Deputat: “Qız uşaqları mələk rolunda rəqs etdirilir”

"Şadlıq saraylarının fəaliyyətinə nəzarət artırılmalıdır. Əks təqdirdə azyaşlı uşaqlar bu ictimai-iaişə yerlərində istismara məruz qalacaqlar".

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Kamilə Əliyeva deyib.Onun sözlərinə görə, azyaşlı uşaqların, o cümlədən məktəblilərin əməyə cəlb olunması ölkə qanunvericiliyi ilə qadağan edilib. Deputat qeyd edib ki, bəzi hallarda qanunvericiliyin tələblərinə əməl etməyənlərə də rast gəlinir: "Ölkədə uşaqların əməyə cəlb edilməsi ciddi problemlərə gətirib çıxara bilər. Çünki hər bir uşaq Azərbaycan dövlətinin inkişafında mühüm yer tutur. Vətəndaşlarımızın azyaşlı vaxtlarından əməyə cəlb edilərək, istismar edilməsi onları ilk olaraq təhsildən yayındırır".

K. Əliyeva əlavə edib ki, belə hallara daha çox şadlıq saraylarında rast gəlinir: "Müəyyən qədər məvacib əldə etmək üçün qız uşaqları mələk rolunda rəqs etdirilir. Həmçinin digər xidmətlər göstərilməsində də uşaqlar bu mərkəzlərdə əməyə cəlb olunaraq istismar edilir. Bu yolverilməzdir və müvafiq dövlət qurumları belə halların qarşısını almaq üçün ciddi tədbirlər həyata keçirməlidir. Hər bir uşaq Azərbaycanın gələcəyidir və biz onlara hörmətlə yanaşmalıyıq".

Amid
AzNews.az