İsrafil İsrafilov: “Göstərilən səylər ciddi nəticə vermir“ MÜSAHİBƏ

Son vaxtlar mətbuatda Akademik Milli Dram Teatrıyla bağlı kəskin tənqidi materiallar yayılır. Bu xəbərlərə inansaq, ölkənin ən qədim teatrı hesab olunan "Azdrama"da vəziyyət son dərəcə acınacaqlıdır. Belə bir məqamda AzNews.az olaraq sözügedən mədəniyyət ocağını direktoru İsrafil İsrafilovla görüşdük. Bəri başdan deyim ki, söhbətimizin məqsədi teatrda baş verənlərin müzakirəsi olsa da, söhbət zamanı çox maraqlı məqamlar ortaya çıxdı.

Alademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilovun müsahibəsinin dördüncü hissəsini təqdim edirik

- Söhbətlərimizdə teatr sənətinin bir çox komponentlərinə toxunmuşuq. İstəyirəm, dramaturgiya haqqında da fikirlərinizi bildirəsiniz.

- Təbii ki, dramaturgiya teatr sənətinin ən mühüm komponentlərindən biridir. Çünki istənilən teatrın repertuarı məhz dramaturgiya üzərində qurulur. Repertuar isə teatrın simasıdır. Bu mənada, teatrın simasını təyin etdiyinə görə dramaturgiyanı teatr sənətinin ən mühüm komponenti kimi dəyərləndirə bilərik.

Azərbaycan teatrında bütün dönəmlərdə M.F.Axundzadə, H.Cavid, Ə.B.Haqverdiyev, C.Cabbarlı, S.Rəhman, M.Hüseyn, M.İbrahimov və nəhayət, bu yaradıcı insanların içərisində ən parlaq bir nümunə İlyas Əfəndiyev olub. Dram teatrı onun borcundan heç vaxt çıxa bilməyəcək. Ötən əsrin son 25-30 ili ərzində milli teatrımız özünün repertuar zənginliyinə görə məhz bu dramaturgiyaya borcludur.

Artıq 21-ci əsrdə Azərbaycanda yeni dramaturgiyanın yaranması və onun inkişafı üçün göstərilən səylər ciddi nəticələr vermir. Başa düşürəm ki, dramaturgiyanı kimsə formalaşdıra bilməz. Amma dramaturji fəaliyyəti stimullaşdırmaq olar.

Bu gün Elçinin, Afaq Məsudun, Kamal Abdullanın, Əli Əmirlinin pyeslərini istisna etsək, demək olar ki, tearlarımızın çoxu müasir dramaturgiya baxımından, obrazlı desək, aclıq çəkir. Mövcud dramaturgiya qıtlığı, təbii olaraq, narahatlıq doğurur və düşünürəm ki, bu sahədə təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.

- Axı, teatrlarımız əcnəbi müəlliflərin əsərlərinə də müraciət edirlər?

-Doğrudur, biz əcnəbi müəlliflərin əsərlərinə müraciət edirik. Amma söhbət müasir milli dramaturgiyadan gedir. Dünyada Avropa yazarlarının klassik əsərləri istənilən qədərdir. Amma milli teatrımız üçün əsas olan cəmiyyətimizi maraqlandıran, ən mühüm və önəmli problemlərin işlənməsidir. Başqa bir yol da var, amma bu bir qədər itkiyə aparan yoldur. Yəni, çağdaş dövrümüzdə ciddi və istedadlı müasir nəsrimiz yaranıb. Həmin nəsr əsərləri üzərində səhnələşdirmə işləri aparmaq olar. Amma bu da var ki, səhnələşdirmədə biz, bir qayda olaraq, itkiyə yol veririk. Yəni, fərqli ədəbi mühitin qanunlarına müvafiq olaraq yazılan, ədəbi təsvir və nəqletmə ifadə vasitələrini nəzərdə tutan bir əsəri başqa bir sahənin oyun prinsiplərinə əsaslanan səhnə üçün işləyəndə mütləq orda müəyyən ədəbi-bədii itkilər olur. Bu qaçılmazdır. Fransanın, Almaniyanın, Rusiya, Gürcüstan teatrlarının bu sahədəki uzun illik təcrübəsi bunu sübut edir. Məşhur nəsr əsərlərindəki mövzunun böyüklüyü, xarakterlərin dərinliyi, güclü dramatizm keyfiyyətləri, səhnə, teatrallıq xüsusiyyətləri, əlbəttə ki, o əsərləri səhnə üçün yararlı edə bilmişdi. Bu da bir yoldur və ondan da istifadə etmək olar.

