Qəddar gözəllik

Və ya kiçik dünyanın böyük xəyalları

Günel Natiq

Xatırlayıram ki, orta məktəbdə oxuyanda, bizə quşlara evcik qurmaq öyrədilirdi. Bu evciklər müxtəlif materiallardan ola bilərdi, yetər ki, "evi-eşiyi olmayan köməksiz quşlar" orda özlərinə yuva qura bilsinlər, balalarını böyütsünlər, onları qanadlarının altına alıb yağışdan, qardan, soyuqdan, yırtıcı quşlardan, bir sözlə, bu nazik divarların o üzündən gələn hər cür təhlükədən qoruya bilsinlər.
Ağaclıqları gəzib evcikləri münasib budaqlardan asardıq. Sonra sevincək evə gəlib öz əllərimizlə yaratdığımız bu kiçik dünyanın xəyallarını qurardıq, təsəvvür edərdik ki, budaq-budaq gəzməkdən yorulmuş zavallı quşlar təsadüfən bu evciyi görür, ona sığınır və bəlkə də bu anlarda o quşlardan bəxtəvəri yoxdur... Bu evcikdə balalar dünyaya gəlir, analarının qanadları altında yavaş-yavaş öz qorxularını dəf etməyi öyrənirlər və bala quşların qanadları kimi evciyin nazik divarları da bu kiçik dünyanın mehr-məhəbbətindən necə bərkiyib böyüyür... Qanadları bərkiyən quşcuğazlar artıq pərvazlanmağa can atır, amma ana onlara səbr etməyi öyrədir. Budur, uçmaq vaxtıdır... Bala quşlar bir neçə dəfə qanad açsalar da, yuvanın içinə yuvarlanırlar. Ana bu ümidsizliyin fərqindədir, amma yenə səbr və ümidlə onlara uçmağın sirlərini öyrədir. Budur, quşcuğazlar artıq pərvazlanıb, yuvalarını tərk edirlər. Amma sol tərəfdə kiçik bir yer var, döyünür... O, ilk yuvanın həyəcanı, istisi, sevgisidir, onların ilk qorxuları, ilk təlaşıdır. Artıq bu quşcuğazlar haraya uçsalar da, kiçik qəlblərində o yuvanın istisini, kədərini, sevgisini daşıyacaqlar.
Bu düşüncələr bizə hədsiz böyük zövq, enerji verirdi və biz böyük şövqlə kiçik missiyamızı davam etdirirdik. Bu, böyük insanlığın kiçik modeli idi. Bizi daha böyük işlər gözləyirdi, hər şey ilk yuvadan başlayırdı...
Təbiət insanın ilk yuvalarından biriydi və o, haraya gedirsə getsin, taleyində ilk yuvanın istisini, kədərini, sevgisini daşıyırdı; ilk yuva da, son mənzil də ora idi...
Bəs nə vaxtdan təbiətin qayğısını, nəvazişini unutduq, daha doğrusu, fərqinə varmaq istəmədik: ağacları kəsdik, gölləri qurutduq?.. Öz nadir geyimlərimizi bir vaxtlar haqqında sevə-sevə şeir, nəğmə oxuduğumuz ceyranların, cüyürlərin dərisindən hazırladıq... Bir vaxtlar kiçik insanın qurduğu yuvalarda böyüyən quşlar da böyüdü və onun geyimini tamamlayan bir aksesuara çevrildi. Heyvan dərisindən paltar geyinmək böyük bir qürur qaynağı oldu...
İnsan hüquqlarıyla bağlı nəzəri və praktik təcrübə toplamış Qərb insanı heyvan hüquqları uğrunda da fəal mübarizə aparır. "Heyvanların nə kimi hüquqları ola bilər" sualını verənlərə isə bir məsələni xatırladırlar. Məsələn, deyirlər ki, Mariya Volstounkraftın 18-ci əsrdə nəşr etdirdiyi "Qadın hüquqları deklarasiyası" da bir zamanlar cəmiyyətdə cəfəngiyat kimi qarşılanmışdı.
Qərblilər həmçinin düşünürlər ki, gözəllik qəddar ola bilməz. Canlı varlıqların dərisindən tikilmiş bir kürk gözəl görünə bilərmi? Təsəvvür edin ki, təkcə bir təbii xəz kürk əldə etmək üçün 100-200 dələ, 18 bəbir, 55 su samuru, 27 yenot, 18 tülkü, 4 canavar, 8 maral, 11 porsuq, 18 it, 25 pişik öldürülür.
Əlbəttə ki, çox şeyi dəyişmək əlimizdə deyil, sadəcə daha xeyirxah ola bilərik. Məsələn, bizim günlərdə ovçuluq daha çox zövq mənbəyidir. Yaxşı ki, bir çox meşələr qoruq elan edilib və nadir heyvanları ovlamaq qadağandır, yoxsa müasir insanın qarşısını almaq mümkünsüz olardı, o, təbiətdə son ceyran qalana qədər "mübarizəsini" davam etdirərdi.
