Bir addımlıqdakı Kəlbəcər!

Elşad Eyvazlı


Yəqin ki, hər biriniz yolların kənarlarında işğal olunmuş rayonlara qədər olan məsafələri göstərən dəmir lövhələri görmüsünüz.

20 ildən artıqdır ki, həsrət qaldığımız rayonların adlarını o lövhələrdə görərkən hansı hissləri keçirmisiniz?

***

- Ataaaa! Nəəə! Şuşa!!! 111 kilometr!?

Ata, bax, Kəlbəcər, Kəlbəcər! Kəlbəcəri tapdıq! Ata, 156 kilometr!?

Ata! Gəlin indi Gəncəyə yox, Kəlbəcərə gedək...

Həmişə bizə demirsən ki, Kəlbəcər dünyanın ən gözəl yeridir.

Bax, o dəmirə Kəlbəcər yazılmışdı. Biz o dəmirə yazılan yerlərə gedirik, Kəlbəcərə niyə getməyək ki..?

Bayaq "Gəncə- 250 km" yazılmışdı...

Görürsən, Gəncədən də yaxındı...Niyə Kəlbəcərə getmirik ki?

- Yusif, sən bilmirsən ki, ermənilər qoymur, necə gedək...

Eee, ermənilər yox, e, ruslar. Ruslar olmasa gedərik hə, ata!

Biz ruslara neyləmişik ki, onlar belə edirlər...

Ata, niyə danişmırsan!?

- Qoy, böyüyək! Torpaqlarımızı özümüz alacağıq, Şuşaya da, Kəlbəcərə də gedəcəyik, ata!

Bir neçə ay öncə Gəncəyə gedəndə həmin dəmir lövhələrin yanından keçərkən ibtidai sinif uşaqları –Yusiflə Tuncay arasında olan dialoq idi bu.

Yusifin həyəcanında belə anlamaq olurdu ki, sanki o, atası üçün Kəlbəcəri tapıb və sevincək, bir az da qalib kimi atasını Kəlbəcərə aparmaq istəyir.

***

Bir ay öncə həmin dəmir lövhənin yanından təkrar keçirdik. Bu dəfə jurnalist dostlarımız Niyaz Niftiyev, Xaqani Səfəroğlu və Etibar Cəbrayıllı ilə.

Xaqani də o lövhəni görəndə az qala Yusif kimi həyəcanlandı.

Bu o demək deyildi ki, Xaqani Bərdədən Şuşaya, Kəlbəcərə qədər olan məsafəni bilmirdi.

Sadəcə, bizə bu qədər yaxın olan məsafəni qət edə bilmədiyimizə inanmaq istəmirdi elə bil, buna təəccüblənirdi və qəribə bir etiraz edirdi.

- Cəmi bir saat yarıma, uzaq başı iki saata Kəlbəcərdə olarıq e, Elşad!

Bilirsən, bu nə deməkdir..!

- Xaqani, sən o rəqəmə baxma, cəmi 100 kilometr olan bu məsafə Amerikadan da "uzaq"dır. Min illər qədər aralaşmışıq o yerlərdən...

Elə deyilmi?

Deyəsən cavabım Xaqanini çox təsirləndirdi, başını aşağı salıb bir az da günahkarcasına dediklərimi məcburən təsdiqlədi.

***

Amerikadan da uzaq görünən itirilmiş yurd yerlərimizi bir neçə gün qabaq aldığımız qara xəbər bizə çox yaxınlaşdırdı.

Bu xəbərdən sonra adama elə gəlir ki, Qarabağ, Kəlbəcər itirilməyib, o yerlər daha bizə uzaq da deyil.

Müharibə gedir, torpaqlarımızın ermənilərdən təmizlənməsi müharibəsi...

Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Kəlbəcər xəbərini nəzərdə tuturam.

Uzun zaman idi ki, Dilqəm Əsgərov dostları ilə hər yay doğulub böyüdüyü Kəlbəcərə gedir, ermənilərin darmadağın etdiyi ata-babalarımızın qəbirlərini, talan etdiyi evlərimizi, xarabalığa döndərilən Kəlbəcəri lentə alır və sanki Azərbaycana Kəlbəcərdən soraq gətirirdi.

Bu il isə belə olmadı...

Bu dəfə ermənilər videogörüntülər yaydı.

Bizə Dilqəm müəllimin lentə aldığı kadrlar əvəzinə ermənilər tərəfindən onun girov götürülməsi xəbəri gəldi.

Yadınızdadırsa, əvvəlcə ermənilər bu ayın əvvəllərində azərbaycanlı partizanların Kəlbəcər tərəfdən Göycəyə hücum etdikləri barədə məlumatlar yaydılar. Bunun ardından bir azərbaycanlı partizanın Kəlbəcərdə öldürüldüyü və Şahbaz Quliyev adlı azərbaycanlı partizanın isə girov götürüldüyü barədə xəbərlər ötürüldü.

Daha sonra bu şəxslərin Kəlbəcərdə yeyib-içmə, nəhayət Dilqəm Əsgərovun tutulma anının videosu paylaşıldı.

Erməni tərəfinin Kəlbəcər istiqamətindən Göyçəyə hücum edilməsi ilə bağlı dezinformasiyası onu deməyə əsas verir ki, onlar əvvəlcədən Dilqəmin dostları ilə Kəlbəcərə getmələri barədə məlumat əldə ediblər.