- Bəs, Azərbaycanda necə?

-Azərbaycan teatrının Cəfər Cabbarlıdan, Hüseyn Caviddən, Əbdürrəhim bəy Haqverdiyevdən sonrakı çətinliyində vaxtilə Ədil İskəndərov yazıçılara müraciət edib. Məhz o dövrdə - teatrın repertuar baxımından aclıq çəkdiyi vaxtda Mirzə İbrahimov, Mehdi Hüseyn, Səməd Vurğun, İlyas Əfəndyev, Süleyman Rüstəm, Ənvər Məmmədxanlı, Sabit Rəhman, İmran Qasımov, Cabbar Məcnunbəyov kimi yazarların səhnə əsərləri yazmasıyla teatrlarda əsil repertuar bolluğu yaranıb. Deyirlər, tarix iki dəfə təkrar olunur. Biz həmin o dövrə gəlib çatmışıq ki, görkəmli nasirlər, Xalq yazıçısı Elçin, Afaq Məsud, Kamal Abdulla teatrımızın repertuar zənginliyinə böyük töhfələr verirlər.

- Teatr nədən başlanır sualı ilə bağlı bir sıra "qanadlı" kəlamlar var. Yəqin ki, bu kəlamlardan ən məşhuru "teatr asılqandan başlanır" ifadəsidir. Siz necə düşünürsünüz, teatr nədən başlanır?

- Mənə görə, teatr tamaşaçıdan başlanır. Çünki tamaşaçı yoxdursa, teatr prosesinin məhsulu olan tamaşa hədəfini tapmır. Bəzən "teatrlara gələn yoxdur", "teatrların repertuarında maraqlı tamaşalar yoxdur" və s. bu tipli fikirlər eşidirik. Ən maraqlısı da budur ki, həmin fikri səsləndirən şəxslər sonuncu dəfə nə zaman teatrda olduqlarını unudublar. Bu gün tamaşaçıların teatr sənətinə marağı artmaqdadır. Doğrudur, bu prosesin tempi o qədər qaneedici deyil, amma hər halda bu faktın özünü çox müsbət hal kimi qiymətləndirmək olar. Bir neçə ilin içərisində böyük tamaşaçı axını gözləmək sadəlövhlük olardı.

Biz sosioloji tədqiqat aparsaq, görərik ki, tamaşaçını yaxşı tanımırıq və onu öyrənməliyik. İstəyirik oturaq teatrda, qapını bağlayaq və tamaşaçı gəlsin qapını döysün ki, gəlmək istəyir. Belə olmur, xüsusən, çağdaş dövrdə cəmiyyət həyatında min bir cəlbedici yerlər var. Tamaşaçı əylənmək, vaxtını mənalı keçirmək istəyirsə, bütün bunlar bir tamaşada ehtiva olunmalıdır. Biz özümüz də başqa teatrların tamaşaçılarıyıq. Yəni, biz o teatrdan nə gözləyiriksə, düşünməliyik ki, tamaşaçı da bizdən onu gözləyir. Digər tərəfdən, biz tamaşaçı ilə heç zaman işləməmişik. Tamaşaçı bizi sevib, inanıb və iştirakı ilə öz sevgisini göstərib. Bəs, biz ona nə göstərmişik? Bu problem barədə düşünməmişik. Tamaşa zalı doldu, alqışlar gəldi və aktyorlara gül dəstələri verildi, vəssalam.

Tamaşaçı hansı ruhla, təəssüratla, düşüncə ilə getdi, peşmanmı oldu, yoxsa ömrünün o anlarını hədər keçirmədiyini düşündü, biz bilmirik, çünki öyrənməmişik.

