Ukraynada yaşayan azərbaycanlılar prezidentə müraciət etdilər

Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi ölkədə yaşayan azərbaycanlılar adından Ukrayna Prezident Administrasiyasına, baş prokurora və daxili işlər nazirinə müraciət edib.

Konqresdən APA-ya verilən məlumata görə, müraciətdə 26 iyul 2014-cü ildə keçmiş deputat, Poltava vilayətinin Kremençuq şəhərinin meri, iş adamı milliyyətcə azərbaycanlı olan Oleq Babayevin qətlə yetirilməsindən və bunun son 3 ayda Ukraynada ikinci tanınmış azərbaycanlıya qarşı sui–qəsd olmasından ciddi narahatlıq ifadə olunub.

Müraciətdə bu ilin mayın 14-də BUAK sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyevə eyni şəkildə sui-qəsdin törədilməsi, onun təsadüf nəticəsində sağ qalması xatırladılıb və qeyd olunub ki, bu hadisələr bəzi qüvvələr tərəfindən son vaxtlar ölkədə tanınmış, fəal azərbaycanlılara qarşı təqiblərin sayının artdığını göstərir:

"Oleq Babayevin öldürülməsi ilk hal deyil. Nəzərə alsaq ki, təxminən iki ay əvvəl Rövşən Tağıyevə də silahlı basqın olub, bu o deməkdir ki, biz azərbaycanlılar növbəti belə bir sui-qəsdin azərbaycanlıya qarşı törədilməyəcəyinə əmin deyilik. Ukrayna dövlətinin inkişafında daim fəal olan azərbaycanlılar bu məsələnin ciddi nəzarətə götürülməsini və baş verən cinayət hadisələrinin tezliklə araşdırılıb, cinayətkarların cəzalarına çatmasını istəyirik".

AzNews.az