“Bakıda qonşumuz olmuş erməni qız Stokholmda qarşımıza çıxdı” “Bakıda qonşumuz olmuş erməni qız Stokholmda qarşımıza çıxdı”

“Həyat yoldaşım elmi işimi müdafiə etməyə icazə vermədi” - Hadı Rəcəblinin xanımı

“Bakıda qonşumuz olmuş erməni qız Stokholmda qarşımıza çıxdı”

"Bəlkə pedaqoji ixtisaslarda kişilər üçün keçid balını aşağı salaq?

Artıq neçə ildir sentyabrın 15-i Azərbaycanda Bilik günü kimi qeyd olunur. Həmin gün ilk dəfə məktəb həyatına qədəm qoyanların üzündə qəribə həyəcan olur. Birinci sinfə gələnlərin əksəriyyəti ilk anlar ibtidai sinif müəllimlərini özlərinə yad insan hesab edirlər. Lakin bir müddətdən sonra hər şey dəyişir. Bəziləri valideynlərinin əlindən ağlaya-ağlaya tutub məktəbə gələnləri bir aydan sonra tanıya bilmir. Məktəb həyatı şirinləşir və müəllimlər şagirdlər üçün ən əziz insana çevrilirlər.

Modern.az saytı sentyabrın 15-nin Bilik günü olduğunu nəzərə alaraq, ömrünün 50 ilini pedaqoji fəaliyyətə həsr etmiş Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin həyat yoldaşı Mehriban xanımla söhbət edib.



Uşaqlıq illərinin xatirələri

Mehriban xanım deyir ki, orta məktəbə getməzdən öncə oyuncaqlarla oynayanda belə, özünü müəllimə kimi hiss edib: "Məndə müəllimlik peşəsinə həvəs lap uşaq yaşlarımdan formalaşıb. Atamın dayısı oğlu Rüstəm Bəylərov keçən əsrin 30-cu illərinin sonunda Azərbaycan Pedoqoji İnstitutunu bitirmişdi. İlk ali təhsilli müəllim idi. Bizim böyük nəslimizin bütün uşaqları, cavanları ona oxşamaq istəyirdilər. Uşaq olanda məktəb-müəllim-şagird oyunu oynayardıq. Nədənsə hər zaman yoldaşlarımla elə rəftar etmişəm ki, sanki onlar şagird mən də müəlliməm. Arzum məktəb illərində daha açıq şəkildə özünü göstərdi. O zamanlar Sabir adına Pedaqoji Texnikum var idi. İndi kollec kimi fəaliyyət göstərir. Bu texnikum da müəllim hazırlayırdı. O qədər tələsirdim ki, hətta orta məktəbi bitirməyib, 1964-cü ildə 8-ci sinifdən sonra həmin texnikuma oxumağa getdim. Beləliklə, həmin dövrdən başlayaraq müəllimlik peşəsini daha dərindən öyrənməyə başladım və bu ali, müqəddəs sənətə bir az da çox bağlandım".

Diribaş qızın ilk uğurları

Mehriban müəllimə deyir ki, texnikuma daxil olduğu ilk günlərdən fəallığı diqqətdən yayınmayıb: "Təhsilə, elmə olan marağımı, liderlik keyfiyyətlərimi nəzərə alıb, sinif nümayəndəsi seçdilər. Məktəbi yüksək qiymətlərlə bitirdim, çalışqanlığımı görüb məni texnikumda laborant saxladılar. Texnikumun direktoru Emma Musayeva hətta arada, auditoriyaya girib onun fənnini tədris eləməyi belə, mənə həvalə edirdi. Sonra məni çox məsul bir işə - qəbul komissiyasına üzv seçdilər. Dediklərinə görə orda da işi çox yaxşı aparırmışam. O biri ilin sentyabr ayında məni artıq məktəb azad komsomol komitəsinin katibi seçdilər. Müəllim işlədiyim, komsomol rəhbəri olduğum dövrlərdə uşaqların asudə vaxtlarını daha gözəl və səmərəli keçirmək üçün çoxlu tədbirlər təşkil edirdim. Özümüzlə azuqə götürüb Quba meşələrinə yollanır, bir neçə gün orada qalırdıq. Vaxtımızı viktorinalarla o qədər rəngarəng keçirirdik ki, bu anlar yaddaşımıza ömürlük həkk olunurdu. Həftənin şənbə, bazar günləri, yay tətilləri, bayram günlərində uşaqlar üçün xüsusi gəzintilər təşkil edirdim".

