Çində təbii fəlakət: 24 nəfər itkin düşdü

Çinin cənub-qərbində leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri 8 nəfərin ölümünə, 24 nəfərin də itkin düşməsinə səbəb olub. İtkin düşənlərin 11-i mədəndə olarkən torpaq altında qalan mədən işçiləridir.

Anspress xəbər verir ki, Çin dövlət televiziyasının məlumatına görə, ən çox ziyan Çunçin bölgəsinə dəyib. Burada daşqın elektrik enerjisi naqillərinə ziyan vuraraq, yüz minlərlə insanın işıqsız qalmasına səbəb olub. Təbii fəlakət zonasından 7000-dən çox sakin evakuasiya edilib. Xilasetmə işlərinə 500-dən çox xilasedici cəlb edilib. Siçuan və Hubey əyalətlərində isə leysan yağışla müşayiət olunan qasırğa bölgəyə ciddi ziyan vurub.

"Sinxua" agentliyinin məlumatına görə, pis hava şəraiti ilə əlaqədar paytaxt Pekin və qonşu ərazilərdə "sarı xəbərdarlıq" elan edilib. Pekin hava limanında yüzlərlə aviareys gecikib və təxirə salınıb.

AzNews.az