Bıçaqlayaraq intihara cəhd etdi

Salyan sakini əvvəlcə başqasına xəsarət yetirib, daha sonra isə intihar etmək istəyib.

Salyan rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisəyə avqustun 31-də axşam saatlarında Salyan şəhərinin Təbriz Xəlilbəyli küçəsindəki ərzaq mağazalarının birində baş verən insident səbəb olub.

Həmin mağazanın daimi müştərisi olan Salyan şəhər sakini Rəfael Vaqif oğlu Rüstəmov mağazada satıcı işləyən qadına üzərində gəzdirdiyi çəkiclə bir neçə zərbə vuraraq xəsarət yetirib. O, sonra evinə qayıdaraq, bıçaqla bədəninin müxtəlif nahiyələrinə 7 zərbə endirib. Atasının özünü bıçaqladığını görən oğlu Elbrus Rüstəmov da əsəbindən pəncərə şüşəsini sındıraraq əlini kəsib.

Yaralılar Salyan Mərkəzi rayon Xəstəxanasına çatdırılıblar. R. Rüstəmov əməliyyat olunaraq reanimasiya şöbəsində yerləşdirilib.

Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.

AzNews.az