“10 LZ 100”ün sahibi Facebook səhifəsini bağladı- FOTO

Bir neçə gündür Azərbaycan mətbuatında nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, Milli Məclisin deputatı Elton Məmmədovun oğlunun paytaxtın Zığ-Hava limanı şosesində sürət yarışına çıxması ilə bağlı yayılan xəbərlər müzakirə olunur. Elton Məmmədovun bu xəbərləri "böhtan" adlandıraraq avtomobilin oğluna məxsus olmadığını deyib. Bir qədər sonra isə avtomobilin əsl sahibi üzə çıxıb. Avtomobilin E. Məmmədovun oğlu Aynar Məmmədovun dostu, Nəqliyyat Nazirliyinin balansında olan "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətində (ASC) çalışan Zaur Bağırov adlı şəxsə məxsus olduğu bəlli olub.

Daha sonra Zaur Bağırovun "Facebook" səhifəsi və onun avtomobili ilə çəkdirdiyi fotolar mediada yayımlanıb. Bu gün isə bəlli olub ki, Zaur Bağırov "Facebook"dakı səhfəsini bağlayıb.(https://www.facebook.com/Zaurbagiroff)

Qeyd edək ki, bu məlumat və videonu yayan "virtualaz.org" xəbər saytının rəhbəri Eynulla Fətullayev mediaya açıqlamasında deputata ismarış göndərib və ondan sübut istəyib: "DYP-nin kartotekasında yer alan məlumatlarda göstərilib ki, "10 LZ 100" dövlət nömrə nişanlı avtomobilinin sahibi Məmmədov Aynar Elton oğludur. Üstəlik "10 LR 100" dövlət nömrə nişanlı avtomobillər də Məmmədov Aynar Elton oğlunun adına qeydiyyatdan keçib. Ona görə də mən deputat Elton Məmmədova müraciət edərək deyirəm ki, maşınların oğluna aid olmadığına belə əmindirsə, gəlsin birlikdə DYP-yə gedək və məsələni araşdıraq. Əgər maşınlar doğrudan da onun oğlunun adına deyilsə, o zaman mən jurnalistikadan gedəcəyimi elan edirəm. Əgər maşınların E. Məmmədovun oğlunun adına olduğu təsdiqlənərsə, bu zaman o, deputat mandatını təhvil verməlidir. Çünki millət vəkili xalqa yalan danışmaz". Elton Məmmədov isə AzNews.az-a açıqlamasında oğlu barədə yazılanları yalan, böhtan və şantaj adlandırıb. Millət vəkili bildirib ki, oğlu nəinki sürət yarışına çıxıb, hətta yayılan xəbərdə göstərilən "10 LZ 100" dövlət nömrə nişanlı markalı avtomobilə də sahib deyil. E. Məmmədov vurğulayıb ki, artıq "10 LZ 100" dövlət nömrə nişanlı "Nissan Skyline GT-R35" markalı avtomobilin kimə məxsus olduğunu bilir: "Bu maşını idarə edən gəncin atası mənimlə əlaqə saxlayıb. O dedi ki, razı olmaram, bizim uşağımıza görə sizin övladınızın adı mətbuatda "avtoş" kimi hallansın və sözü gedən maşının texniki pasportunu KİV-lərdə dərc etmək üçün mənə göndərdi. Mən də sizin vasitənizlə həmin avtomobilin dövlət sənədinin kimə məxsus olduğunu təsdiq edən texniki pasportu nümayiş etdirirəm. Buyurun baxın. Qoy bu yalan xəbərləri yayan o, Eynulla da bu sənədlə tanış olsun. Və əgər vicdanlı jurnalistdirsə, dediyi sözünə əməl edərək, jurnalistikaya xələl gətirdiyi üçün bu sahədən getsin".

Məlum olub ki, "10 LZ 100" dövlət nömrə nişanlı "Nissan Skyline GT-R35" markalı avtomobil etibarnamə ilə Əliyev Elxan İbrahim oğluna verilib. O da məlum oldu ki, həmin avtomobil xeyli sayda qayda pozuntusu törətdiyi üçün yol polisləri tərəfindən cərimə meydançasına qoyulub və Əliyev Elxan İbrahim oğlu sürücülük hüququndan məhrum edilib.


Amid
AzNews.az