-Bəs, biz niyə bunu etmirik?

-Dünyanın ayrı-ayrı böyük teatrlarında tədqiqat şöbələri var ki, onlar tamaşaçı psixolojisini, illər ərzində ictimai rəyi öyrənirlər.

Xüsusən, uşaq repertuarı, uşaq tamaşaları ilə bağlı çox ciddi tədqiqatlar aparılır. Çünki xaricdə, o cümlədən ABŞ-da və Avropa ölkələrində ölkənin və cəmiyyətin sabahı hamını narahat edir. Bizim teatrların bu sahədə ciddi problemləri var; istər repertuar, istərsə də uşaq və gənclərin auditoriyasının formalaşdırılması sahəsi bir qədər diqqətdən kənarda qalıb. Bu isə nə az, nə çox cəmiyyətimizin sabahına laqeyd qaldığımız deməkdir. İndi orta məktəblərdə qəribə ab-hava var. Məktəbli çağlarımızda sinif rəhbərləri bizi hər ay tamaşaya aparar, sonradan sinifdə həmin tamaşanın müzakirəsi keçirilərdi. Hər məktəbdə dram, yaxud bədii qiraət dərnəkləri vardı. Tanınmış səhnə ustalarının rəhbərlik etdikləri həmin dərnəklər ideya-estetik tərbiyə mərkəzləri kimi idilər. İndi bu ənənə yoxdur.

Bəzi təhsil müəssilərinin rəhbərləri bu məsələyə laqeyd yanaşır və öz laqeydliklərini guya Təhsil Nazirinin qadağa qoyması ilə əsaslandırırlar. Əslində, belə bir qadağadan danışmaq belə absurddur.

Düşünürəm ki, Azərbaycan gəncliyinin, xüsusən məktəbli uşaqların teatr sənəti ilə sıx ünsiyyəti təmin edilməli, buna pedaqoji işin əsas məsələsi kimi xüsusi önəm verilməlidir. Belə olmasa, məktəbli gənclər asudə vaxt keçirmək üçün başqa yer axtaracaqlar. Kim deyə bilər ki, bu zaman onlar yanlış yol tutmayacaqlar. Halbuki yeniyetmələrin teatra yönəldilməsi, labüd olaraq, onları azərbaycançılıq ideyasına, milli mənəvi dəyərlərə, psixo-estetik inkişafa yönəldəcək.

Daha geniş mənada götürsək, teatr öz funksional fəaliyyəti baxımından milli Dövlət quruculuğu işinə xidmət edir, dövlətin siyasətini cəmiyyətin geniş auditoriyası içərisində təbliğ edir. Teatrlarımızda repertuarın qurulması prinsipi ilə dövlətin mədəniyyət siyasəti, gənclər siyasəti uğurla həyata keçirilir. Teatr, əhalinin bütün təbəqələri ilə xüsusən gənclər arasında azərbaycançılıq məfkurəsinin formalaşması və dərinləşməsinə şərait yaratmaq baxımından böyük ideoloji iş görür.

-Siz demədiniz, axı, teatr nədən başlayır?

-Dedim. Mübaliğəsiz demək olar ki, teatrın ən böyük bilicisi tamaşaçıdır. Teatrın bir sənət növü olaraq yaşamının gərəkli, yaxud gərəksiz olduğunu tamaşaçı müəyyən edir. Odur ki, cəmiyyət həyatında teatrın tutduğu yer tamaşaçının dəyərləndirməsindən birbaşa asılıdır. Sənət aləmində teatr asılqandan başlayır ifadəsi tez-tez işlədilir. Mənim fikrimcə, teatr tamaşaçıdan başlayır, çünki tamaşaçısız teatr yaşamaq haqqını itirmiş olur.