Hesab etmək olar ki, bu məlumatı yayan zaman artıq Dilqəm Əsgərovgil ən azından nəzarətdə olublar.

Yuxarıda qeyd etdiyimiz kimi Dilqəm Əsgərov uzun illər idi ki, hər yay Kəlbəcərə gedib videogörüntülər alıb geri qayıdırdı.

Bu görüntülər internet məkanında yayımlanırdı. Heç şübhəsiz ki, bundan erməni xüsusi kəşfiyyat orqanları da məlumatlı idi.

O biri tərəfdən süni şəkildə işğal olunmuş Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər bu məsələdən rahatsız olurdular və onlarda xof yaranırdı. Başa düşürdülər ki, başqasının evinə sahiblənmək olmaz. Ev sahibi bu gün, sabah mütləq öz evinə qayıdacaq.

Hətta bu kimi məsələlərə görə gizlin olaraq işğal olunmuş Azərbaycan torpaqlarını tərk edib xaricə üz tutan ermənilər də olub.

Təbii ki, bütün bunlar erməni tərəfini ciddi şəkildə narahat edib və Dilqəm Əsgərovun aradan götürülməsi onlar üçün prioritet olub.

Ermənistanın partizan adlandırdığı bu 3 şəxsin partizan olduğu elə ermənilərin yaydığı videosüjet ilə təkzib edilir. Partizan olan şəxslər çox sərbəst şəkildə, heç bir qoruma olmadan günün günortası hansı ağılla ocaq qalaya, kabab bişirə, araq içərdilər?

Yox, əgər ermənilər o kadrı azərbaycanlıları aşağılamaq üçün yayıblarsa, bu da çox uğursuz çabadır. Çünki 3 nəfər adi insanın erməni hərbçilərinin əhatəsində bu şəkildə sərbəstliyi erməni hərbinin zəifliyini göstərir.

Günlərin bir günü bu 3 nəfərin 300 nəfər olacağını kimsə istisna edə bilməz. O zaman necə olacaq? Adamların öz evinə getmək haqqını kimsə onlardan ala bilməz.

Bu kadrın 3 nəfərin şəxsi arxivi üçün çəkildiyi kimsədə şübhə doğurmur. Şəxsi məqamlarda isə dostlar hər şeydən danışa bilərdilər. Hətta bu müstəvidə onların yanında erməni qızlarının olması da təəccüblü görünməzdi. Ona görə ki, onlar partizan deyildilər. Kimisə öldürmək istəyində də deyildilər. Öz evləri üçün darıxmışdılar.

Ermənilərin yaydığı digər videogörüntü guya Dilqəm Əsgərovun girov götürülmə anını əks etdirir. Qətiyyən, bu kadrın həmin ana heç bir dəxli yoxdur.

Sadəcə, girov götürüldükdən sonra bir yerdən başqa yerə aparılma anıdır. Və əminliklə qeyd etmək olar ki, ermənilər heç zaman Dilqəm Əsədovun necə girov götürüldüyünün görüntülərini yaymayacaqlar.

Məsələnin düşündürücü tərəflərindən biri də odur ki, bir erməni mayorunun öldürülməsi və erməni qadınının yaralanması da Dilqəm Əsgərovgilin adına bağlanır. Amma bunun necə baş verməsi barədə heç bir məlumat yoxdur. Bunun özü də ermənilərin əleyhinə işləyən fakdır, əgər doğrudan da fakdırsa.

Əminliklə qeyd edə bilərik ki, bundan sonra da ermənilər girov götürdükləri azərbaycanlıların şəxsi məqsədlərlə lentə aldıqları bəzi görüntüləri yayacaqlar. Amma erməni təbliğat maşını bu məsələdə başlanğıcdan özünü ifşa etdi.

Yuxarıda qeyd etdik ki, Amerikadan da uzaq görünən itirilmiş yurd yerlərimizi bir neçə gün qabaq aldığımız bu qara xəbər bizə çox yaxınlaşdırdı.

Bu qara xəbərin ağ tərəfləri bununla bitmir.

Ermənilər bir daha anladılar ki, azərbaycanlılar düşündükləri qədər də unutqan deyillər. Erməni siyasətçilərinin Azərbaycanın işğal olunmuş əraziləri boşaltmaları ilə bağlı vaxt uzatması azərbaycanlıların öz torpaqlarından vaz keçmək anlamına gəlmir.

Azərbaycanın cəmiyyətinin toparlanmasında da bu qara xəbər az rol oynamır. Və bir də onu göstərir ki, insanlar öz evlərinə mütləq gedəcəklər.

Bəli, Dilqəm Əsgərov və dostları Kəlbəcərə, öz evlərinə gedərkən girov düşəcəklərini, öldürüləcəklərini göz önünə almamış deyildilər. Amma bütün bunlar onları qorxutmadı. Bu, onların yolu idi, adamları evlərinə aparan yol.

Dilqəm Əsgərovu öz evinə aparan yol elə bizləri də öz evimizə aparan yoldur.

Bu yolda ölüm, itim olacaq. Ancaq bu yol bizi öz evimizə aparan yeganə yoldur.

Bizim bu yoldan başqa yolumuz yoxdur.

Yolçu yolda gərək!!!


modern.az