Elşad Paşasoy Elşad Paşasoy

Qərbi tənqid etmək günahdırmı, bəy?!

Elşad Paşasoy


1919-cu ilin 4 yanvarında Bakıdan Avropaya bir qrup yola düşdü. Azərbaycan Xalq Cümhuriyyətinin müstəqil dövlət olduğuna Avropanı inandırmaq istəyən heyətə Əlimərdan bəy Topçubaşovun rəhbərlik edirdi. Bu heyət düz üç ay İstanbulda Parisdən dəvət gözlədi. Hansı ki, artıq gürcülər və ermənilər Fransada öz işlərini görməkdəydilər...

Bu gün heç bir suçu olmadığı halda məhbəs həyatı yaşayan dəyərli dostumuz Tofiq Yaqublunun "Bircə bu dəfə də oxuyun" yazısındakı fikirləri oxuyandan sonra bir az tarixə ekskurs eləmək istədim. Tofiq bəy Qərbi qınadığıma görə mənə dostyana qınağını bildirib. Ancaq göydə Allah, yerdə də dəyərli oxucularımız şahiddir ki, mənim yazılarımın əksəriyyəti Qərbə inteqrasiyanın təbliği, Qərb demokratiyasının burda bərqərar olması ilə bağlı olub. Hətta ruspərəstlərin qəzəbinə tuş gəlməyim də az olmayıb. Onu da yazmışam ki, Azərbaycanda cəmiyyət problemi var, öncə özümüzdən başlamalı, problemləri daxildə həll etməliyik.

Demirəm ki, Qərb niyə burda inqilaba dəstək vermədi, o inqilab mənə gərək deyil! Şərq dünyasına verdiyi dəstəyin "bəhrə"sini görürük... Bütün bunlar heç də o demək deyil ki, Qərbə inteqrasiyanın, Avropa dəyərlərinin ölkəmizdə bərqərar olunmasına qarşıyam. Hələ ki, bəşəriyyət bundan yaxşısını kəşf etməyib. Azərbaycan xalqını çox da qınamaq bəlkə də haqsızlıq olardı. Bu xalq daha nə qədər mübarizə aparmalıdır ki? Qərb Gürcüstanda müxalifətin 500 nəfərlik aksiyasına dəstək verdi, Amerika rəsmiləri Ukraynada mitinqçilərə yemək payladı, yadınızdadırmı..? Yəni burda da fərqli münasibət görmüşük. Amma yazılarımda Qərbi daha çox Qarabağ siyasətinə görə tənqid etmişəm.

***

Qayıdaq əsrin əvvəlinə...Baxmayaraq ki, müsəlman Şərqində ilk demokratik cümhuriyyət Azərbaycanda qurulmuşdu, digər iki Qafqaz ölkələri ilə eyni həftədə, ancaq Avropa Azərbaycanı gözlətdi. O zaman Topçubaşov ABŞ-la Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasını xahiş etsə də, müsbət cavab almadı. Bunun əvəzində prezident Vilson Ermənistanla münasibətləri rəsmiləşdirmək üçün Senata müraciət etmişdi... Azərbaycanın müstəqilliyi 1920-ci ilin yanvarında Qərb dövlətləri tərəfindən tanındı. Üç ay sonra isə müstəqilliyimizə son verildi. Onda da Qərb susdu. Sonrakı onilliklərdə olduğu kimi...

Bu gün Qərb İŞİD-in türkmən elini qan gölündə boğmasına laqeyd olduğu kimi, o zaman da Azərbaycan dövlətinin süquta yetirilməsinə, ardınca say-seçmə insanlarımızın qətlinə, sürgününə seyrçi qalmışdı. 20-30-cu illərdə də Azərbaycanda İŞİD-in missiyasını Sovet Ordusu yerinə yetirirdi. Qərb nə vaxt etiraz səsini qaldırdı, müstəqil bir dövlətin başına açılan oyunlara ciddi reaksiya verdi, Tofiq bəy?

***

ABŞ-ın ştatları bir-birinin ardınca "erməni soyqırımı" haqda saxta sənədi qəbul edirlər. Bilə-bilə ki, tarixdə belə bir hadisə baş verməyib. Bu, ədalətdirmi? Ortada bir fakt yoxdur, amma Fransa dövləti "soyqırım"ı inkar edənə ağır cəza qanunu qəbul edib, bu, normal ədalətdirmi? 22 il əvvəl dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımını tanımayan Qərb nədən erməni fitnəsinə uyur, bəlkə bundan danışaq...