Bu da var ki, tamaşaçı auditoriyası müxtəlif insanlardan ibarət olur. Burada teatral tamaşaçı, yəni, müəyyən mənada, hazırlıqlı tamaşaçı da var, ayrı-ayrı fərdi baxışları olanlar da, ilk dəfə teatra gələnlər də. Bir xalqın övladları olsaq da, mədəni-estetik dəyərlərdən bəhrələnməmiz eyni səviyyədə olmur. Yəni, istər Füzulini. istər muğam sənətini, istər caz və yaxud simfonik musiqini, istərsə də təsviri sənət nümunələrini dəyərləndirmək üçün müəyyən elmi, mədəni, estetik hazırlıq tələb olunduğu kimi, teatr sənətini də dəyərləndirmək üçün müəyyən hazırlıq gərəkdir.

Teatr tamaşasına baxmaq ənənəsi və dəyərləndirmək mədəniyyəti baxımından gözlə görünməyən, amma zaman-zaman özünü biruzə verən itkilərimiz mövcuddur.

Odur ki, itirdiklərimizi geri qaytarmaq, yeni mədəni-estetik dəyərlər əldə etmək istiqamətində öz peşəkar səylərimizi artırmalıyıq.


- Bəlli olduğu kimi 10 mart tarixində "Milli Teatr Günü"nün təsis olunması haqqında Sərəncam imzalanıb. Sizcə, teatr işçilərinin peşə bayramının təsis edilməsi teatr sənətinin inkişafı üçün əlavə stimul olacaqmı?

-Şübhəsiz. Hər şeydən əvvəl onu deməliyəm ki, Milli Teatr Gününün təsis edilməsi Azərbaycan teatr sənətində çalışan minlərlə insanın çoxdankı arzusu idi. Nəhayət, dövlətimizin başçısının müvafiq sərəncamları ilə Azərbaycanın yaradıcı ziyalılarının, o cümlədən teatr sahəsində çalışanların arzuları çin oldu. Bu, çox böyük tarixi əhəmiyyəti olan bir hadisədir. Bir faktı da qeyd etmək istəyirəm ki, çox az ölkələrdə teatr işçilərinin peşə bayramı mövcuddur. Hesab edirəm ki, bu və bu kimi Sərəncamlar milli teatr sənətinin bundan sonrakı inkişafında, yaradıcı adamların fəaliyyətinin vüsətinin artmasında böyük önəm kəsb edəcəkdir. Eyni zamanda, fikrimcə, bu sənədlər Azərbaycanda digər incəsənət sahələri ilə yanaşı, teatr sənətinə də verilən çox böyük əhəmiyyətin konkret ifadəsi kimi hələ bundan sonra da neçə-neçə Azərbaycan teatr sənətində çalışan nəsillərin iftixar etdiyi bir hadisə olacaqdır.

Məlum olduğu kimi, ötən il Azərbaycan teatrının 140 yaşı tamam oldu. Bilirsiniz ki, 140 ildə milli teatrımız irili-xırdalı müxtəlif ictimai-siyasi, mədəni hadisələrin fəal iştirakçısı olmuşdur. Bu müddətdə milli teatrımızın itkiləri də olub, qazandıqları da. Amma bu gün Azərbaycan teatrı müstəqillik dövrünün gözəl nemətlərini dadır və özünün fəaliyyətində artıq milli teatr sənətini ölkənin hüdudlarından kənara çıxarır. Milli teatrımız özünün nailiyyətlərini, təbii olaraq, öz demokratik yaradıcılıq təbiətinə uyğun tərzdə dünyaya bəyan edir. Bu, çox mühüm bir məsələdir. Əvvəllər biz bunları ancaq arzulaya bilərdik. Bütövlükdə, Azərbaycan teatrı tarixən həmişə cəmiyyətin fəal tərəflərindən olmuşdur. Bu günün özündə də ölkəmizin teatr sahəsində çalışan insanlar Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, onun beynəlxalq nüfuzunun artmasına və bütövlükdə bir xalq olaraq yeni inkişaf mövqelərinə çıxmasına çalışır. Hesab edirəm ki, bu mühüm hadisə bizim nəzərdə tutduğumuz böyük məqsədlərə aparan yolda fəaliyyətimizi stimullaşdıran həlledici amillərdən olacaq.

İntiqam Valehoğlu
AzNews.az