Azərbaycanlı aktyorun başını partlatdılar- FOTOLAR

Bəziləriniz onu "Bacanaqlar" serialındakı baş redaktorunu döyən mühafizəçi obrazından, çoxlarınız isə "Xəzər" televiziyasında yayımlanan "Həyat sən nə qəribəsən", "Bir ailəm" var kimi ekran işlərindən tanıyırsınız. Elə mən də sizin kimi...
AzNews.az sizə aktyor-ssenarist Elsevər Mehdizadənin müsahibəsini təqdim edir.

-Elsevər, hazırda nə işlə məşğulsan?
-İyunun 27-dən tətildəyik. Amma "Xəzər" televiziyasının çəkdiyi 4 qısametrajlı filmlərdə də iştirakımız oldu. İyulun 15-dən ssenari kollektivi Qubada yığışıb. Avqustun 4-dən isə "Həyat sən nə qəribəsən" və "Bir ailəm var" seriallarının çəkilişləri başlayır.

-Bu seriallarda yeni mövsümdə hansı maraqlı hadisələr gözlənilir?
-Hələ tam bilmək olmur, işə yenicə başlamışıq.

-Bəs istirahət?
-Türkiyəyə istirahətə getmək fikrimiz var idi. Həmkarımız Tural Baxışın uşağının sənədlərində problem yarandığına görə qərara aldıq ki, Azərbaycanda istirahət edək. Əvvəlcə sırf oğlan kollektivi, sonra isə ailəvi istirahətə getdik.

-Əksər hallarda təhsilsiz aktyor və rejissorların bu işlə məşğul olmağı qınanılır. Sənin özünün aktyorluq təhsilin varmı?
-Xeyr. Azərbaycanda 1996-cı ildən bu tərəfə Şən və Hazırcavablar Klubları fəaliyyətə başladılar. Sonra orta məktəblərdə, ali məktəblərdə birinciliklər təşkil olundu. Hətta bir vaxtlar respublika çempionatı keçirilirdi. Diqqət yetirin, əməkdar artist Tahir İmanov, tanınmış aktyor Elməddin Cəfərov, Məcid Hüseynov Nofəl Şahlaroğlu kimi adamların bu sahə üzrə təhsili yoxdur.

-Ümumiyyətlə ali təhsilin yoxdur?
-Azərbaycan Texniki Universitetinin nəqliyyat fakültəsini bitirmişəm.

-Yəni yol polisi də ola bilərdin.
-Bəli.

-Səndən necə yol polis olardı?
-(gülür) Çox adamlar görkəmimə baxıb deyirlər ki, olardı.



-Yaxşı məqama toxundun. Yeri gəlmişkən, Azərbaycanda sən boyda, çəkidə aktyor var?
-"Azdrama"da Cümşüd Zeynalov var. Elə təxminən mən boydadır.

-Çəkin nə qədərdir?
-Sevmədiyim cəhətimdir deyə maraqlanmamışam. Amma 120-130 olar.

-Boyun?
-186 santimetr.



-Azərbaycan tamaşaçısı türk seriallarına daha çox maraq göstərir. Doğrudanmı yerli seriallar bu qədər zəif çəkilir?
-Gəlin açıq danışaq. Bizim bəzi tamaşaçılar işə hansı tərəfdən qiymət verilməli olduğunu bilmir. Azərbaycan tamaşaçısına görə gözəgəlimli, yaraşıqlı aktyor yaxşı aktyor deməkdir. Yəni sənətə, keyfiyyətə önəm vermirlər.

-Sən tamaşaçını qınayırsan?
-Bəzi yerlərdə hə. İndi sizə bir şey danışacam. Allaha and olsun olmuş hadisədir. Məsələn, bir yaşlı yaxud da ortayaşlı adamla seriala baxırsan. Deyir ki, sən onun divanına, pərdələrinə bax da. Kişi tamaçılar da aktyorun pencəyinə, maşınına baxır.

-Texniki Universitetin məzunu necə oldu ki aktyorluğu seçdi?
-Orta məktəbdə, sonra da universitetdə "KVN" oynayırdım. Tələbə vaxtı "Xəzər" televiziyasında "Miks şou" telelayihəsi başladı. Orda ssenarilər yazırdım. "KVN" istər-istəməz adamı mühitə öyrəşdirir.

-Bir az da futbol azarkeşliyindən danışaq. Hamı səni "Qalatasaray" azarkeşi kimi tanıyır...
-1999-cu ildən "Qalatasaray"a azarkeşlik edirəm. Bu komandaya aid elə bir şey yoxdur ki, evimdə olmasın.

-Nələr var o kolleksiyada?
-Butslar, şortik, şərflər, idman kostyumları... Hamısının da Türkiyə və Bakdan orijinallarını almışam.


