Başı kəsilən jurnalistin ailəsini hədələdilər

ABŞ hakimiyyəti İraqda İŞİD terrorçuları tərəfindən edam edilmiş Ceyms Foulinin valideynləri və qardaşını onlar barəsində cinayət işinin açılması ilə hədələyib.

ANS PRESS-in məlumatına görə, bu barədə Ceyms Foulinin valideynləri açıqlama verib.

Jurnalistin valideynləri bildirir ki, ABŞ Dövlət Departamenti hədələyib ki, əgər Foulinin meyitinin qaytarılması üçün özbaşına pul yığsalar cinayət işi açılacaq.

Jurnalistin qardaşı Maykl Fouli isə bildirib ki, təhdidlərə heç bir əhəmiyyət vermir.

Qeyd edək ki, ABŞ hakimiyyəti bəyan edib ki, terrorçularla heç bir danışıqlara getməyəcək və onların tələb etdiyi məbləği ödəməyəcək.

Dövlət departamentinin nümayəndəsi Mari Harf da məsələ ilə bağlı açıqlama verib. O, bildirib ki, təmsil etdiyi qurum Foulinin ailəsini hədələməyib.

"Belə dəhşətli vəziyyətdə ailələrə kömək etmək bizim işimizin bir hissəsidir. Bu halda biz ABŞ qanunlarını nəzərə alırıq və onlara görə hərəkət edirik", deyə Harf bildirib.

Qeyd edək ki, jurnalist Ceyms Fouli 2012-ci ilin noyabrında Suriyaya gedib. Avqustun 19-da Foulinin edamının videosu yayılıb.

AzNews.az