Şou-biznesimizin məşhurları Kəlbəcərdə girov götürülənlərdən xəbərdardımı?

Bu yaxınlarda gizli yolla doğma yurdları Kəlbəcərə keçən 3 azərbaycanlının (Dilqəm Əhmədov, Şahbaz Quliyev, Həsən Həsənov) ermənilər tərəfindən girov götürülməsi xəbəri cəmiyyətdə böyük müzakirələrə səbəb oldu.

Son məlumatlara görə, girov götürülərkən Həsən Həsənov öldürülüb. Digər iki nəfər isə hələ ki, sağdır.


AzNews.az xəbər verir ki,lent.az mətbuatda müzakirə olunan bu mövzu ilə bağlı Azərbaycan şou-biznesinin bəzi nümayəndələrinə müraciət edib. Maraqlıdır, görəsən onlar bu yaşananlardan xəbərdardırlarmı?


Bu mövzuya ilk reaksiyanı xalq artisti Faiq Ağayev verib: "Təbii ki, girovluqda olanlar mənim ölkəmin vətəndaşlarıdır. Mən videoya da baxdım. Azərbaycanlı birisinin "biz dədə-babadan mal-qara oğurlamaqla məşğuluq" deməsi, heç də xoşuma gəlmədi.

Azərbaycanlılarımız arasında kimsə durub deyəndə ki, biz nəsillikcə oğurluqla məşğul oluruq, mən təsəvvürümə gətirə bilmirəm, hansısa bir həmyerlimiz dönüb ona desin ki, əcəb eləyirsən. Amma bu sözün cəzası ictimai qınaq ola bilər. Girov götürülmək isə vətəndaşımızın hüquqlarının pozulmasıdır. Burada artıq ona qarşı törədilən cinayətin hüquqi məsuliyyətindən söhbət getməlidir. Təbii ki, erməni mənim azərbaycanlıma öz doğma torpağında əzab, işgəncə verirsə, mən buna biganə qala bilmərəm. Bir millət, toplum olaraq, buna hüquqi qiymət verməliyik. Və bir vacib məqamı vurğulamaq istəyirəm ki, bu insan özgə ölkənin ərazisinə getməyib, elə öz ölkəmizin işğal altında olan ərazisinə gedib. Bəzi jurnalistlər yazılar yazmışdılar ki, Kəlbəcərdən Azərbaycana zəng edib. Başa düşmədim, bəyəm Kəlbəcər Azərbaycan deyil? Görün, bir nəsil insanlar var ki, artıq o torpağı Azərbaycanla identifikasiya eləmirlər. Bax, bu, pisdir. Belə detallara fikir vermək lazımdır".


Xalq artisti Bilal Əliyev: "Sözsüz ki, hər iki tərəfin kəşfiyyatı olur. Bu olmalıdır da. Özümüzün də xəbərimiz olmadan kəşfiyyat olur. İndi bu Allahın işidir, necə olubsa, onlar tutulub. Canımızın bir parçasıdırlar. İndi bilmirəm dəyişmək, yoxsa hansı yolla bunu etmək lazımdır. Çünki həmin adamların da yaxınları var. Hərə bir söz danışır. Bəzisi deyir ki, birinin gözünü çıxarıblar".


"Sizin doğmalarınızdan hansınınsa birinin qəbri orda olsa idi, eyni addımı atardınızmı" - sualına isə B.Əliyev bu cür cavab verib: "Ümumiyyətlə, hər bir işi ağılla etmək lazımdır. Sən bilirsən ki, düşmənin əlində olan əraziyə keçirsən. Özünü elə sığortalamalısan ki, xətasız, sağ-salamat qayıda biləsən. Bunların səhvi olub. Bəlkə də ölülərinə olan məhəbbətləri onları ora aparıb. Məsəlçün mən də bilsəydim ki, anamın, atamın qəbri ordadır, gecəyarı yadıma düşsə idi, ölümün üzünə dik baxa-baxa mən də gedərdim".


Xalq artisti Səməd Səmədovsa mövzudan bixəbər olan məşhurlardandır. Xəbəri eşitdikdən sonra, bəhanə gətirir: "Bilirsiniz mən... Açığı, indi evdə səs küydür. Nəvələrimin səsini eşidirsiniz də? İndi bu mövzuya münasibət bildirməsəm olar? Yarım saat sonra mənimlə əlaqə saxlayarsınız", - deyən xalq artisti telefonunu qapadıb. Dediyi kimi də edirik. Yarım saat sonra əlaqə saxladıq. Yenidən mövzumuzu xatırladırıq, S.Səmədovsa "Bilirsiniz, indi mən bağda dincəlirəm. Yaxşı olar ki, bu mövzunu prodüserimdən soruşasınız".


Müğənni Əlikram Bayramov da, görünür, sənət dostu, xalq artisti S.Səmədovdan geri qalmır. "Bilirsiniz, mən indi danışa bilməyəcəm. İndi bu mövzu barədə nəsə deməyim. Daha doğrusu, şərh verə bilmərəm".


Xalq artisti Niyaməddin Musayev də mövzuya biganə qalmayıb: "Ora bizim torpaqlardı. Keçiblərsə, yaxşı ediblər. Öz doğma yurdlarını ziyarətə gediblər. Mənim doğmalarımın qəbri orda olsa idi, mən də eyni addımı atıb, doğmalarımın qəbrini ziyarət edərdim".


Müğənni Rəşad İlyasov mövzudan agahdır: "Bilirsiniz, tarixən ermənilərin Azərbaycan xalqına etdiyi zülmün şahidi olmuşuq. Bir neçə gün öncə Kəlbəcərə doğmalarının qəbir üstünə gedən azərbaycanlılar barədə məlumatı oxudum. Açığı, onların cəsarətlərini alqışladım. Amma əsir götürülməklərinə pis oldum".

AzNews.az