“Dütdülü”yə sevinmək vaxtı deyil

Ceyhun Musaoğlu

Jurnalistikanın məqsədi cəmiyyəti düzəltməkdi. Kimimiz tənqid, kimimiz təriflə bu nəticəni almaq istəyirik. "Neftçi" üzərindən istədiyimə çatdım. Ancaq bəzi iradlarımı hələ də geri götürmürəm. "Neftçi" zəif oyunu ilə çox uzaqlara gedə bilməyəcək. "İnter"-in məğlubiyyətinə üzüldüm. "Qarabağ"ın böyük hesabla qalib gəlməsi bizə böyük fərəh verdi. Ancaq bu komanda da o sürəti ilə çətin ki, mənzil başına birinci çata. İndi sürət əsridi, yeriyirlərsə qaçmalısan, qaçırlarsa uçmalısan.
Avropa Liqası II təsnifat mərhələsinin ilk oyununda Azərbaycan kubokunun qalibi "Neftçi"nin Sloveniyanın "Koper" klubun 1:2 hesabı ilə uduzmasının ardından sərt ifadələrlə dolu yazım oldu. Cavab qarşılaşmasında "Neftçi" iki cavabsız top vuraraq növbəti mərhələyə çıxdı.
Deyirsiz tənqid eləmək olar, tərifləmək yox?.. Əlbəttə tərifləmək də olar. Sadəcə hələ tezdi. Biz çox gecikmşik. Bir qələbə ilə bayram olmaz. Bizim taylarımız çoxdan turnirlərin, çempionatların qalibi olublar. "Dütdülü"yə sevinmək vaxtı deyil. Həqiqətən futbolumuz axsayır. Min səbəb söyləmək olar. Əsas səbəb isə sevgisizlikdi. Əzmkarlıq yoxdursa, deməli, sevgi yoxdur. Xaricilər heç vaxt bizim komandanı sevməyəcək. Onlar muzludurlar, pullarını alıb oyanayacaqlar. Öz futbolçularmızın yetişməsi ehtimalı isə hər gün sürətlə sıfıra yaxınlaşır.
Təfəkkür amili də var. Yeniyetmə futbolçu istedadı sayəsində gəlib böyük bir komandaya çıxır. İki qol vurandan sonra ev alır, maşın alır, olur varlı-karlı biri. Dünənə qədər ket almağa pulu olmayan adamın ən böyük arzusu mütləq pul olmalıdı. İki qol vuraraq arzusuna çatıb. Karyera sözü ona yaddı. Düşünsün ki, burda yaxşı oyun göstərsin, avropa mütəxəssislərinin diqqətini cəlb etsin və gedib xaricdə oynasın, bu absurd olar. Niyə düşünməlidi? Azərbaycanda insan dünyaya yemək üçün gəlir. Yeyir də... ayı çıxır 10-15 minə, axırıncı model avtomobili, super təmirli evi. Bir-iki ildən sonra obyekti də olur, daha itirəcək qorxusu qalmır. Olmasın futbol.
Adlar çəkə bilərəm. Şəxsən neçə belə futbolçu tanıyıram. Bizdə futbol, ümumiyyətlə idman kasıblığın daşını atmaq üçündü.
"Neftçi" qədeş, kifayət qədər varlanmısan, daha belində daş-maş da yoxdu. Sürət götür, yeriyirlərsə qaç, qaçırlarsa uç. Gözün geridə qalmasın, qarşına bax gör qabaqda nə qədər komandalar var. O komandaların hər oyunçusunun pulu bizim futbolumuzun büdcəsindən çoxdu. Fərqimiz təfəkkürdədi. Onlar dəqiq bilirlər ki, yemək yaşamaq üçündü. Və yaşamaq da futbol üçün.