Onu da deyək ki, Mehriban xanım müəllimlik peşəsinə dərindən can yandırdığından, bu peşəyə olan həvəs onu ali məktəbə daxil olmağa ruhlandırır. Sabir adına Pedaqoji Texnikumu bitirdikdən sonra elə həmən il Bakı Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olur.

Sevgiyə qurban verilən elmi iş

Mehriban xanım həmişə "ailə müqəddəsdir" deyib və həyat yoldaşına olan sevgisini digər məsələlərdən hər zaman üstün tutub. Elə elmi iş məsələsində bunu aydın hiss etmək olar. Komsomol katibi olan, texnikumda dərs deyən Mehriban xanım pedaqogika ilə bağlı elmi işini yekunlaşdırmaq üzrə ikən, Lənkəran rayon komsomolunun ikinci katibi işləyən Hadi müəllim bu arıq, nərmənazik qıza məhəbbət elan edib və onunla ailə qurub:

"Mən pedaqoji fəaliyyətimə ara vermədim. Lənkəran şəhər 2 nömrəli orta məktəbdə müəllim işləmişəm. Həyat yoldaşımı Bakıya irəli çəkəndə isə iki il yenidən doğma Pedaqoji Texnikumda müəllim işlədim. Sonra yoldaşımın yeni təyinatı ilə bağlı Şəki şəhərinə getməli olduq. Orada Şəki texnikumunda 5 il müəllim işlədim. Bakıya qayıtdıq, yenə doğma, əziz məktəbimdə tədris üzrə direktor müavini işlədim. Hazırda isə Sabir adına kollecdə yenə müəllimə işləyirəm. Xoşbəxtlikdən ailə qurduğum mühitdə də müəllimlər var idi. Qaynanam da müəllimə idi. Hətta kiçik baldızlarım mənə baxıb müəllimlik peşəsinə yiyələniblər. Onların qızları da, gəlinlərimiz də müəllimədirlər. Bizim ailədə elmə prioritet münasibət olub. Düşünürəm ki, müəllim hər bir uşaqda elmə, təhsilə maraq oyatmalıdır. Təhsilə, elmə hər zaman can atmışam. Şəkidə pedaqoji fəaliyyətlə məşğul olanda artıq elmi işim tam hazır idi. O vaxtlar Elmlər Akademiyasının prezidenti Eldar Salayev Şəkiyə gəlmişdi. Bu haqda eşidən kimi birmənalı dedi ki pedaqogika sahəsində elmi iş çox az yazılıb, gəl elmi işini müdafiə et, akademiyada qal, işlə. Amma həyat yoldaşım burda da işimə müdaxilə etdi (gülür), müdafiə etməyə icazə vermədi. Hətta Eldar Salayevin "Qardaş sən nə mühafizəkar adamsan, niyə qoymursan, bu xanım elmi işini davam etsin" sualına Hadi müəllim belə cavab vermişdi: "Məni düzgün başa düşməzlər. Deyərlər ki, katibin arvadı gedib elmlər namizədi oldu"".

Stokholmda həkim axtarıb qonşusunu tapdı

Mehriban xanım müəlliməlik fəaliyyəti ilə bağlı çoxlu maraqlı əhvalatlar danışır. Dərs dediyi uşaqların, tələbələrin taleyi həmişə onu sevindirib, qürurlandırıb: "2003-cü il sentyabr ayının ortalarında Hadi müəllim, Stokholm şəhərinə getməli idi. Orada vacib bir beynəlxalq tədbirdə ölkəni təmsil etməli idi. Hətta çox vacib mövzuda çıxışı da nəzərdə tutulmuşdu. Amma avtomobil qəzasında əli sındığından çox ağır vəziyyətdə idi. Yerindən tərpənə bilmirdi. Hətta ağır əməliyyatdan sonra qoluna Yelizarov aparatı bağlamışdılar.

