“...azərbaycanlılar və ermənilər sülh şəraitində yaşayacaq“- Tale Heydərov

Bu gün Londondakı "OXO Tower"də yerləşən "Gallery OXO"da Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə fotojurnalist Ed Kaşinin "Həyata keçməyən arzular" adlı sərgisi açılıb.

APA-nın xəbərinə görə, aprelin 13-nə qədər davam edəcək sərginin açılış mərasimində 150 nəfər qonaq, o cümlədən tanınmış fotojurnalistlər, diplomatlar və yerli media iştirak edib.

Ed Kaşi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində fəlakətlə üzləşmiş azərbaycanlı məcburi köçkünlər və qaçqınların həyatını çəkib. O, Azərbaycandakı 4 qaçqın düşərgəsində olub, orda məskunlaşmış qaçqın və məcburi köçkünlərin gündəlik həyatını əks etdirən fotolar çəkib.

Açılış mərasimindən çıxış edən ACC sədri Tale Heydərov bildirib ki, son zamanlar çox az jurnalist Azərbaycan ərazisində olan qaçqın və məcburi köçkün düşərgələrinə səfər edib: "1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsinin hələ "qaynar" olduğu dövrdə yeni yaranmış münaqişə bölgələri medianın gündəmini zəbt etmişdi. Lakin daha sonralar bu məsələ dünya ictimaiyyətinin diqqətindən müəyyən qədər kənarda qaldı. Sərgidə nümayiş olunan fotolar azərbaycanlı məcburi köçkünlərin gündəlik həyat tərzini göstərir. Bu şəkillər onlarla bağlı reallığı tam əks etdirir. Ermənistanın apardığı işğalçı siyasət nəticəsində öz yurd-yuvasından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin məsələsi daim dünya ictimaiyyətinin də diqqətində olmalıdır".

T. Heydərov bildirib ki, sərginin əsas məqsədi münaqişənin hələ də həll olunmadığını diqqətə çatdırmaqdır: " Azərbaycan dövləti daim qaçqın və məcburi köçkünlərin problemlərini diqqətdə saxlayır, onların həyat şəraitini yaxşılaşdırır. Ötən 10 il ərzində qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün evlər və infrastrukturun inşasına 3.3 milyard funt sterlinq vəsait sərf olunub, onlar üçün normal həyat şərtləri təmin edilib. Halbuki onlar öz doğma torpaqlarından didərgin salındıqları zamanlar ilk vaxtlarda -10-40 dərəcə şaxtada çadırlarda, vaqonlarda dözülməz şəraitdə yaşayırdılar".

T. Heydərov qeyd edib ki, jurnalistlər azərbaycanlı qaçqın və məcburi köçkünlərlə görüşsələr, özləri də onların şəraitlərinin necə yaxşılaşdırıldığının şahidi olacaqlar: "Lakin yaşayış normaları nə qədər yaxşılaşdırılsa da, insanın öz doğma yurd-yuvasını heç nə əvəz etmir. Münaqişənin başlanmasından 20 ildən çox vaxt keçib, məcburi köçkünlərin çoxu öz doğma yurd-yuvalarını təkrar görə bilmədən dünyadan köçüblər. Yeni nəsillər qaçqın şəhərciklərində dünyaya göz açırlar. Biz Ed Kaşıya ona görə minnətdarıq ki, bu cür fotoreportyorlar yurdundan didərgin düşmüş insanların səsinin Qərbdə eşidilməsinə yardım edirlər".

AAC sədri deyib ki, Azərbaycanda millətlərarası ayri-seçkilik məsələsi yoxdur: "Bütün insanlar eynidir və hər bir insan hörmətə layiqdir. Biz də Avropa Azərbaycan Cəmiyyəti olaraq, öz yurdundan didərgin salınmış insanlara qarşı ədalətin təmin olunması üçün çalışırıq. Ümidvaram ki, bir gün azərbaycanlılar və ermənilər sülh şəraitində yaşayacaqlar, qaçqın və məcburi köçkünlər öz doğma yurd-yuvalarına qayıdacaqlar. Biz də Ed Kaşini onların öz doğma yurdlarına qayıdışını lentə almaq üçün dəvət edəcəyik".

Fotoqraf Ed Kaşi gördüyü hər şeyi maksimum canlı və reallıqları əks etdirəcək tərzdə çəkməyə çalışdığını deyib: "Mən 2013-cü ilin iyun ayına kimi Azərbaycana səfər etməmişdim. Bakının inkişafı, gözəlliyi məni heyran etdi. Daha sonra qaçqın və məcburi köçkünlər üçün salınan şəhərcikləri görmək üçün Azərbaycanın qərb hissəsinə səfər etdim. Ordakı insanların yaşantıları məni məyus etdi. Nəmişlik şəraitində yaşadıqlarına görə artritdən əziyyət çəkən yaşlı insanlarla söhbət etdim, onların hamısı öz doğma evlərinə qayıtmağı arzu etdiklərini bildirdilər. Mən Dağlıq Qarabağda olmamışam, lakin oraların çox gözəl yerlər olduğunu dəfələrlə eşitmişəm. Onların yeni nəsilləri qaçın şəhərciyində dünyaya gəlir. Bu uşaqlar məsumdular, onlar bu münaqişədən əziyyət çəkirlər. Mən onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin gördüyü işləri qeyd etmək istəyirəm. Tam təsadüfən məktəbi bitirmələrini qeyd edən məktəbliləri gördüm, onlar özlərini qaçqın və məcburi köçkün kimi aparmırdılar, onların gələcəyə ümidləri vardı. Biz hamımız onların öz doğma yurdlarına qayıtmasını səbirsizliklə gözləyirik".

Qeyd edək ki, fotojurnalist Ed Kaşi Nyu Yorkda "National Geographic", "Newsweek", "Time" və "The New York Times" üçün işləyib. O, dünyanın məşhur fotojurnalistlərindəndir. "VII Photo" təşkilatının həmtəsisçisi olan Ed Kaşi münaqişə və aclıq bölgələrində çəkdiyi fotolarla məşhurdur.

AzNews.az