ATƏT PA-nın prezidentinə mövqeyimiz çatdırıldı– Açıqlama

"Ranko Krivokapiçinlə görüşdə daha çox diqqət yetirilən məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olub".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclis sədrinin müavini, ATƏT-in Parlament Assambleyasındakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib. O, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin Azərbaycana rəsmi səfərindən də danışıb: "Onun ölkəmizə səfəri ATƏT PA-nın prezidenti və Monteneqra parlamentinin sədri kimi reallaşıb. Görüşlərdə Azərbaycan ATƏT və Monteneqra münasibətləri, perespektlər və qarşıda duran vəzifələr haqqında fikir mübadiləsi aparılıb. Səfərdə əsas diqqət Bakıda keçiriləcək ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasına yönəlib. Əlbəttə, münasibətlərin daim inkişafda olması üçün səylərin artırılması və ATƏT-in bir təşkilat olaraq bu çağırışlara cavab verən qrup halına gətirilməsi istiqamətində fikirlər bölüşdürülüb".

Milli Məclis sədrinin müavini vurğulayıb ki, danışıqlar prossesində ATƏT-in Minsk Qrupunun səylərinin artırılması məsələsi davamlı olaraq qeyd olunub: "Hesab edirəm ki, ATƏT Parlament Assambleyasının prezidentinin ölkəmizə səfəri faydalı münasibətlərimizi yeni dövrün tələblərinə uyğun istiqamətə yönəltməkdə öz töhfəsini verəcək".

Amid
AzNews.az