Siyəzən şəhər Mədəniyyət Sarayında Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı, əfsanəvi səsə malik olan diktor Aydın Qaradağlının 85 illik yubileyi qeyd olunub. Siyəzən şəhər Mədəniyyət Sarayında Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı, əfsanəvi səsə malik olan diktor Aydın Qaradağlının 85 illik yubileyi qeyd olunub.
  • 1 Sentyabr 2014 09:44
  •  6 437

Aydın Qaradağlının 85 illik yubileyi qeyd olundu - FOTO

Siyəzən şəhər Mədəniyyət Sarayında Azərbaycanda peşəkar diktorluq məktəbinin yaradıcısı, əfsanəvi səsə malik olan diktor Aydın Qaradağlının 85 illik yubileyi qeyd olunub.


AzNews.az xəbər verir ki, tədbirdə yerli icra orqanlarının nümayəndələri, Azərbaycanın tanınmış incəsənət xadimləri, eləcə də yubilyarın ailə üzvləri iştirak edib.

Tədbir iştirakçıları əvvəlcə Aydın Qaradağlının ifasında Cəfər Cabbarlının "Ana" şerinin səs yazısını dinləyiblər.
Siyəzən rayon icra hakimiyyətinin başçısı Arif Qasımov xalqımız tərəfindən sevilən unudulmaz diktorun adının rayonda əbədiləşdirildiyini qeyd edib. Belə ki, 85 illik yubileyi ərəfəsində Siyəzən şəhərindəki küçələrdən birinə Aydın Qaradağlının adı verilib.

Tədbirdə Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, filologiya elmləri doktoru, professor, şair və nasir Vüqar Əhməd, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Cavanşir Cahangirov və başqaları çıxış edərək təkrarolunmaz səs sahibi, böyük ziyalı Aydın Qaradağlı haqqında xatirə və düşüncələrini bölüşüblər.

Diktorun həyat və yaradıcılığı haqqında məlumat verilərək bildirilib ki, Aydın Qaradağlı 20 avqust 1929-cu ildə anadan olub.17 yaşından diktor kimi fəaliyyətə başlayan Aydın Qaradağlı 1957-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Radio və Televiziya Verilişləri Komitəsinin diktoru işləyib. O, 1948-ci ildə Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Teatr Məktəbini (aktyorluq ixtisası üzrə), 1949-cu ildə isə Moskvada ümumittifaq diktorluq kurslarını uğurla başa vurub. Aydın Qaradağlı uzun ömür yaşamasa da, onun səsinin Azərbaycan mədəniyyətində rolu olduqca böyükdür. Görkəmli sənətkar, istər rəsmi mövzuları, istərsə də bədii əsərləri dinləyicilərə böyük məharətlə çatdırıb. Hazırda respublikada tanınmış diktorların əksəriyyəti məhz Aydın Qaradağlı məktəbindən bəhrələnir, onun səs yazılarından öyrəndiklərini işlərində tətbiq edirlər. Azərbaycan radiosunun "Qızıl fond"unda Aydın Qaradağlının ifasında Nizami Gəncəvi, Məhəmməd Füzuli, Cəfər Cabbarlı, Məhəmmədhüseyn Şəhriyar və digər klassiklərin, habelə Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Hüseyn Arifin əsərlərinin səs yazıları qorunub saxlanılır. Aydın Qaradağlı 1980-ci ilin 28 yanvar tarixində, 50 yaşında dünyasını dəyişib.

Yubilyarın qızı Aygül Qaradağlı ölməz sənətkar Aydın Qaradağlının 85 illiyinin keçirilməsinə görə tədbirin təşkilatçılarına minnətdarlıqlarını ifadə edib.

Yubiley tədbirində tanınmış incəsənət ustalarının ifasında konsert proqramı da təqdim olunub.