“Artıq yol polisi sürücüləri saxlaya bilməyəcək”

"İnzibati xətalar məcəlləsinə edilən dəyişiklik yol polisinin funksiyalarını azaldır".

AzNews.az - ın xəbərinə görə bunu APA TV-də efirə gedən "Sosium" verilişinin qonağı yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov deyib.

Mütəxəssis hesab edir ki, qanundakı yeniliklər Baş Dövlət Yol Polis İdarəsinin mahiyyətinin dəyişdirilməsini nəzərdə tutur. Yeni qanunla radar və kameralar vasitəsilə aşkar edilən qanun pozuntularına görə sürücülərin DYP-yə çağırılması, hətta yol polisinin avtomobili dayandıraraq bu cür xətalar barədə protokol tərtib etməsi qadağandır: "Bu o deməkdir ki, artıq sürücülərə yol polisindən zəng etməyəcəklər. Bundan əlavə, artıq kamera olan yerdə yol polisinin sürücünü saxlamasına ixtiyarı çatmır. Əgər bir sürücü işıqforun qırmızı işığından keçirsə, bu zaman polis onu saxlamamalıdır,onsuz da kamera çəkib və müvafiq protokol yazılacaq".

Məcəlləyə ən mühüm dəyişikliklərdən biri də gecikmiş cərimələrlə bağlıdır. Qonaq gecikmiş cərimələrin ödənilməsinə də aydınlıq gətirib: "İndi cərimənin ödənilməsi üçün əvvəlki kimi 3 ay yox, 2 ay vaxt veriləcək. Bu qanun 4 mart 2014-cü il tarixli fərmanla qüvvəyə minirdi. Əvvəlki qanuna görə, sürücünün ödənilməyən cəriməsinin üstünə 180 %-ə qədər əlavə gələ bilərdi. Bu qanuna görə, həmin məbləğ 120 % arta bilər. Ümumiyyətlə, bu sistemin, yəni məsuliyyətə cəlbetmə mexanizminin özü yenilənir. Amma hələ görüləcək işlər çoxdur. Problemlər ortaya çıxacaq. Bunun üçün xarici təcrübədən istifadə edilməlidir".

Ərşad Hüseynov yol polisinin gizli radarlardan istifadə etməsinə də münasibət bildirib: "Yol polisinin gizli radarlardan istifadə etmək hüququ var. Yollarda təhülükəsizliyi qorumaq üçün bu radarların rolu istisna olunmur. Artıq hər bir sürücü bilməlidir ki, istənilən yol nişanı qaydasını pozmağa görə elektron protokol tərtib olunacaq. Kameralar vasitəsi ilə sürət həddini aşmaqdan tutmuş motosiklet sürərkən qoruyucu kaskadan istifadə etməməyə qədər kiçik qayda pozuntularına görə də protokol tərtib olunub, sms-lə sürücülərə göndəriləcək. Lakin qeyd etmək lazımdır ki, bura ehtiyat kəmərin taxılması daxil deyil.Yəqin ki, bunun da səbəbi kameralarda bəzən görüntülərin dəqiq olmaması ilə bağlıdır".

Yeni qaydalara görə, yol hərəkətinə nəzarət edən qurğuların, yəni radar və kameraların "ASAN xidmət"in informasiya sistemi ilə əlaqələndirilməsi ən diqqətçəkən bir haldır. Ərşad Hüseynovun fikirincə, bu sistem şəffaflığı təmin edə bilər: " Qeyd etdiyim kimi, prezidentin "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" fərmanı bir növ Baş Dövlət Yol Polis İdarəsinin mahiyyətinin dəyişdirilməsi nəzərdə tutur. Bu isə həmin idarənin "ASAN xidmət"lə əlaqələndirilməsi şəklində ola bilər. Düzdür, yenə də video, foto və kameralara baxaraq qayda pozuntusunu müəyyən edib, cərimə haqda bildirişi vətəndaşa mesajla göndərən DYP-nin əməkdaşıdır. Amma bu, tamamilə yeni bir iş sistemi olacaq. Sadəcə, qanunla sürücü və yol polisi arasında ünsiyyət azalır".

Yeni qanuna görə, mərkəzi inteqrasiya sistemində qeydiyyatdan keçməmiş radarların informasiyası yararsızdır. Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert hesab edir ki, bütün hallarda sürücülərin cərimələnməsi dəlil, sübut əsasında aparılmalıdır.

Ekspert bəzən magistral yollarda iki radarın göstəricisinə əsasən onlar arasında sürətin müəyyənləşdirilməsini qeyri-qanuni hesab edir: "Azərbaycanda iki radar arasında sürət həddinin ölçülməsi və cəza müəyyənləşdirilməsi qeyri-qanunidir. Çünki qanunvericilikdə belə bir maddə yoxdur".

AzNews.az