Dini komitə yeni qaydalar tətbiq edəcək

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yeni yoxlama qaydaları tətbiq edəcək. Dini qurumlarda keçiriləcək yoxlama tədbirlərinin məqsədi dini icmaların fəaliyyətinin qanunauyğunluğunu təmin etmək, icmalara hüquqi yardım göstərməkdir. Bu barədə Trend-in rəsmi sorğusuna cavab olaraq DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, "Dini etiqad azadlığı haqqında" qanunun və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinin müvafiq tələblərinə uyğun olaraq, ölkədə dini durumun tənzimlənməsi, həmçinin dini qurumların fəaliyyətinə nəzarət funksiyasının həyata keçirilməsi məqsədilə Dövlət Komitəsində "Dini qurumlarda nəzarət tədbirlərinin həyata keçirilməsi Qaydaları" hazırlanıb. Qaydalar dini qurumlarda 2 növ nəzarət tədbirinin - yoxlama və baxışların həyata keçirilməsini daha dəqiq tənzimləyəcək.

Yeni qaydalara uyğun aparılacaq yoxlamalarda dini icmaların fəaliyyətinin qanunvericiliyə və öz nizamnamələrinə uyğun həyata keçirilməsi, qeyri-qanuni nəşr olunmuş və ya zərərli dini ədəbiyyatdan istifadə edilməsi, dini qurumda aparılan təbliğatda dini nifrət və ya ayrı-seçkilik hallarına yol verilib-verilməməsi əsas diqqət mərkəzində olacaqdır. Yoxlamaların nəticələrinə əsasən dini qurumlara hüquqi yardım qaydasında fəaliyyətlərinin qanunauyğun formaya salınması ilə bağlı tövsiyələr veriləcəkdir. Eyni zamanda, əgər ciddi qanun pozuntuları aşkarlansa, inzibati və prosesual qaydada zəruri tədbirlər həyata keçiriləcək.

Dövlət Komitəsindən verilən məlumata görə, vaxtaşırı keçirilməsi nəzərdə tutulan nəzarət tədbirləri subyektivliyə yol verilməməsi üçün konkret istiqamətlər üzrə aparılacaq, həmin tədbirlərə zərurət yarandıqda, müvafiq dini mərkəzin nümayəndələri və digər mütəxəssislər cəlb ediləcək, hər bir tədbirin nəticələri aktlaşdırılacaq.
DQİDK-nın bir qrup işçisinin hal-hazırda yeni yoxlama qaydalarının tətbiqi ilə bağlı müvafiq hazırlıq-treninq keçdikləri də qeyd edilir.
Dövlət Komitəsinin açıqlamasında bildirilir ki, bu əlavə addımlar dövlət-din münasibətlərinin möhkəmləndirilməsinə, dini etiqad azadlığının və dini tolerantlığın daha yüksək səviyyədə təmin edilməsinə və dini zəmində mənfi təzahürlərin qarşısının alınmasına xidmət edəcəkdir.

Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" qanuna və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Əsasnaməsinə uyğun olaraq, Dövlət Komitəsi dini qurumların fəaliyyətinə nəzarət etmək hüququna malikdir. Lakin Dövlət Komitəsi qeyd olunan hüquqa malik olsa da, indiyədək dini qurumların fəaliyyətinə nəzarəti həyata keçirə biləcək hüquqi mexanizm mövcud olmayıb.

AzNews.az