Rəşad Kəsəmənli: “Qardaşım ömründə narkotikdən istifadə etməyib“

Mərhum şair Nüsrət Kəsəmənlinin oğlu Rəşad Kəsəmənli qardaşı Araz Kəsmənlinin həbsi ilə bağlı senssasiyalı açıqlama verib.

AzNews.az xəbər verir ki, "Qafqazinfo"ya açıqlamasında Rəşad Kəsəmənli qardaşının haqsız yerə həbs olunduğunu bildirib:

"Bütün faktlar əlimizdədir. Dostum, qardaşım Araz və məni toya getdiyimiz yerdə maşını saxladıb özlərini təqdim etmədən Arazı apardılar. Narkotikdən qardaşımın əl izi çıxmayıb, ömründə narkotikdən istifadə etməyib. Ekpertizanın rəyi var, Arazın qanı yoxlanılıb və narkotikdən istifadə etmədiyi təsdiqlənib. Nə ondan mal alan var, nə onun mal satdığı var. Ortada sübut yoxdur. Lakin Arazı "Külli miqdarda narkotika vasitəsini mənimsəmək" maddəsi ilə mühakimə edirlər".

Rəşad Kəsəmənli qardaşına prokurorun 10 il iş istəməsinə də münasibət bildirib:

"Hakim əməliyyatın rəisindən soruşur ki, bunu narkotika alan və satan yerdə görmüsən, narkotikada əl izi var? İttihamçı cavab verir ki, görməmişəm. Axır hakim əsəbləşdi ki, bəs nə əsasla onu ittiham edirsiniz. Belə haqsızlıq olmaz. Əməliyyatın rəisi yalandan deyir ki, Araz həbs ediləndə maşında tək olub. Əməliyyat qrupunda olan digər üç nəfər deyir ki, maşında üç nəfər olublar. Bəs biz orada olmamışıqsa, sənədlərin içində necə bizim izahatımız var? Qardaşımı kimin həbs etdirmək istədiyini bilmirik, heç nədən xəbərimiz yoxdur. Bilsək, gedib tutub soruşaram ki, qeyrətin, evində anan, bacın, balan var? Adam belə haqsızlıq etməz. Xahiş edirəm, media nümayəndələri məhkəməyə gəlsin, sübutlara baxsınlar. Görəcəklər ki, hər şey bizim lehimizədir. Məhkəmə prosesi aprelin 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində saat 12:30-da baş tutacaq".

Rəşad Kəsəmənli ANS-in"Adam içində" verilişinə dəvət olunsa da, daha sonra verilişdə onun iştirakına qadağa qoyulduğunu da vurğulayıb: "Məni proqrama dəvət etdilər və xahiş etdilər ki, bu Arazın işini ətraflı izah edim. Razılaşdım ki, gəlib faktlarla danışmaq istəyirəm. İndi isə zəng edib deyirlər ki, mövzu qalır, lakin siz gəlməyəcəksiniz., o mövzunu ağartmayaq. Bunları kim qorxutdu ki, mövzunu açmağa qoymadılar".

Qeyd edək ki, Araz Kəsəmənli Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsinə əsasən ittiham olunur.

AzNews.az