Avropaya vizanın qiyməti 35 avro oldu

Avropa İttifaqı ilə Azərbaycan arasında Viza Rejiminin Sadələşdirilməsi və Readmissiya Sazişləri bu gün qüvvəyə minir.


Avropa İttifaqının Azərbaycan nümayəndəliyindən "Qafqazinfo"ya verilən məlumata görə, Aİ ilə Azərbaycan arasında Viza Rejiminin Sadələşdirilməsi Sazişi (VRSS) və Readmissiya Sazişi (RS) Bakıda və Brüsseldə 4 rəsmi danışıqlar raundu çərçivəsində baş tutub.

İndi sazişlər 1 sentyabr 2014-cü il tarixində qüvvəyə minir. Böyük Britaniya, İrlandiya və Danimarka saziş çərçivəsində öz üzərinə öhdəlik götürməyib.

Saziş Azərbaycan vətəndaşlarının, xüsusilə də tez-tez səfərdə olan vətəndaşların Aİ ölkələrinin əksəriyyətinə sərbəst şəkildə səfər etmələrinə şərait yaradan qısa müddətli vizaların daha asan və ucuz alınmasını təmin edir. Qısa müddətli viza ilə 180 günü əhatə edən müddətdə 90 günədək qalmaq mümkündür. Sazişə əsasən viza haqları €60-dan €35-dək azalıb, bəzi vətəndaş kateqoriyaları isə tamamilə haqlardan azad olmalıdır. Üzv dövlətlər tərəfindən tez-tez səfərdə olan şəxslərin bəzi kateqoriyaları üçün bir ildən beş ilədək müddəti olan çoxgirişli vizaların veriləcəyi planlaşdırılır. Diplomatik pasportu olan şəxslər viza öhdəliklərindən azaddırlar. Sazişlə həm də müəyyən kateqoriyadan olan ərizəçilər, o cümlədən rəsmi nümayəndə heyətləri, 12 yaşdan aşağı uşaqlar, təqaüdçülər, tədqiqatçı və tələbələr üçün viza haqqının alınmaması təmin edilir. Saziş müddəalarının həyata keçirilməsi sazişlərin bütün tərəflərinin qarşılıqlı prinsipləri tam şəkildə tətbiq etməsindən asılıdır.

Readmissiya sazişləri Aİ-na üzv dövlətlər və Azərbaycanın hakimiyyət qurumları üçün aydın öhdəlik və prosedurlar təyin edir. Onlar tərəflərin ərazisində qeyri-qanuni yaşayan şəxslərin nə zaman və necə geri qaytarılmasını tənzimləyir. Onlar tək hər iki tərəfin vətəndaşlarının qeyri-qanuni yaşamasını deyil, eləcə də müraciət edilən tərəflə aydın bağlantısı olan (məsələn, viza və ya yaşamaq üçün icazə) üçüncü ölkə vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin qeyri-qanuni vəziyyəti ilə bağlı məsələləri əhatə edir. Avropa İnsan Hüquqları Konvensiyasında müəyyən edildiyi kimi readmissiya sazişlərinin tətbiqi zamanı İnsan Hüquqlarına tam şəkildə hörmət göstəriləcəyinə dair zəmanət verilir.

AzNews.az