“Qarabağ”, “Neftçi”, “İnter”in şansları nə qədərdir - Yunis Hüseynov dəyərləndirir

Ötənlərin məşhur futbolçusu, tanınmış mütəxəsis Yunis Hüseynov Avrokuboklarda mübarizə aparan hər üç komandamızın-"Qarabağ", "Neftçi" və "İnter"in şanslarını dəyərləndirib. AzNews.az-a açıqlama verən Hüseynov Çempionlar Liqasındakı yeganə təmsilçimiz "Qarabağ"ın mərhələ adlamaq şansının yüksək olduğunu bildirsə də, ağdamlıları yetərincə ağır oyunun gözlədiyini qeyd edib:

""Qarabağ"ın səfərdə qalib gələcəyini demişdim. İnanıram ki, komanda Bakıdakı oyuna da ciddi yanaşacaq və mərhələni keçəcək. Amma deyim ki, burdakı oyun Maltadakından daha ağır keçəcək".

Mütəxəssis Avroliqadakı təmsilçilərimizdən olan "İnter" haqda isə bunları deyib:
"Doğrusu "İnter"in səfərdə "Elfsborq"a qalib gələcəyinə inanmırdım. Bu nəticəyə görə arxayınlaşmaq olmaz. Yəni rəqibin itirəcəyi heç nə yoxdur. Həm "Valletta", həm də "Elfsborq" Bakıda qələbə üçün meydana çıxacaqlar. İsveç təmsilçisi yetərincə normal komandadır".

Yunis Hüseynov flaqman "Neftçi" barədə danışarkən rəqibin qol vurmaq bacarığına diqqət çəkib. Mütəxəssis qeyd edib ki, Avroliqanın ilk mərhələsində keçirdiyi iki oyunda vurduğu 9 qol "Koper"in bu baxımdan üstün olduğunu göstərir:

""Neftçi"nin də növbəti mərhələyə adlamaq şansı var. Sadəcə rəqibin üstünlüyü daha çox qol vurmağıdır. İlk mərhələdə iki oyuna 9 qol vurmuşdular. Bakıda "Koper"in vurduğu qollar müdafiənin və qapıçının səhvindən idi. Səfərdə hücum futbolu oynasalar, daha yaxşı olar. "Neftçi" rəqibin üstün cəhətlərinə daha çox diqqət yetirməlidir".

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsindən mübarizəyə başlayan "Qarabağ" bu gün saat 21:30-da Tofiq Bəhramov adına Respublika stadionuda Maltanın "Valletta" kollektivi ilə cavab oyununa (ilk oyun 0:1 "Qarabağ"ın xeyrinə başa çatıb) çıxır.


İntiqam Valehoğlu
AzNews.az