müqəddəs Qriqor Lusavoriç" klinikasının direktorudur.

Sərkisyanın kiçik qızı Satenik isə ölkənin Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutunyanın bacısı oğlu Ayk Xaçaturyanla evlidir.

Serj Sərkisyanın qardaşı Aleksandr Sarksiyanın oğlu "Daşnaksütyun" Partiyasının keçmiş sədri, hazırda Almaniyada səfir olan Vaan Ovanisyanın qızı ilə rəsmi nikahdadır.



Ermənistanın baş naziri Ovik Abramyan isə "Çiçəklənən Ermənistan" Partiyasının sədri, Ermənistanın Olimpiya Komitəsinin prezidenti Qaqik Çarukyanla qohumdur. Ovik Abramyanın oğlu Arqam Qaqik Çarukyanın qızı Emma ilə ailə həyatı qurub. Onların 2009-cu il oktyabrın 17-də Yerevanın ən elit "Ocaq" restoranında baş tutan toy mərasimi erməni mediası tərəfindən "əsrin toyu" adlandırılmışdı. Mərasimdə prezident Serj Sərkisyanla yanaşı, Belarus parlamentinin spikeri və Konstitusiya Məhkəməsinin sədri də dəvət olunmuşdu.

Ermənistanın ən zəngin biznesmeni sayılan, "Aleks Qrup" şirkətlər şəbəkəsinin sahibi və Respublika Partiyasından parlamentə üzv olan Samvel Aleksanyan Rusiyanın "Taşir" şirkətlər şəbəkəsinin prezidenti Samvel Karapetyanla qohumdur. Belə ki, bir müddət öncə Aleksanyanın bacısı oğlu və Karapetyanın qızı 2011-ci ildə ailə həyatı qurublar. Həmin mərasimdə erməni oliqarxiyasının əsas simaları, o cümlədən prezident Serj Sərkisyan da iştirak etmişdi. Bundan öncə 2010-cu ilin sentyabrında Samvel Aleksanyan öz qardaşı oğlunu deputat həmkarı Qriqori Markaryanın qızı ilə evləndirmişdi. Maraqlıdır ki, Aleksanyanın bacısının digər kürəkəni də Ermənistan parlamentinin deputatı Koryun Naapetyandır.



Ermənistan baş naziri ilə quda olan Olimpiya Komitəsinin prezidenti Qaqik Çarukyan digər iki qızını da "mənfəət nikahı" çərçivəsində nüfuzlu şəxslərə ərə verib. Belə ki, o, qızı Roza Çarukyanı sədri olduğu "Çiçəklənən Ermənistan" partiyasından parlament üzvü olan, "Multi" ticarət şirkətinin sahibi Murad Quloyanla evləndirib. Digər qızı Qayane isə Ermənistanın nəqliyyat naziri olmuş, hazırda ölkənin Ukraynadakı səfiri Andranik Manukyanın oğlu ilə evlidir.

Serj Sərksiyan administrasiyasının keçmiş rəhbəri və Yerevanın sabiq meri Karen Karapetyan diaspor naziri Qranuş Akopyanla qohumdur. Keçmiş merin oğlu Akopyanın bacısı qızı ilə evlidir.

Keçmiş prezidentlərdən Robert Köçəryanın böyük oğlu Ermənistan parlamentinin deputatı Volodya Bədəlyanın qızı, kiçik oğlu isə estrada müğənnisi Siruşo ilə ailə həyatı qurub. Sabiq prezidentin yeganə qızı isə "Bars" agentliyinin sahibi Marina Zatikyanın oğlu ilə evlidir.

Ermənistanın birinci prezidenti olmuş Levon Ter-Petrosyanın yeganə oğlu David Petrosyan isə o zamankı milli təhlükəsizlik naziri David Şahnazaryanın qızı Lilit Şahnazaryanla izdivaca daxil olub.

Sonucu "oliqarx toyu" kimi Ermənistan Futbol Federasiyasının prezidenti, biznesmen Ruben Ayrapetyanın oğlunun Yerevan baş polis idarəsinin sabiq rəis müavini Saşa Afyanın nəvəsi ilə ailə həyatı qurmasını qeyd etmək olar.



AzNews.az