İlham Əliyev yenidənqurma işləri ilə tanış oldu - FOTO

İlham Əliyev Xızıdakı Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub

Prezident İlham Əliyev Xızı rayonuna səfəri çərçivəsində Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub. AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, rayon icra hakimiyyətini başçısı Xızıdakı Heydər Əliyev Parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Rayon mərkəzində yerləşən bu mədəniyyət və istirahət parkının ərazisi tamamilə yenidən qurulub. Xızının mərkəzi hissəsinə xüsusi yaraşıq verən bu park rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edir.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən abadlıq və quruculuq işləri barədə dövlət başçısına məlumat verib.
Bildirilib ki, rayon sakinlərinin mənalı istirahəti və asudə vaxtlarının səmərəli təşkili üçün 3,6 hektar ərazidə salınmış parkda ardıcıl olaraq yenidənqurma və tikinti-quraşdırma işləri aparılır. Yenidənqurma işləri zamanı milli memarlıq üslubu ilə müasirlik tam uzlaşdırılıb, orijinal elementlər və formalarla zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib, çəmənlik salınıb.

Qeyd olunub ki, ölkəmizdə aparılan abadlıq-quruculuq işləri əhalinin istirahətinin təşkilində ciddi dəyişikliklərə səbəb olub. Şəhər və rayonlarımızın simasını daha da gözəlləşdirən yeni parkların salınması, həmçinin mövcud parkların yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bu da regionlarda həyata keçirilən quruculuq işlərinin davamlı və kompleks xarakter daşımasına əyani sübutdur.

Prezident İlham Əliyevə Xızı şəhərinin mərkəzi hissəsinin yenidən qurulması layihəsi barədə ətraflı məlumat verilib.

Bildirilib ki, layihədə nəzərdə tutulan "Xızı Grand Hotel" ən yüksək standartlar səviyyəsində inşa olunacaq.








AzNews.az