TQDK hərbi liseylərə qəbul imtahanı keçirir

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin Feldşer ixtisasına qəbul imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən AzNews.az-a verilən xəbərə görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 4 binada təşkil olunub. İmtahanın idarə olunmasına 19 imtahan rəhbəri, 204 nəzarətçi-müəllim cəlb edilib. İmtahanda 2429 abituriyentin (Bakı şəhərində 1711 nəfər, Naxçıvan şəhərində 718 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 106 nəfəri Hərbi Tibb Məktəbinə, 2323 nəfəri isə hərbi liseylərə imtahan verəcək.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 2 saat davam edəcək. Abituriyentlər imtahana özləri ilə 2 sənəd - şəxsiyyəti təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

AzNews.az