Bu günlərdə qəzetlərin birində bir el aşığının müsahibəsini oxudum. Folklorumuzda ceyran- cüyürlə bağlı nə qədər desəniz, təşbeh var. Bu gözəl sənətkarımız da ceyrandan, cüyürdən, bir sözlə, təbiətdən çalıb-çağırır. Amma zaman-zaman tüfəngini çiyninə alıb şeirlərində vəsf etdiyi ceyranları, cüyürləri ovlamaq fürsətini də əldən vermir.
Aşıq bu müsahibəsində ov zamanı onu təsirləndirən bir hadisəni nəql edir. Bu hadisənin qəhrəmanları ana ayı və onun balalarıdır: "Əvvəl ayını qarşımda görüb duruxdum, elə bildim mənə hücum çəkəcək. Amma gülləylə vurmağa da ehtiyat etdim, çünki mənə xəbərdarlıq etmişdilər ki, yaxın məsafədən güllə atmaq təhlükəlidir, əgər düzgün nişan ala bilməsən və yaxud öldürə bilməyib eləcə yaralasan, sənə hücum edər".
"Mən də işin axırını gözləməyə başladım",- deyə aşıq söhbətinə davam edir: "Nə görsəm yaxşıdır? Ayı öz balalarının hayındadır. Onları ağzına alıb çox çətinliklə bir-bir yaxınlıqdakı çaydan keçirtdi, sonra yanına alıb uzaqlaşdı. Doğrusu, ayının bu hərəkətinə heyran qaldım. Bəzən insan insanlığıyla doğmalarını dar ayaqda qoyub qaçır, amma ayıdakı fədakarlığa bax!"
Maraqlı olan nədir? Ayının fədakarlığından sarsılan, kövrələn aşıq sonra əlavə edir: "Gördüm, ayı balaları da yanında, uzaqlaşır, tez tüfəngi qaldırdım ki, ayını vurum, amma əlim titrədi, vura bilmədim".
Belə çıxır ki, şeirlərində təbiəti vəsf edən sənətkarın humanistliyi çox da uzun sürməyib, ayının fədakarlığının onda doğurduğu təsirin nəticəsi isə ancaq təəssüf doğurur.
Mən "Şərq insanı avropalı qədər heyvanları sevmir və sevə də bilməz",-fikrini tam qəbul edə bilmirəm. Dünyagörüşümüzü, həyata baxışımızı əks etdirən folklor nümunələrində təbiətlə insan iç-içədi, təbiətin ağrısı insanın öz ağrısıdır. Marallar haqqında olan rəvayətləri kim xatırlamır ki? O maral ki, ovçu gülləsindən yaralansa da, yenicə doğulmuş balalarını hürkütməmək üçün yerindən qımıldanmamışdı və onları öz qanına boyayaraq eləcə səssiz-səmirsiz, sükut içində gözlərini yummuşdu. Bu təsirli səhnəni görən ovçu o gündən tövbə edib ovçuluğun daşını biryolluq atmışdı...
Maraqlıdır ki, bu gün "Ovçu Pirim" gülməli bir obraz kimi xatırlanır- heç nəyə qadir olmaya-olmaya öz məharətindən ağızdolusu danışan yarıtmaz bir ovçu obrazı kimi. Uşaq ədəbiyyatında və uşaq tamaşalarında da Ovçu Pirimi elə dil pəhləvanı kimi görürük. Görünür, həmin o maralların ağrısı da bu obrazın mahiyyəti kimi unudulub...
Keçən il İstanbulda olarkən heyvanlara olan münasibət xüsusilə diqqətimi çəkdi. Şəhərdə tez-tez qarşıma sahibsiz itlər çıxırdı. Onlar insanlar kimi sadəcə "yol keçirdilər" və nə insanlar onlara mane olurdu, nə də onlar insanlara. Oxşar mənzərəni dənizkənarı parkda da gördüm. İstirahətə gəlmiş adamlarla bərabər sahibsiz itlər də təbiətin qoynunda idi. Onları qovmurdular, uzaqlaşdırmırdılar, çünki fərqində idilər ki, bu dilsiz-ağızsız heyvanlar da yaşıllığın, təbiətin bir parçasıdır və təbiətlə birgə insanı himayə edir, qoruyur. Onların varlığı insana hüzur, dinclik və qorumaq, sahib çıxmaq kimi hislər aşılayır.
Necə ki, insan, təbiətə sahib çıxmağı özünün insanlıq işi sayır, eləcə də təbiət və onu əhatə edən hər bir ünsür də insanı yaşatmağa, himayə etməyə yönəlib.
Axı biz sahibsiz quşlara kiçik evciklər quran uşaqlarıq, onların bu evciklərdə necə yuva quracağını, balalarını böyüdəcəyini, onlara necə uçmaq öyrədəcəyini xəyallarımızda bu evciklər kimi quran insanlarıq. O xəyallar da bizim evimizdir, yuvamızdır, o quşlar kimi ümidsizliklərimizin yollarından yorğun-arğın dönəndə görüb sevindiyimiz, sığındığımız yuvalar... Gəlin, bizi biz- insanı insan edən təbiətə sahib çıxaq, uşaq vaxtı qurduğumuz xəyalları- o kiçik yuvaları dağıtmayaq. Axı gözəllik qəddar ola bilməz. Bir də axı o xəyallar bizə o quşlar kimi uçmağı öyrədirdi...