Parlamentə hücum edildi

"Reuters" agentliyi bildirir ki, "İslam Dövləti" tərəfindən əsir götürülmüş İraq əsgərlərinin qohumları parlamentə hücum ediblər. Metal çubuqlarla, ağac dəyənəklərlə və daşla "silahlanmış" 100 nəfərdən artıq şəxs İraq parlamentinə daxil olaraq, əsir qohumlarından yeni xəbər almaq istəyiblər.

Agentlik yazır ki, şiələrin dominant olduğu kütlə müvafiq orqanlar tərəfindən bütün təzyiqlərə baxmayaraq binanı tərk etmək istəməyiblər.

"Onlar qarşılarına çıxan hər kəsi tapdalayıb üstündən keçməyə hazır görünürdülər. Deyirdilər ki, bizim oğullarımızı toz-torpaq içində basdırıblar. Siz isə burada kondinsionerli otaqlarda oturub kef edirsiz", parlament işçilərindən biri agentliyə bildirib.
Sonda kütləni parlamentdən çıxarmaq üçün Xüsusi Təyinatlı Polisə müraciət etmək lazım gəlib.

Söhbət "İslam Dövləti" ilə savaşda iyun ayında yoxa çıxan, öldüsü-qaldısı bilinməyən əsgərlərdən gedir. Həmin vaxt "İsıam Dövləti" ildırım sürəti ilə irəliləyirdi. İraq hərbçiləri isə mövqelərini qoyub qaçırdılar. İraq hökuməti də bu məsələni araşdırmaqda acizdir. Parlamentə hücum edənlər heç olmasa hökumətin köməyi ilə gənc əcgərlərin meyitlərini almağa cəhd edirlər.

Agentlik bildirir ki, rəsmi məlumatlara görə İŞİD tərəfindən 1700 nəfər hərbçi əsir götürülüb. Onların bir çoxunun kütləvi şəkildə güllələnməsi barədə video-kadırlar internetdə indi də dolaşmaqdadır.

Parlament işçiləri agentliyə onu da bildiriblər ki, kütlənin hücumundan qorxuya düşən millət vəkilləri əl çantalarını və pencəklərini parlamentdə buraxaraq, qaçmağa üstünlük veriblər.

Hazırda taleyi bəlli olamayan əsgərlərin qohumları parlament binası yaxınlığındakı hotellərdə qərar tutublar. Onların tezliklə parlamentə yenidən hücum edəcəyi gözlənilir.(Musavat.com)