“Atam narkomandır, bizi küçələrə salıb ki, dilənin”- Reportaj



"10 yaşıma qədər dilənirdim. İndi daha utanıram. Neçə vaxtdı yolda maşınların güzgülərini silirəm. Çoxu söyür, eləsi olur vurur, döyür, nə edim, bu da bizim qismətimizdir ".

Gecənin yarısıdır. "28 May"dayıq. Əllərində çirkli, üzərində min cür ləkə olan parça var.
Qardaşa bənzəyirlər. Saat 2 olmasına baxmayaq, işlərini elə indicə bitiriblər. Lətifin 15, balaca İsmayılın isə 10 yaşı var.

Lətif və İsmayıl Bakı küçələrində maşın güzgüsü silirlər. Lətif deyir ki, atamla anam dilənir. Hərəsinin də öz "toçkası" var. Atasının məkanı Nərimanov, anası Sabunçu xəstəxanası, özləri isə "Yaşıl bazar"da məskən salıblar. "Kubinka"da günü 6 manata gecəqonduda qalırlar. Bütün qonşuları da Yevlax qaraçılarıdır. 4 qardaş, 3 bacıdırlar.


"Qazandığımızı onun iynələrinə veririk "

Deyir mən bu yolu seçməmişəm. "Özümü tanıyandan bu işin içindəyəm. İstərdim mən də məktəbə gedim, yazıb-oxumağı bacarım".
İki qardaş bir yerdə günə 10 manatı güclə qazanırlar. Tez-tez də polis əməkdaşlarının reydinə düşürlər. "Tutanda alver olmur. Aparırlar şöbəyə. O qədər döyürlər, amma öyrəncəliyik, təsir etmir daha..."


Atası narkomandır. "Qazandığımız pulu anamıza veririk. Atam gəlib onu döyüb alır əlimizdən. Aparır verir iynəyə. Hər gün bizi məcbur edir ki, çox pul gətirin. Yoxsa, sizi öldürərəm. Böyük qardaşımın ayağı sındı. Xəstəxanaya aparmadı pul dərdindən. İndi şikəst qalıb, normal yeriyə bilmir. Anamı, məndən balaca bacı-qardaşı qoyub gedə bilmirəm. Həm də hara müraciət edirəm, hamının bir cavabı var; sən qaraçısan...Güvənmirlər. Elə bilirlər ki, atıb qaçaram
İstəyirəm çoxlu pulum olsun, qardaşımı, bacımı qurtarım bu həyatdan. Yaşım az olsa da, çox şeylər görmüşəm. İstəmirəm məndən sonrakılar da bunları görsün".

Gözləri dolub. Göz yaşları çirkli üzündən çənəsinə axır...

Parkları özünə sığınacaq seçənlər


Bakı Dəmiryolu Vağzalının platformasındayıq. Yaşlı, cavan, arvad-uşaq skamyalarada yatıb. Qatar gözləyirlər, nədi.

"Bomj" da bir yandan. Ətrafı isə üfunət bürüyüb. Bu saqqallı isə, sanki taxta oturacaqda yox, pərqu yorğan-döşəkdədi. Ən ucuz şərab butulkaları yan-yana düzülüb. Nə qədər, səy göstərsək də, yuxudan oyada bilmirik. İçkinin təsirdən sanki qış yuxusuna gedib. Bomba partlasa, xəbəri olmaz.

Saatımız 03-15-i göstərir. Səməd Vurğun parkındayıq. Burada kimlərə desən, rast gəlmək olar. Müştəri axtaran taksi sürücülərindən tutmuş, bədənlərini satanlaradək.
Skamyada yatan bir ortayaşlı görünür gözümüzə. Üstü-başı suyun içində qalıb. Parkın su çiləyən qurğusu yatdığı oturacağı vurur. Amma bunu belə hiss eləmir. Adı Rəhimdir. Qazaxdan qonaq gəlib, qalmağa yeri yoxdu, burada yatıb. "Müəlliməm, bir iş görə gəldim, bu gecəlik yer tapmadım qalmağa. Gec idi deyə, heç kimə də zəng edə bilmədim. Üzüm kəsmədi, qohum-əqrəbanı oyadım ".


***

"Sahil bağı"ndayıq. Bu parkda da xeyli gecələyən var. Yolun kənarında oturan, yanında xeyli sellofan yığılmış ortayaşlı bir kişi diqqətimizi çəkir. Üst-başı cırıq-cındır içində. Paltarında illərin ləkələri qalıb. Deməzsən 44 yaşı var. İşə gecələr çıxır. Bir xəstə qızı var. Yoldaşı onu atıb, başqa birisi ilə ailə qurub. Danışa-danışa "Əfsanə" siqaretindən 1 dənəsini qoyur damağına. Xəyallara dalır. Tüstüdənmi, qəhərdənmi gözləri dolur. Amma bunu büruzə vermək istəmir.
Cavanlığın daş karxanalarında keçdiyini, indi isə artıq fiziki gücünün çatmasından bu cür işlər görür.

Gecənin "qara adamlarını" axtara-axtara "5 mərtəbə" tərəfə gəlib çıxırıq. "Sovetski" tərəfdə qulağımıza xoruz banı gəlir.
Səhər açılır...
Amma onlar üçün nə fərqi?

Səlcuq Elçin
Lent.az
image description image description image description image description