Mustafa Mərdanovun yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib

Aprelin 11-də Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli teatr və kino aktyoru, xalq artisti Mustafa Mərdanovun anadan olmasının 120 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçirilib.

AzNews.az - ın xəbərinə görə teatrın mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, tədbirdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov və digər mədəniyyət xadimləri iştirak edib.

Ə.Vəliyev M.Mərdanovun keçdiyi həyat yoluna nəzər salıb, onun Azərbaycan teatrı və kinosundakı xidmətlərindən söz açıb. Nazir müavini bildirib ki, malik olduğu yüksək aktyorluq texnikası, obrazı özününküləşdirmək bacarığı Mustafa Mərdanovu tamaşaçılara sevdirib.

Teatr Xadimləri İttifaqının sədri, xalq artisti A.Nemətov çıxışında qeyd edib ki, M.Mərdanovun Azərbaycan teatr sənətində unudulmaz yeri var: "Artıq uzun illərdir aramızda olmamasına baxmayaraq, sənətkarın Azərbaycan xalqı üçün qoyub getdiyi zəngin mədəni irs onun xatirəsini əbədi olaraq yaşatmaqdadır".

Yubiley gecəsində aktyorun teatr və kino fəaliyyətini əks etdirən videoçarx, onun iştirak etdiyi tamaşalardan və filmlərdən parçalar nümayiş olunub.

AzNews.az