Kəlbəcər əsirindən ikinci məktub - Fotolar

Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdə əsir götürdüyü Şahbaz Quliyevdən ikinci məktub da gəlib. İkinci məktubun da məzmunu birincidən fərqlənmir.


AzNews.az Anspress-ə istinadən məlumatına görə, məktubu bu gün saat 12:00 radələrində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Bərdə ofisinin əməkdaşları girovun bacısı İlhamə Quliyevaya verib. İki cümlədən ibarət olan məktubun ikinci sətirindəki yazının qələmlə qaralanması isə Şahbaz Quliyevin yaxınlarını narahat edir.

Onların fikrincə, Şahbaz məktubu təsir altında yazır və vəziyyəti heç də yazdığı kimi yaxşı deyil.

Əsirin bacısı İlhamə Quliyeva deyib: "Xahiş edirik, Şahbazın şəkillərini yollasınlar. Vəziyyətini özümüz gözümüzlə görək. Biz də yazdıq ki, bizdən nigaran olma, qızının vəziyyəti yaxşıdır. Anamızın bu işdən xəbəri yoxdur, ona bildirməmişik".

İlhamə Quliyeva

İlhamə Quliyevanın sözlərinə görə, BQXK-nin Bərdə ofisindən Şahbaz Quliyev haqqında əlavə məlumat verilməyib. Komitədən onu da bildiriblər ki, tezlikə girovlarla yenidən görüşüləcək və o zaman da əlavə məlumat veriləcək.

Şahbaz Quliyevlə birgə əsir götürülmuş Dilqəm Əsgərovun yaxınlarına gələn məktubu da dünən ailə üzvləri BQXK-nin Bərdə ofisindən alıb.


AzNews.az