Günel Natiq Günel Natiq

Facebook nəzarətçiləri

Günel Natiq




Heç kimə sirr deyil ki, bir neçə il əvvələ kimi internet bizlər üçün kosmik obyekt kimi əlçatmaz idi, ucundan-qulağından eşitdiklərimiz də bizə uzaq planetlər kimi möcüzəli görünürdü. Çox şükür ki, artıq bu, bizlər üçün sirr-xuda yox, elə reallığın özüdür. Hətta uzaq dağ kəndində yaşayan nənə də internetdən baş çıxarır, hələ desəniz, sosial şəbəkələrdən də xəbəri var. Əlqərəz, bu texnoloji nailiyyət həyatımıza necə daxil olubsa, heç cür onu ordan çıxara bilmirik, ona görə uyğunlaşmalıyıq, başqa yol yoxdur.

Amma necə uyğunlaşmalıyıq?
Əsas məsələ də budur. Bəzi para adamlar bu sahədə əməlli-başlı "ixtisaslaşıblar". Söhbət "facebook nəzarətçilərindən" və onların yazılmamış qanunlarından gedir. Onların sayəsində virtual həyatımızı adət-ənənəyə, mentalitetimizə uyğun, ədəb-ərkanlı şəkildə yaşaya bilirik. Sağolmuşlar yaxşı qanun-qayda yaradıblar. Heç Stalin rəhmətliyin belə "dəmir qanunları" yoxuydu. Hər şey tənzimlənib, ölçülüb-biçilib.
Bu "nəzarətçilər"də özgələri deyil ha. Öz yoldaşlarımızdı, şəxsən tanıdıqlarımız və ya sosial şəbəkələrdə görüb bələd olduqlarımızdı. İntəhası bu adamların bir şakəri var; hər şeyə bir qulp qoyar, hər işə müdaxilə edər, öz fikirlərinin Mendeleyevin cədvəlindəki elementlər kimi xüsusi vacib və əhəmiyyətə malik olduğunu düşünüb yeri gəldi- gəlmədi onları irəli sürər və yalnız irəli sürməklə kifayətlənməyib həm də sağa-sola at kimi çaparlar. Elə bil Mark Zukerberq bunları facebook üzrə nəzarətçi qoyub və bəşəri bir missiya verib.

Tanrıdan gizlin deyil, sizdən nə gizlin, bəzən elə anlar olur ki, ürəyini boşaltmağa məqam axtarırsan, elə bil həmin o ağrı səni təqib edir, özünü dedirtməyə məqam axtarır, sən də tez deyib qurtulmaq istəyirsən o ağrıdan. Söz vaxtına çəkər, gənclərin sevimlisi olan reperin ölüm xəbəri ip kimi bütün ağrı-acıları ardınca çəkdi. Lap ovqatım təlx oldu. Oturdum, bir status yazdım. Kövrək bir yazıydı. Dərhal "nəzarətçilərdən" biri peyda oldu: "Aha. Xeyir ola? Bəyəm bilmirsiniz ki, onun həyatı qaranlıq məqamlarla dolu idi?"
"Onun şəxsi həyatı mənə maraqlı deyil"- deyə nəzarətçiyə etiraz etməyə çalışdım-" Bir də elə bu "qaranlıq məqamlar" da təəssüflənmək üçün kifayət qədər əsas verir... Nə olursa- olsun, cavan, istedadlı bir adamın belə faciəli ölümü mənə çox pis təsir etdi, ürəyimdən elə bil daş asılmışdı"...

"Pah atonnan"!- nəzarətçi əsəbiləşdi- "Artistdir də bu camaat! Ölür yalandan ağlayıb-sızlamaq üçün"!
Lənət sənə kor şeytan! Bu məqamda gərək fikirlərini pozitiv bir nəsnənin üzərində cəmləyəsən, yoxsa sinir krizi labüddür. Amma fikirlərini sabit şəkildə elə bu məsələnin üzərində cəmləmiş "nəzarətçi"nin nəzərlərindən yayınmaq da hər oğulun işi deyil ha! Bu arada nəzarətçimiz mərhum reperin ölümüylə bağlı kədərini ifadə etmiş daha bir neçə biçarə status sahibinə öz iradlarını bildirdikdən və biriylə hətta bir xeyli "əlbəyaxa döyüşdükdən" sonra birtəhər sakitləşib müşahidə mövqeyinə keçdi.

Şair Qabil deyir, harasa gedən yerim olaydı. İndi çoxumuz üçün həmin o gedəsi yer sosial şəbəkələrdir. Bir növ insanın həm təkliyə, özünə qapılmasıdır, həm də cəmiyyət içində, adam içində olmasıdır. Yəni facebookda qələbəlik içində tək qalmaq qorxusu yoxdur. Nazim Hikmət demiş, bir ağac kimi tək və hür və bir orman kimi qardaşcasına.
O gün "harasa gedən yerim olaydı" deyə-deyə bir də baxdım ki, yenə facebookdayam, özü də gənc müğənnilərdən birinin ifasını dinləyirəm. Amma bir məqamda hiss etdim ki, artıq romantikaya xitam vermək vaxtıdır, çünki nəzarətçilərdən biri alıb başımın üstünü:
"Aha. Xeyir ola? Bu müğənninin o son qalmaqalından xəbəriniz yoxdu"?
"Nə qalmaqal"?
"Əşi, o səhnədə olan mənzərəni deyirəm də. Əynindəki elə əyni idi. Ar olsun o insana! Ar olsun milli dəyərlərimizi unudub belələrinə meydan verənlərə! Ar olsun"...

