Şahin Sultanovun vəkili danışdı

Ötən gün həbs edilən Azərbaycan Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanov Bakı İstintaq təcridxanasına (BİT) köçürülüb.

Bu barədə APA-ya Ş. Sultanovun vəkili Adəm Məmmədov məlumat verib.

A. Məmmədov bildirib ki, bu gün Ş. Sultanovla görüşüb: "Vəziyyəti yaxşıdır. Özünü gümrah hiss edir. Ona elan olunan ittiham üzrə isə özünü təqsirli bilmir. Şahin Sultanov bir nəfərin ifadəsi əsasında həbs edilib. Lakin həmin adamın ifadəsində ziddiyyətli məqamlar çoxdur. Ötən gün məhkəmə zamanı Şahin Sultanov həmin adamın ifadəsinə münasibət bildirdi. Qeyd etdi ki, hər il Müdafiə Nazirliyi və prokurorluq tərəfindən yoxlama aparılıb. Hansısa çatışmazlıq olsaydı, məlum olardı. Şahin Sultanov vitse-admiraldır. Uzun müddət hərbi sahədə təcrübəsi olan, donanmanın hərbi doktrinasını yazmış adamdır. O gedib anbarda malları saymır ki, görsün nə çatışmır. Əməkdaşlardan kimsə qanunu pozubsa, onlar cəzalandırılmalıdır. Şahin Sultanov da dedi ki, kiminsə saxtakarlıq etdiyini bilsəydi, özü onu cəzalandırardı. Bu bir təsərrüfat cinayətidir".

Vəkil məhkəmənin həbs-qətimkan tədbiri barədə qərarından apellyasiya şikayəti hazırladıqlarını və yaxın vaxtlarda şikayəti məhkəməyə təqdim edəcəklərini də bildirib.

Qeyd edək ki, Ş. Sultanov ötən gün həbs edilib. Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilir.

AzNews.az