Strasburqda siyasiləşmiş məhkəmə: Xanlar Hacıyev Rusiyanı müdafiə etdi

Strasburqda Avropa İnsan Haqları Məhkəməsinin "YUKOS" neft şirkətinin keçmiş səhmdarlarının iddiası əsasında Rusiyanı 1,9 milyard avro təzminat ödəməyə məhkum etməsi Moskvada ciddi narahatlıq doğurub.

Virtualaz.org saytı xəbər verir ki, Avropa İnsan Haqları Məhkəməsinin hakimi, Sankt-Peterburq Universitetinin kommersiya hüququ kafedrasının dosenti Andrey Buşev İTAR-TASS agentliyinə açıqlamasında bu qərarın Rusiya qanunvericiliyi nəzərə alınmadan qəbul edildiyini və mübahisəli olduğunu deyib.

A.Buşevin bildirdiyinə görə, məhkəmə Rusiya Konstitusiya Məhkəməsinin şərhini də nəzərə almayıb. Həmçinin "YUKOS" şirkətinin səhmdarlarının vergidən yayınması, şirkət rəhbərliyinin səlahiyyətlərindən sui-istifadə etməsi barədə faktlara məhəl qoyulmayıb. Hakim bildirib ki, qərardan şikayət verilə bilər, lakin bu, tərəflərdən asılıdır.

A.Buşev deyib ki, qərarda kompensasiyanı kimlərin alacağı da göstərilməyib. Çünki Rusiyaya qarşı iddianı "YUKOS" şirkəti qaldırmışdı. 2007-ci ildə şirkət ləğv olunandan sonra artıq mövcud olmayan şirkətin nümayəndələri kompensasiyanın "YUKOS"-un törəmə şirkəti olan "Yukos İnternational Foundation"a verilməsinə dair vəsadət qaldırdılar. A.Buşev bildirib ki, Azərbaycandan olan hakim Xanlar Hacıyev kompensasiyanın kimlərə ödənilməli olduğu barədə qeyri-müəyyənliyə dair xüsusi şərh əlavə edib.

X.Hacıyevin qənaətinə görə, bu nəticə məhkəmə praktikasına və beynəlxalq hüququn müddəalarına, o cümlədən Rusiya qanunlarına ziddir. Çünki "YUKOS"-un səhmdarları bilavasitə kompensasiya almaq niyyətlərini məhkəməyə bildirməyiblər. Bəziləri isə digər beynəlxalq məhkəmələrə üz tutublar və paradoksal vəziyyət yaranıb.

Xatırladaq ki, Strasburqda çıxarılan qərardan cəmi bir neçə gün əvvəl Haaqa Arbitraj Məhkəməsi "YUKOS"-un işi üzrə Rusiyaya 51 milyard dollar məbləğində təzminat kəsib. Qərbən getdikcə sərtləşən sanksiyalarla bir vaxtda bir-birinin ardınca iki beynəlxalq məhkəmə instansiyasının "YUKOS"-un işi üzrə qərarlarını elan etməsi bəzi analitiklərin qənaətinə görə, təsadüfi deyil və Rusiyanı sıxışdırmaq səylərinə xidmət edir.

Elə Azərbaycanı təmsil edən hakimin də Strasburqda Rusiyanı müdafiə etməsi siyasətdən uzaq hesab edilməməlidir.


AzNews.az