Nəzarətçinin sözünü yarıda kəsdim:
"Ay qardaş, biz onun sadəcə mahnısını dinləyirik. Son qalmaqalından da xəbərimiz yoxdur. Və ümumiyyətlə, insanların saqqalının ixtiyarını onların özünə verin.

Yox, əlbəttə ki, bir növ proqramdan kənara çıxmaq olmaz. Nəzarətçi bir-iki şüar da dedikdən sonra qeybə çəkildi. Mən də arada vaxt eləyib mənəvi dəyərlərimizin belə geniş təbliği ilə məşğul olan bu adamın profilinə baş çəkdim. Özü və fəaliyyəti hələ də mənə tam bəlli olmayan bu adamın səhifəsi əxlaq şüarları ilə dolu idi. Hətta aşıb-daşırdı. Hiss olunurdu ki, bu sahədə əməlli-başlı "çalışır", bəlkə də gecə yatmayıb sabahkı "əxlaq dərsi" və bu "dərsdə" hansı xitablardan, şüarlardan, təsirli effektlərdən istifadə edəcəyi haqqında düşünür.
Nə yaxşı, belə nəzarətçilər var. Yoxsa Allah bilir, bu sosial şəbəkələrin halı necə olardı. Nəzarətdən çıxıb mentalitetsiz millətlərin sosial şəbəkələrinin gününə düşərdi.

Sübut üçün daha bir nümunə. Tutaq ki, türklərə məxsus sosial şəbəkədə belə bir mövzu müzakirə edilir: "Sizcə sevgi nədir"?
Cavablar: "Sevgi paylaşmaqdır. Duyğuları paylaşmaq. Bir-birinə gülümsəməkdir, əl-ələ tutub sonsuzluq boyunca yol getməkdir. Birlikdə yaşlanmaqdır, gülməkdir, ağlamaqdır, Leyli- Məcnun olmaqdır sevgi. Cəsarətdir, xoşbəxtlikdir, həm sevinc, həm kədərdir sevgi"...

Və bizim sosial şəbəkədə eyni mövzu: "Sizcə sevgi nədir"?
Cavablar: "Suala bax da. Admin, lap ağını çıxartmısan e. Bu nə səviyyəsiz suallardı verirsən"? Digər istifadəçi: "Sevgi var beyəm? İndiki qızlara sevgi yox, maşın, pul lazımdır, canımçun!". Digər istifadəçi: "Ədə, sən nə bilirsən, sevgi nədi? İndiki oğlanlar ədəb-ərkanlı qız axtarmırlar, pullu atası olan qız axtarırlar". Bir başqa istifadəçi: "Görürəm elə, necə ədəb-ərkanlısız! Mini yubka geyinən qızlarda nə ədəb-ərkan olacaq"? Mini yubka geyinən qız: "Elə başınçun! Elə bircə sən ədəblisən! Ölmüşdü Xankişi! Görun çatlasın Məşədi Kazım!" Və s. və i.
İstifadəçilərin bir-birlərinə yağdırdıqları ən yanıqlı atmacalardan, milli və əcnəbi filmlərdən gətirdikləri ən təsirli sitatlardan sonra nəzarətçilərin ən sanballısı düşür ortaya: "Əşi, yığışdırun bu söhbəti! Anamız- bacımız var axı! Bu nə düşük söhbətlərdi, edirsiz. Bizim gözəl mentalitetimizə uyğun, ədəb-ərkanlı bir mövzu qoyun, gələk kommentimizi yazaq də".
Allah bu mentalitetli yoldaşdan razı olsun. Hər şeyi yerinə qoydu. Yoxsa Məşədi Kazımın goru doğrudan çatlayacaqdı.

O gün də bir jurnalistin yazdığı statusun ətrafında qızğın müzakirə gedir. Siyasi mövzu idi deyəsən. Hərə öz fikrini elə təzəcə söyləmişdi və söhbət elə təzəcə qızışırdı ki, bir nəzarətçi (arada özünün Moşu kimi şeir yazmağı da var) tez özünü yetirdi: "Ey Biləcəridən o yana keçə bilməyən yazarcıqlar, (özünü unutdu deyəsən ha) nə qoyub, nə axtarırsız? Sizmi biləcəksiz, bu dünyanın vəziyyətini? (zalımın qızı düz deyir də). Gedin, işinizlə məşğul olun. Yıxılın yatın. Ya nə edirsiz edin, sizə düşməyib bu haqda danşmaq".

İnsafən, "yazarcıqlara" necə təpindisə, hamısı kommentini yarımçıq qoyub getdi öz işiylə məşğul olmağa. Mən də "ustadına bərəkallah" deyibən, getdim arın-arxayın "yıxılıb yatmağa". Yəni ki, facebook etibarlı əllərdədir, belə ayıq-sayıq nəzarətçilərimiz var.
Əlqərəz, sözümün canı ondadır ki, nolar, virtual olanda, yeməyimiz- içməyimiz, istirahətimiz orda keçir, uşaqlarımız orda dünyaya gəlir, ilk şəkillərini orda paylaşırıq, ilk "ata", "ana" kəlməsini facebook dostlarımız eşidir. Yəni belə mənəvi məkanda nəzarətçinin olması yaxşı şeydi, işin xeyrinədi.

Hamınıza bol nəzarətlər arzusuyla söhbətimə xitam verirəm. Nəzarətdəyəm , necə də olsa...