Xalq artistinin ailə faciəsinə səbəb olan şəxs peşman olduğunu deyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olan şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Xaliq Mədətov ifadə verib. X. Mədətov ifadəsində idarə etdiyi avtomobilin atasına məxsus olduğunu, onu etibarnamə ilə idarə etdiyini deyib:
"Hadisə baş verən zaman mən maşından alışqanı götürmək istəyirdim. Bu zaman qarşıda "VAZ 21 06" markalı avtomobili gördüm. Maşını vurmamaq üçün əyləci basdım, lakin əyləc işləmədi. Hadisə baş verəndən sonra isə polis və təcili yardım əməkdaşları hadisə yerinə gəlib, məni alkoqol müayinəsinə apardılar. Həmin gün alkoqol qəbul etməmişdim. Lakin ekspertiza mənim sərxoş olmağım barədə rəy verib".

Təqsirləndirilən şəxs daha sonra bildirib ki, hadisənin baş verdiyinə görə peşmandır, həmin ailəyə dəyən ziyanı ödəməyə hazırdır.

X. Mədətov dövlət ittihamçısının suallarına cavab olaraq hadisə zamanı maşını saatda 100-110 km sürətlə idarə etdiyini açıqlayıb. Onun vəkili Samir İsayev ailəyə dəyən mənəvi ziyana görə kompensasiya ödəmək istədiklərini bildirib, bununla bağlı vəsatət qaldırıb.

Zərərçəkən Vüqar Abdullayev isə buna etiraz edib.

Daha sonra prosesdə məhkəmə istintaqının başa çatması barədə qərar qəbul olunub.

Çıxış üçün söz dövlət ittihamçısına verilib, lakin prokuror çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses sentyabrın 4-dək təxirə salınıb.

Qeyd edək ki, martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Abdullayev Vüqar Ağasəlim oğlunun idarə etdiyi VAZ-2106 markalı 10-NB-466 dövlət qeydiyyat nişanlı avtomobillə Mədətov Xalid Mübariz oğlunun idarə etdiyi "Mercedes-Benz G-55" markalı 90-FE-007 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşub. Nəticədə "VAZ-2106"da olan sərnişinlər - 1959-cu il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər.

Fakta görə Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilib.

Onu da qeyd edək ki, X. Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur.

Həmin hadisədən 2 gün sonra isə ölkə prezidentinin sərəncamı ilə Mübariz Mədətov tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub.

AzNews.az