Ermənilər tarixi Azərbaycan torpaqlarında dövlət qurub, üstəlik, Qarabağı da zəbt eləyib. Qərb işğalçını yerində oturtmaq əvəzinə hər il Ermənistana və Dağlıq Qarabağdakı terrorçu dəstələrə milyonlar ayırır. Bəlkə Qərbin ədaləti budur?! Yaxşı, söhbət humanitar yardımdan gedirsə, qoy Abxaziya, Cənubi Osetiyadakı separatçılara, Dnestryanıdakı "müstəqillik" aşiqlərinə, Ukraynadan qoparılan Krıma da ABŞ Konqresi pul ayırsın, niyə ayırmır? O zaman səfir Brayzadan bunu soruşmuşdum, vida tədbirindən sonra qulağıma "yaxşı sual idi" deyib gülmüşdü...

Necə olur ki, Avropa öz vətəndaşlarına Krıma getməyin yolverilməz olduğunu bəyan edir, ancaq Fransa Senatının deputatları cəmi iki gün əvvəl Xocalı aeroportuna təyyarə ilə enirlər? Günahsız cocuqlarımızın qanı ilə suvarılan torpaqda qurulan - Azərbaycan dövlətinin sərt etirazlarına baxmayaraq - qanunsuz hava limanına ayaq basan avropalının ədalətinə məni necə inandıra bilərsiniz?

Budur, ABŞ böyük sülh sazişi təklif edir. Azərbaycan haqsız olaraq müharibəyə cəlb olunub, 25 min şəhid verib, 1 milyon insanı yurdundan didərgin düşüb, indi ona deyirlər sən Dağlıq Qarabağın öz konstitusiyasını qəbul etmək üçün referendum keçirməsinə razılıq ver! Qoy Amerika bu təklifi Gürcüstan, Moldova, ya Ukraynadakı separatçılara da təqdim etsin, niyə etmir? Bəlkə müsəlmanıq, azərbaycanlıyıq, ona görə?

Özgə torpağında at oynadan işğalçıya dəstək verən, onu özü adı ilə çağırmayan, üstəlik təcavüzkarla təcavüzə məruz qalana eyni münasibət göstərən Qərbin mənim xalqıma səadət bəxş edəcəyinə inamım yoxdur. Dəniz suyunun şor olduğunu bilmək üçün hamısını içməyə ehtiyac ki, yoxdur. Azərbaycan öz torpaqlarını azad etmək üçün 1992-ci ildə uğurlu əməliyyatlar keçirdi. O zaman ABŞ-dan "907-ci düzəliş" adlı sanksiya cavabını aldıq. Üstündən on illər keçib, hələ də Domokl qılıncı başımızın üstündədir.

İndi məni kim inandıra bilər ki, demokratiya, insan hüquqları adı ilə Qərb burda Orta Şərqdə baş verənlərə bənzər bir situasiya yaratmayacaq.

***

Petrosyanın ürək tutmasından ölməsinə eyni vaxtda etiraz edib Bakıya nota verən ABŞ Dövlət Departamenti və Fransa XİN nədən Kəlbəcərdə öldürülən Həsənə, girov saxlanılan Dilqəm və Şahbaza görə erməniyə bir söz demir? 15 yaşlı azərbaycanlı balası Cavid neçə gündür erməni girovluğundadır, Qərb niyə susur, beynəlxalq konvensiyaları erməninin gözünə soxmur? Əvəzində NATO Azərbaycanla bərabər Ermənistanın da ərazi bütövlüyü ilə bağlı sənəd qəbul edir. Ermənistan nəinki Dağlıq Qarabağı, ətraf 7 rayonu, Naxçıvanın, Qazaxın kəndlərini də işğalda saxlayır, Qərb susursa, mən onu tənqid etməməliyəmmi, bəy..?

Kəsəsi, yerlə göy birləşsə də, Tofiq Yaqublunun uğrunda döyüşdüyü Qarabağı alver predmetinə çevirənlərin siyasətini qəbul edə bilmərəm!!! Məncə, elə siz də...