“Bakcell” məhkəməyə verilir - Dələduzluq ittihamı

Mobil operatorların qurbanı olan vətəndaşların sayı günbəgün artır.

Sumqayıt şəhər sakini Elçin Həsənov Axar.az-a açıqlamasında "Bakcell" şirkətinin internet xidmətindən istifadə etmək arzusunun gözündə qaldığını bildirib. Onun sözlərinə görə, şirkət "Sür@" (Sürət) adlı data kartı bir ay limitsiz olaraq işlətməyi vəd etsə də, cəmi bir neçə gündən sonra vətəndaşı internetsiz qoyur.

"Təxminən iyunun 27-də 25 manat ödəyərək "Sür@" data kartı aldım. Sonra şirkətin internet portalına baxanda "15 manat pul verib 1 aylıq limitsiz "Sür@" İnternetinə qoşulmaqla "Siz Sür@ Data Kartını PULSUZ əldə edəcəksiniz!" yazısını gördüm. Burda məni aldatmaqları bəs deyilmiş kimi, üstəlik ötən müddətdə data kart normal surətlə işləməyib".

E.Həsənov xidmətin nasazlığını araşdırmaq məqsədilə 555 məlumat bürosuna zəng edib. Bu dəfə də laqeydliklə rastlaşıb:

"Data kartın zəifliyindən şikayət edəndə mənə operator nəzakətsiz tərzdə bildirdi ki, bu 8 gündə data karta yüklənən 15 manatlıq meqabayt artıq işlənib bitib. Siz tərəfdən yenidən 15 manatlıq paket - meqabayt yüklənməlidir ki, normal surətli internet alasınız. Qısası, öyrəndim ki, "Baksell" şirkəti tək məni yox, yüzlərlə belə müştərisini aldadib".

Qeyd edək ki, son aylarda "Sür@"-in sürəti xeyli azalıb. Bunu istər paytaxtda, istərsə də rayonlarda yaşayan istifadəçilər dəfələrlə səsləndiriblər. Zəif sürətlə işləyən xidmətin üstəlik baha və qısa limitli olması isə istifadəçiləri narazı salıb. Sumqayıt sakini E.Həsənov isə hüquqlarının bərpası üçün məhkəməyə müraciət edəcəyini bildirib:

"Bir aylıq limitsiz kart desələr də, "Bakcell" bir necə gündən sonra ödədiyimiz məbləğin işlənib bitdiyini deyərək bizi internetsiz qoyur. Mən bu məsələni belə qoymayacam və onlara qarsı məhkəmə davası açmağı düşünürəm".

Məsələyə "Baksell" şirkətinin mövqeyini öyrənməyə çalışdıq. Şirkətin mətbuat xidmətindən bildirdilər ki, abunəçini satıcılar aldadıb:

"Bizim bütün dilerlərdə data kartın rəsmi qiyməti 15 manatdır. Abunəçi yəqin ki, data kartı başqa yerdən - 3-cü əldən alıb. Ona görə də məhsulu ona baha satıblar".

Balansın tez bitməsinə gəlincə, bununla bağlı "call center"də yoxlama aparıldığını və abunəçi ilə birbaşa əlaqə saxlayaraq problemin aradan qaldırılacağını bildiriblər.