Qənirə Paşayeva Qənirə Paşayeva

Hardasa bir qapı gözləyir sizi...

Qənirə Paşayeva



Bir insanda özgüvən hissini oyada bilməklə, gücləndirməklə onun bütün həyatını dəyişə bilərsiniz!

Bir insanda özünə güvən hissini öldürməklə, zəiflətməklə onun bütün həyatını həyat olmaqdan çıxararsınız!.. Buna hər zaman diqqət etməliyik. Çünki hər bir insanın uğurlar qazanmasında özgüvən hissi ən önəmli məsələdir. Bu- indi Sizinlə paylaşacağım yaşam öyküsünü maraqla oxumuşdum... (amma əslində çevrəmizdə o qədər belə maraqlı yaşam öyküləri var ki...)

Deyir, fransız kökənli Lilian kanadalı gənc bir qadındı. 16 yaşında ikən atası onun yetərincə təhsil almış olduğuna qərar verdi, ailə gəlirinə öz töhfəsini verməsi üçün onu məktəbdən aldı və işləməsini istədi. Lakin məhdud bilgisi və bacarıqları Lilianın özünə güvənini azaldırdı, Lilian nə iş görəcəyini bilmirdi. Lillan iş tapmaq ümidləri zəif olduğu halda hər gün avtobusa minib böyük şəhərlərə gedir, amma bir "köməkçi axtarılır" elanına belə cavab vermək cəsarətini özündə tapa bilmirdi. Hər gün şəhərə gedir, boş-boş dolaşır və gün batanda evə dönürdü... Günlər keçərkən Lilian şəhərə gedib-gəlməyə, atası iş tapıb-tapmadığını soruşmaqda davam edirdi. Suallar gedərək daha israrlı olurdu və Lilian yaxın zamanda bir qapını döy-mək məcburiyyətində qalacağını bilirdi. Şəhərə getdiyi yolçuluq-larının birində Lilian Detroytun mərkəzindəki Carhatt Overall şirkətində bir elan gördü. Elanda "İşçi axtarılır. Katibəlik üçün içəri müraciət edin" yazılırdı. Lilian Carhatt şirkətinin bürolarına çatana qədər bir neçə mərtəbə çıxdı. Önünə çıxan ilk qapını təmkinli şəkildə döydü. Qarşısına büronun idarəçisi Marqaret Kostello çıxdı. Lilian zəif ingilis dilində katibəlik işi üçün gəldiyini dedi və 19 yaşında olduğu yalanını söylədi. Marqaret doğru olmayan bir şey olduğunu sezdi, amma bu qıza bir şans vermək istədi. Lilianı şirkətin çalışma bürosuna götürdü. Sıra-sıra insanların yazı makinalarının önündə oturduqları büroya girən Lilian sanki yüz cüt göz ona dikilibmiş kimi tədirgin oldu... Başını önə əyib gözlərini yerdən qaldırmadan Mar-qareti izləyərək otağın arxa tərəfinə doğru irəlilədi. Marqaret onu bir makinanın qarşısında oturdub, "Yaxşı, Lilian, nə qədər bacarıqlı olduğuna bir baxaq" dedi.

Liliana bir məktub yazması təlimatını verib otaqdan çıxdı. Lilian saata baxdı və 11:40 olduğunu gördü. Günorta hər kəs yeməyə get-diyində qələbəliyə qarışıb qaça biləcəyini düşündü... Amma ən azın-dan məktubu yazmağa səy göstərməyin lazım olduğunu bilirdi. İlk cəhdində bir sətir yaza bildi. Yazdığı beş sözcükdə dörd xəta vardı. Kağızı çıxarıb atdı. İndi saat 11:45-di. Öz-özünə "günorta qələbəliyə qarışıb bayıra çıxacağam və heç kim məni bir daha görməyəcək" – dedi. İkinci cəhdində bütöv bir paraqrafı yazmağı bacardı... Amma yenə çox xəta buraxmışdı. Kağızı çıxarıb atdı və başdan başladı. Bu dəfə məktubu tamamladı, amma yazdıqlarında hələ də bir sıra yanlışlıqlar vardı. Saata baxdı: 11:55... Azadlığa qovuşmasına beş dəqiqə qalmışdı. Tam bu sırada Marqaret içəri girdi və bir əlini masaya, digərini qızın çiyninə qoydu. Məktubu oxudu və bir az dayandı. Sonra "yaxşı iş görürsən, Lilian" dedi. Lilian çaşqınlıq içindəydi. Öncə məktuba, sonra Marqaretə baxdı. Ürəkləndirici sözləri duyunca qaçma istəyi yox olmuş və özünə güvəni artmağa başlamışdı. Öz-özünə "O yaxşı olduğunu düşünürsə, yaxşı olmalıdır. Hesab edirəm ki, qalacağam" dedi. Lilian Carhattda qaldı, həm də 51 il (!) boyunca... Lilian, Car-hattda iki dünya müharibəsi, bir böhran, on bir dövlət başçısı və altı nazir gördü. Bütün bunların səbəbi bir insanın, özünə əmin olmayan utancaq bir gənc qızın qapını döydüyündə ona özünə güvən ərmağınını verəcək qədər xoşniyyətli olması idi.

P.S. Məqsədə doğru yolçuluğunuzda unutmayın ki, hardasa bir qapı gözləyir sizi... Döyüncə yeni imkanlar görəcəksiniz. Demək, özünüzə güvənin. İlk çətinlikdən qorxub qaçmaq hissinizi boğun... Gerisi yaxşı olacaq!..