Gülşanə Mustafayeva Gülşanə Mustafayeva

Qocaman bir yalan

Gülşanə Mustafayeva

Qocaman bir yalan,
Ömrü az, yükü ağır olan yalan,
Başdan ayağa doğru bildiklərimiz, başdan ayağa yalan imiş
Bu yalan sayəsində böyüdük,
Bizi böyüdən bu yalan bütün vücudumuzu sızıldatdı.
Saçımızın dibindən, barmaqlarımıza, sədəfimizə kimi yandırdı-yaxdı
Açıq yaranın üstünə dərman töküləndə zoqquldayan kimi zoqquldatdı.
Yalana bütün varlığımız bulaşdı.
Ruh yoruldu, beyin dondu.
Bu yalan sayəsində nə fikirləşə, nə düşünə bildik ki, gerçəyi bilək.
Danışmaq istəyəndə susduq, əvəzində hayqırdıq
Heç cür yığıb-yığışdıra, nöqtəsini qoya bilmədik bu yalanın
Yalan sadəcə hərflərlə beynin bir köşəsində yazılıb,
Sözlərdən ibarət olmadı.
Məlhəmi olmayan xəstəlik kimi baş aldı, düşdü canımıza,
Canı bir yalan yandırdı.
Elə yandırdı ki, cəhənnəm odunu bilməyən biri o oddan bu yanğını betər bildi.
Başdan ayağa doğru bildiyimiz yalan ən şərəfli yalanam dedi,
Heç yalanın da şərəflisi olar?
Yox, sən indiyə kimi yaşanan yalanların ən şərfəsizisən


Qocaman bir yalan,
Başdan ayağa doğru bildiyimiz başdan ayağa yalandır
Sadəcə bir yalan yıxdı şirin xəyalları
Bu şirin xəyal gələcək idi,
Qurulacaq ev,
Geyiniləcək gəlinlik
Çalınacaq "Vağzalı", "Bəy havası" idi
Dünyaya gələcək oğlan uşağı,
Bir evin xatunu, ana olmaq idi
Biri, deyil, beşi deyil, hamısı yalan oldu.
Böyük yalanı nə ruh duydu, nə cism
Bu yalanın qoynunda ilanın qoynunda uyuyan kimi mışıl-mışıl uyuduq
Şirin yuxular gördük
Yuxu da yalan imiş
Yoluxucu xəstəlik kimi yapışdı bədənə
Ağ qara, qara ağ ləkəni tez götürən kimi
Bu yalandan sadəcə ürəyimizi qoruya bildik
Ürək bu yalana bulaşmadı,
Ağlınızdan, hissinizdən fərqli olaraq
Ürək bu yalan üçün döyünmədi.
Bir də bu yalandan xəbərsiz iki qız uşağı böyüyür.
Bu iki fidanın qocaman yalanın qurbanı olmamaq ehtimalı çox azdı
Bəlkə də bu yalanın bədəlini elə iki qız ödəyəcək.


Qocaman bir yalan sayəsində
Bir də ayağa qalxmayacağıq
Qalxsaq da, bir də həmişəki kimi olmayacaq.
Sevsən yenə həmişəki kimi sevməyəcəksən
Baxsam həmişəki kimi baxmayacaqsan
Yerisən əvvəlki kimi yeriməyəcəksən
Getdiyin dolama yollardan bir də keçməyəcəksiz
Çünki bu yalan bizi dəyişdi,
Böyütdü, gözümüzü açdı
Qəddi əydi,
Beli bükdü,
Gözün nurunu aldı,
Taqəti kəsdi,
Qanını bulandırdı,
Nəfəsini iyləndirdi və daha nələr, nələr...
Bu yalan, adamın içində nə nifrət yaradır, nə intiqam
Nə də ki, qisas almağı düşünür.
Bu yalan dünyanı qurmaq üçün vicdanlarından, kişiliklərindən keçdilər.
Dəfələrlə ölüb getmiş birinin sümüklərini sızıldatdılar
Yetər ki, gerçək olsun bu yalan,
Namus da, şərəf də, vicdan da, insanlıq da getsin
Qadınını iki quruşluq etsin.
Ananın qəbrinə dəfələrlə yalan and içilsin.
Təki bu yalan gerçək olsun
Təki yalanım ayaq tutub yerisin deyir


Qocaman bu yalan üçün kürəyimiz tir oyununa çevrildi.
Bir ox atdılar bəs deyil, ikisini atdılar bəs deyil,
Yenə, yenə dedilər
Atdıqları ox sayəsində kürəyimizi kirpi belinə bənzətdilər
Bir gün o oxların çıxıb özlərinə batdığı zaman isə,
Haqqın, ədalətin və Allahın böyüklüyünün bir daha şahidi olacağıq.
Heç vaxt sağalmayan bu yalan ayrılığı, itkini, nisgili fikirləşdirmədi.
Əksinə, bu yalan hələ bir yerdə yaşlanacağıq vədini verdi.
Qaysaq bağlanmayan bu yalan nə yerə sığır, nə göyə.
Bu yalan sayəsində aldanmaq necə olur bunu gördük.
Amma necə aldatmağı bilmədik


Qocaman bir yalan. O yalan ki, Başdan ayağa doğru bildiyimiz, başdan ayağa yalandır.
Bu yalana bulaşan isə sadə, saf dünyası olan bir mələkdir
Bəlkə də çox ağ olduğu üçün çirklənib.
Nə qədər yazsaq da yalan bitməyəcək.
Bu yalanı yaza-yaza, oxuya-oxuya kim bilir, nə qədər yalanlar ayaq tutub qısa da olsa yeriməyə başlayacaq. Getdiyi yolda sağalmaz izlər buraxacaq.
Mənim yazdığım yalan da nə bitəsi, nə anladılasıdır


Qocaman bir yalan,
Başdan ayağa doğru bildiyimiz
Başdan ayağa yalan olan bir yalan uydurdu.

kulis.az