QHT rəhbərləri ölkəni tərk etməyə hazırlaşır

Azərbaycanda fəaliyyət göstərən bir neçə qeyri-hökümət təşkilatının bank hesabı dondurulub.

Axar.az-ın əldə etdiyi məlumata görə, bank hesablarının dondurulmasına səbəb maliyyə yoxlamaları zamanı vəsaitlərdən qeyri-şəffaf istifadə edilməsi ilə bağlı üzə çıxan məqamlardır.

Təşkilat rəhbərləri isə bundan narahatdırlar və hesablarına həbs qoyulmasını öz həbslərinə aparan yol hesab etdiklərindən, ölkəni tərk etməyə hazırlaşırlar.

Hansı QHT-lərin bank hesabları dondurulub?

Jurnalist Aynur İmranqızının rəhbərlik etdiyi İnsan Hüquqları, İctimai Vəkil, Mirvari Qəhrəmanlının sədri olduğu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı, Zöhrab İsmayılın rəhbəri olduğu Azad İqtisadiyyata Yardım, hüquqşünas İntiqam Əliyevin sədrlik etdiyi Hüquq Maarifçiliyi Cəmiyyəti birliklərinin bank hesabları dövlət tərəfindən dondurulub.

QHT-lərin Həyəcan Şəbəkəsinin üzvü Rəsul Cəfərli belə bir problemin olduğunu təsdiqləyərək, bir sıra əlavələr də etdi:

"Bəli, belə bir problem var. Sözügedən QHT-lərin bank hesabları dondurulub. Fikir versəniz, görərsiniz ki, bank hesabları dondurulanların hamısı aparıcı QHT-lərdir. Elə mənim özümdə də analoji problem var. Fərq odur ki, təmsil olunduğum QHT-nin deyil, şəxsi bank hesablarım dondurulub. Səbəbini öyrənmək üçün müraciət etmişəm. Səbail Rayon Prokurorluğundan bir neçə gün ərzində cavab verməlidirlər".

QHT təmsilçisi bank hesablarının dondurulmasının şəfafflıq məsələləri ilə heç bir əlaqəsinin olmadığını düşünür:

"Düşünmürəm ki, şəffaflıq məsələsinə görə kiminsə hesabı dondurulsun. Hesabları dondurulan QHT-lərin demək olar ki, hamısı açıq və şəffaf işləyən təşkilatlardır. Ədliyyə Nazirliyinə 3 müqavilə təqdim etmişəm ki, qeydə alsınlar, ancaq onlardan səs çıxmır. Deyirəm ki, 3 müqavilə bağlamışam, buyurun baxın, qeydiyyata alın. Ancaq heç bir cavab vermirlər. Şəffaflıq axtaranlar bu müqavilələrimizi niyə qeydə almır?"

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin mətbuat xidmətinin münasibətini öyrənmək mümkün olmadı.