Anar Məmmədovun öldürülən işçisi barədə - İlginc açıqlama (FOTO)

Bu gün "Yeni Müsavat" qəzetdə iyulun 11-də Nəsimi rayonundakı mənzilində qətlə yetirilən "Qarant Sığorta" ASC-nin İdarə Heyətinin üzvü Natəvan Əliyevanın ölümü ilə bağlı geniş material dərc olunub. Məqalədə Natəvan Əliyevanın "Qarant Sığorta" ASC-nin rəhbəri Anar Məmmədovla yaxın münasibətlərinin olmağına eyham vurulub. Həmçinin qeyd olunub ki, mərhum Natəvan Əliyeva qısa müddətdə şirkətin idarə heyətinin üzvü vəzifəsinə irəli çəkilib, bahalı ev alıb və həmçinin ölümündən bir neçə gün öncə dost-tanışla ünsiyyətdən qaçıb. Bundan əlavə istintaqın gedişiylə bağlı müəmmaların da olduğu bildirilib. (Məqalənin tam mətnini BURADAN oxuya bilərsiniz)

Məsələ ilə bağlı AzNews.az-ın əməkdaşı mərhumun yaxınlarını tapa bilib. Danışmağa razılıq verən N.Əliyevanın bacısının həyat yoldaşı Əli Məmmədov yayılan informasiyalardan xəbərdar olduğunu və bir neçə məqama aydınlıq gətirə biləcəyini deyib.

Altı ildir Natəvan Əliyevanın bacısı ilə ailəli olduğunu bildirən Məmmədovun sözlərinə görə, mərhum "Qarant Sığorta" ASC-da işləyənədək digər sığorta şirkətində - MBAX sığorta şirkətində çalışıb: "Bu şirkət yarandıqdan sonra isə baldızım Natəvan xanıma bu şirkət tərəfindən təklif olub və o da bununla razılaşıb. Burada qeyri-adi heç nə yoxdur. Yəni hər bir insan karyera əldə etmək və daha sərfəli təkliflər olanda onu dəyərləndirir. Bu baxımdan Natəvan xanım da ona edilən təklif daha sərfəli bir təklif olduğu üçün qəbul edib və ilk gündən bu şirkətdə işə başlayıb. Yaxşı işlədiyinə görə "Qarant Sığorta" ASC-yə dəvət olundu və şöbə müdiri kimi işə başladı. Onun şirkətdə İdarə Heyətinin üzvü seçilməsi isə onun bilik və bacarığı hesabına olub. Belə ki, uzun müddət bu sahədə çalışdığından təcrübəli olub və bir də rəhbər seçkili orqanlara seçilərkən imtahan verib. Digər tərəfdən o bu müddət ərzində üç ixtisasartırma kursunda iştirak edib. Üç ildən sonra Zərərlərin Tənizmlənməsi departamentinə rəhbər seçilib. Orda da özünü peşəkar cəhətdən göstərdiyinə görə iki il əvvəl imtahan verərək, qurumun idarə heyətinə üzv seçilib. Həmin imtahana bir il hazırlaşmışdı".

Əli Məmmədov baldızının "Qarant Sığorta" ASC-nin rəhbəri Anar Məmmədovla yaxın münasibətlərinin olması barədə yazılanlara da aydınlıq gətirib və bunun həqiqəti əks etdirmədiyini deyib: "Qəzetdə yazılır ki, son bir neçə ayda idarə heyətinin üzvü olub. Hətta iddia olunur ki, Natəvan Anar Məmmədovun yaxın tanışı olub. Bu adam Anar Məmmədovun üzünü tədbirdən tədbirə görüb. Heç ünsiyyətləri olmayıb. Çünki orda bütün işləri aparan Natəvan yox, İdarə heyətini sədridir. Yazıda qeyd olunur ki, son on gündə yaxın çevrəsindən uzaqlaşıbmış, sosial şəbəkədə profilini bağlayıbmış. Bu da yalandır. Bu dəqiqə də onun profili açıqdır... Çevrəsindən də uzaqlaşmamışdı. Ölümündən bir neçə gün əvvəl bizimlə kinoya da getmişdi".

Onun ev alması ilə bağlı məsələyə aydınlıq gətirən Ə.Məmmədov dedi ki, Natəvan Əliyeva 6 il əvvəl ipoteka ilə özünə Nəsimi rayonu ərazisində, "Dostluq" kinoteatrının yaxınlığında bir otaqlı mənzil alıbmış: "Həmin mənzilə görə isə ayda 380 manat kredit ödəyirdi. Hələ dörd il krediti qalmışdı. Özü ayda 400 manat ödəyirdi ki, ödəniş tez qurtarsın... Deyilənlər hamısı yalandır. Bir insanın faciəsini şişirdib onun yaxınlarının hissi ilə oynamaq heç kimə yaraşmaz".

Ə. Məmmədov mərhumun valideyinləri haqqındakı informasiyaları da təkzib edib: "Onun atası dənizçi deyil, neft sahəsi üzrə mühəndis-geoloq və üç ildir ki, yataq xəstəsi kimi insultdan əziyyət çəkir, anası isə tibb bacısı yox, sahə həkimi olub".

Əli Məmmədov istintaqın gedişi barədə də danışıb və bildirib ki, istintaq onlara lazım olan dəlil-sübutu təqdim edib: "İş hazırda Bakı Şəhər Prokurorluğundadır. Bizə o qədər ətraflı dəlil və sübutlar təqdim edilib ki, qətlin məhz Natəvanın evində işləyən usta Tərlan Tahirov tərəfindən törədildiyinə əminik".

Ə.Məmmədov qətlin necə baş verməyi haqda da danışıb. Onun sözlərinə görə təxminən 6 ay əvvəl N.Əliyeva evinə mebel ustası, 1988-ci il təvəllüdlü Quba sakini Tərlan Rahib oğlu Tahirovu dəvət edib. Mətbəx mebelini quraşdıran usta sonradan tamah məqsədi ilə Əliyevanın evinə gəlib və özü ilə gətirdiyi bıçaqla onun bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək onu öldürüb. Daha sonra o, mənzildəki N. Əliyevaya aid qızıl-zinət əşyalarını götürüb hadisə yerindən qaçıb: "Bizə qətlin tam təfərrüatı da məlumdur. Sadəcə istintaq sirri olduğundan hələlik açıqlamaq istəmirəm".

AzNews.az qətlə yetirilən şəxsin fotolarını təqdim edir:







İntiqam Valehoğlu
AzNews.az