Yuxarıdan göstəriş gəldi ki, Milli Məclisin komitə sədri Stokholma mütləq getməlidir. Məsələ prezident səviyyəsinə qədər qalxmışdı. Mənim müşayiətimlə birtəhər Stokholma getməli olduq. Çünki bu vəziyyətdə o heç vaxt tək gedə bilməzdi. Həmin gün narkozun və ağır əməliyyatın fəsadları özünü göstərdi. Ona təcili həkim lazım oldu. Biz rus dilini bilən həkim axtarmalı olduq. Çox çətinliklə bu şəhərdə belə bir həkim tapıldı və biz həmin ünvana tərcüməçi ilə birgə getdik. Qərib ölkədə, böyük bir şəhərdə çoxmərtəbəli binadakı mənzillərindən birinin kandarından içəri girən kimi orta yaşlı, qarayanız bir qız rusca "siz Mehriban xanım deyilsiz" deyə soruşdu. Təəccüblü vəziyyətdə dedim: "Bəli, mən Mehriban xanımam, bəs siz kimsiniz, məni haradan tanıyırsınız?".
Həkim əvvəlcə xəstə ilə maraqlandı, dərman yazdı, tövsiyələrini verdi. Bir stəkan çay təklif edib, asta-asta sözünə davam etdi: "Biz qonşu olmuşuq, siz 7-ci sinifdə oxuyanda mən 5-ci sinifdə oxuyurdum. Siz bizə pioner drujinasının rəhbəri kimi müəllimlik edirdiniz". Sən demə, bu qız da Bakıdan Stokholma köçən bizim məhləmizdə yaşayan ermənilərdən imiş".

Başqa bir əhvalat

Həyat yoldaşı ilə Özbəkistana ezamiyyətə gedən Mehriban xanım xoş bir sürprizlə üzləşir. Daşkəndin məşhur "Bahar" restoranında onun şərəfinə şam yeməyi təşkil olunur. Hamını şübhədə saxlayan bu tədbiri onun gözləmədiyi səfirliyin ikinci katibi, tələbəsi Surxay Əliyev təşkil edibmiş. Sən demə, Mehriban xanımın ad gününü tələbəsi Surxay unutmayıbmış.



Kişi müəllimlərlə bağlı özəl təkliflər

"Öncə onu deyim ki, dil bilmək, texniki innovasiya texnologiyalarına yiyələnmək vacib şərtləndəndir. Müəllim təlim və tərbiyənin vəhdətinə nail olmalıdır. Bütün uğurların əsası bilik, sağlamlıq və mənəvi saflıqdır. Azərbaycanda 90-cı illərin əvvələrində rus dilinə bir az ögey münasibət sərgiləndi. Hətta, bəzi ailələrdə rus dilinin öyrənilməsinə əngəl oldular. Amma bu doğru yanaşma deyildi. Hər bir uşağın kiçik yaşlarından müxtəlif dilləri öyrənməsinə şərait yaratmaq lazımdır. Həmin dilləri tədris edən müəllimlər də auditoriyaya daxil olanda həmin dildə danışmalıdırlar. 50 ildən çoxdur pedaqoji fəaliyyətlə məşğulam. İndi də dərs başlayanda uşaqlarla rus dilində danışıram. Bu o demək deyil ki, Azərbaycan dilini bilmirəm. Təbii ki, Azərbaycan dilini də mükəmməl bilirəm.

Digər məsələ, orta məktəblərdə kişi müəllimlərin sayı azalıb. Bu, da çox ağır məsələdir. Təsəvvür edin, oğlan uşağı ailədə bütün günü ananın qayğısı ilə əhatə olunur. Bağçaya gedir, yenə qadın tərbiyəçinin diqqətində olur. Daha sonra 11 illik orta məktəb həyatı başlayır və burda da dərslərin əksəriyyətini qadın müəllimlər icra edir. Biz cəmiyyətimizdə güclü əsgər, güclü kişi yetişdirmək istəyiriksə, orta məktəblərdə kişi müəllimlərin sayını artırmalıyıq. Hər anın öz tələbləri var. Bəlkə, belə bir təklif irəli sürək: Kişi müəllimlərin tədris yükünü artırıb onların maaşını yüksəldək? Eyni zamanda, universitetə qəbul zamanı pedaqoji ixtisaslarda kişilər üçün keçid balını aşağı salaq? Hansısa imtiyazlar verək? Düşünürəm ki, bu çox aktual məsələdir. Mən inamlı adamam. Hacıxanımam. Xalqımızın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşıram, onları yaşadıram, həm də təbliğ edirəm. Müəllim olmaq şərəflidir".

AzNews.az