İlham Əliyev ATƏT PA prezidentini qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ranko Krivokapiç ATƏT Parlament Assambleyasının son dövrdəki fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verib.

ATƏT Parlament Assambleyasının illik sessiyasının Azərbaycanda keçirilməsinin əhəmiyyətini vurğulayan qonaq bunu əməkdaşlığımızın yeni mərhələsi kimi dəyərləndirib. Ranko Krivokapiç ATƏT-in Azərbaycan ilə əməkdaşlığı müxtəlif istiqamətlərdə inkişaf etdirməkdə maraqlı olduğunu deyib.

Dövlət başçısı ATƏT-in Bakı ofisinin yeni statusda fəaliyyətə başlamasının əməkdaşlığımızın genişləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Regiondakı vəziyyətə toxunan Prezident İlham Əliyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində ölkəmizin ərazi bütövlüyünün pozulduğunu və bununla bağlı Azərbaycanın ikili standartlarla üzləşdiyini təəssüflə qeyd edib.

Görüşdə beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzNews.az