-"Qalatasaray" oyunçularının imzasıyla nəsə var səndə?
-Türkiyəyə gedəndə belə bir şans oldu. 2012-ci il avqustun 12-də "Fənərbaxça" –"Qalatasaray" oyunundan öncə oyunçularla görüşməliydik. Amma seminarla üst-üstə düşdüyündən alınmadı. Sonra bir dəfə də belə bir imkan oldu və yenə alınmadı. Bu mövsüm yüz faiz "Qalatasaray"ın Çempionlar Liqasındakı oyununa baxacağam. Yarımfinala çıxsa, nə yolla olur-olsun gedəcəyəm.



-Yenidən qayıdaq serial mövzusuna. Deyirlər ki, rejissorlar model qızları həm də onlarla sevgili olmaq üçün seriala dəvət edirlər. Belə bir şeyin şahidi olmusan?
-Şahidi olmusan deyəndə ki, eşitmişəm. Məsələn bizim seriala modellər gəlmişdi. Kastinqdə oynaya bilmədilər, geri qaytardılar.

-Mən iddia etmirəm ki, seriala çəkilən bütün modellər rejissorların sevgililəridir. Amma "Xəzər"in seriallarından birində Şəhanə Yusifova adlı model də var idi...
-O oynaya bildiyinə görə saxlanılmışdı.

-Azərbaycanda indiyə kimi çəkilənlərdən bəyəndiyin 3 serial hansıdır?
-Məncə belə davam etsək, 2-3 ilə bizdə mükəmməl seriallar çəkiləcək. Öz çəkildiklərimdən "Həyat sən nə qəribəsən", "Bir ailəm var"ı çox bəyənirəm. "Pərvanələrin rəqsi" də super serial idi. Çox təbii serial oldu.

-Reytinqiniz neçə idi?
-Bu serial yanvar ayından bu yana hər günün lideri oldu. 21-22 reytinq verirdi, hətta tətilə gedəndə 13-14 reytinq oldu.

-"Toy gecəsi" serialının rejissoru Yaşar Əhmədov saytımıza açıqlamasında bildirmişdi ki, ən çox baxınlan serial onlarınkıdır...
-Onlar bir dəfə 17 reytinq verdilər, vəssalam. Cədvəllər göz qabağındadır. Sonrada reytinqləri 8-9, hətta 5-6-ya düşdü..

-Bəyənmədiyin seriallar hansılardır?
-ANS-də efirə gedən heç bir serialı bəyənmirəm. Orda yaxşı aktyorlar çəkilir, güclü rejissorarı ola bilər. Amma mən bəyənmirəm. O seriallarda baş verənlər Azərbaycan mühitinə uyğun deyil.

-Məsələn?
-Azərbaycanda hamımızın başa düşdüyü normal zarafatlar var da. Amma ANS-in seriallarında söyüşlü zarafatlar olur.

-Konkret hansı serialda?
-Məsələn, "Paytaxt salatı" serialında bu var. Bir ssenarist kimi deyim ki, zarafat yazılanda çalışırıq ailəylə baxmaq mümkün olsun. Amma ANS-in seriallarında söyüşlü zarafatlar, erotik səhnələr mövcuddur.

-Ən rahat tərəf müqabilin kimdir?
-Nofəl Şahlaroğlu çox gözəl tərəf müqabilidir. Tural Baxışla oynamaq da maraqlıdır. Məsələn, ağlamaq səhnələrində ondan o qədər enerji almışam ki, gerçəkdən ağlamışam.

-Bəs kiminlə oynamaq istəməzdin?
-Bu barədə fikirləşməmişəm. Ən böyük arzum Yaşar Nuri və Həsən Məmmədovla oynamaq olub. Yaşar Nuri ilə "Bacanaqlar"da oynamaq qismət olub. Həmçinin Firəngiz Mütəllimova, rəhmətlik Xanım Qafarovayla tərəf oynamışıq. Həsən Məmmədov Azərbaycan filmində ən sevdiyim aktyor olub. Onun baxışı, zəhmi çox fərqlidir.

-Məsələn, Fəxrəddin Manafov da zəhmli aktyordur. Hətta deyilənə görə bir çox tərəf müqabilləri ondan çəkinirlər.
-Fəxrəddin Manafovla oynamaq istərdim. Hələ ki qismət olmayıb.

-Qeyri-rəsmi iddalar var ki, serialların hər bölümünə dövlət tərəfindən 8 min manat ayrılır və həmin pulun yarısı "qara yerlərə" xərclənir. İşin içində olan adam kimi nə deyə bilərsən?
-Dediklərini mən də eşitmişəm. Çalışdığım kollektiv barədə danışa bilərəm. Bizim seriallardan çıxan kimsə deyə bilməz ki, "Xəzər" mənə az pul verdi. "Xəzər" adicə hansısa dükanda satıcını çəkirsə, onun da haqqını yemir. Çox adamın dediyinə görə ən yüksək qonorar da bizdədir.

