Keçəçioğlu Məhəmmədin yubileyi keçiriləcək

Azərbaycan Prezidenti İlham Əliyev Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, 2014-cü ildə Azərbaycan xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin (Məhəmməd Məşədi Xəlil oğlunun) anadan olmasının 150 illiyi tamam olur.

Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında mühüm yer tutan Keçəçioğlu Məhəmməd milli musiqinin qədim tarixi köklərə malik zəngin ənənələrini layiqincə yaşatmış, xüsusən klassik muğamların bənzərsiz və unudulmaz ifaçısı kimi Azərbaycanın çoxəsrlik mədəniyyəti xəzinəsinə qiymətli töhfələr vermişdir.

Prezident xanəndəlik sənətinin görkəmli nümayəndəsi Keçəçioğlu Məhəmmədin milli musiqi mədəniyyətinin inkişafında müstəsna xidmətlərini nəzərə alaraq qərara alıb ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Konservatoriyasının təkliflərini nəzərə almaqla, ustad sənətkar Keçəçioğlu Məhəmmədin 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

AzNews.az