-Öz qonorarını açıqlaya bilərsən?
-Yox, çünki müqavilənin şərtlərindən biri budur. Müqaviləyə görə aktyor çəkilişə gecikə, içkili gələ, alacağı qonorarı açıqlaya bilməz.

-Heç çəkilişə içkili gələn olub?
-Yox, görməmişm.

-Yəqin ki, çəkiliş vaxtı maraqlı hadisələr tez-tez olur.
-O qədər..."Həyat sən nə qəribəsən" serialında Tural Baxışla bir yerimiz var, dalaşırıq. Mən onu yerə yıxanda dizim kafelin arasına girdi. Amma çəkilişi dayandırmadıq. Sonra ayağa durub qucaqlaşırıq və bir-birimizi yıxırıq. Bu məni yıxanda başım divarın tininə dəydi, partladı.

-Çəkiliş dayandırıldı?
- Rakurs elə qurulmuşdu ki, çəkiliş dayandırıla bilməzdi. Çəkiliş bitəndən sonra hiss elədim ki, beynim silkələndi. Bir dəfə də "Həyat sən nə qəribəsən" serialında Ruslan İsmayılovla dava səhnəsində mən onu vurmalıydım.

Məşqdə özünü qorudu, dəymədi. Çəkilişdə dirsəyim başına dəydi, özündən getdi. Sürüyüb qırağa çıxardan kimi üzünə su vurduq, ayıltdıq. Bir dəfə də mənim bıçaqlandığım səhnəni çəkiliş yeri də yarımtikili, xarabalıq yerdir. Sən demə arxada armatur var imiş. Bir də hiss elədim ki, armatur kurtkadan belimə girir. İlk baxışdan çox asan görünən çəkilişin çox çətinlikləri var. Bəzən qarda-yağışda bir sutka yuxusuz və dayanmadan çəkilişlərə tab gətirməli olursan. Evə gedəndə bədənini hiss eləmir adam.

-Sən həm də seriallara ssenarilər yazırsan. Səncə Azərbaycan ən yaşxı yumor ssenarilərini kim yazır?
-İndi "Bacanaqlar" serialının ssenari müəllifi Ənvər Abbasov çox güclüdür. Ənvər gündəmi bilir, müşahidə qabiliyyəti güclüdür, cəmiyyətin içindəki zarafatlara daha çox yer verir.

Adi müşahidədən zarafat çıxardır. Valeh Əhmədovun da yazdıqlarını çox bəyənirəm. Valeh həm də bizim 10 nəfərdən ibarət ssenaristlər heyətinə rəhbərlik edir. Türkiyədə ssenariylə bağlı iştirak etdiyim seminarda bir müəllimimiz var idi. Dedi ki, serialların birində öz qaynatamın obrazını yazmışam. Məsələn, adam sok içir. Əvvəlcə soku açır, deyir ki, çox şirindir, sonra içinə duz atır, sonra onu da bəyənmir təzədən sokun üstnüə şəkər tozu səpir. Cəmiyyətdə belə adamlar çoxdur. Amma onları müşahidə etmək lazımdır.

-Hansı serialların ssenarilər bərbad yazılır?
-Dediyim kimi ANS-dəki serialların ssenarisini bəyənmirəm.

-Ümumiyyətlə o telekanalın efirində olmusan?
-Olmuşam. "Qulp"a gedirdim əvvəllər.

-Bəlkə orda nəsə alınmayıb və inciklik olub.
-Heç vaxt. Ola bilər ki, bundan sonra əməkdaşlıq da edim.

-Səncə bu açıqlamalardan sonra mükün olar?
-Bəlkə də yox. Əvvəldən də dedim ki, orda yaxşı aktyorlar çəkilir. ANS-in filmlərini də bəyənirəm. Məsələn, "Xoca" çıxan kimi ilk baxanlardan biri mən olmuşam.

-Xarici aktyorlardan kimləri bəyənirsən?
-Xarici aktyorlardan Robert Denironu, türklərdən Haluk Bilgineri bəyənirəm.

-Aktyorluq təhsili almaq istərdin?
-İstərdim, amma Azərbaycanda yox.

-Aktyor kimi özəlliyin nədir?
-Əksər seirallarda bədənimə, formama görə fərqlənmişəm.

-Bəs ssenari müəllifi kimi?
-Həm yumor, həm də dram yaza bilirəm.

İntiqam Valehoğlu
AzNews.az