Səudiyyə Ərəbistanında 4 əcnəbi edam edildi

Səudiyyə Ərəbistanında bu gün narkotik maddələrin alverində təqsirli bilinən Suriyanın üç və İranın bir vətəndaşı barəsində edam hökmü icra olunub.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, Səudiyyə Ərəbistan DİN-in məlumatında bildirilir ki, Suriya vətəndaşları bir müddət əvvəl ölkədə qadağan olunan amfetamin, İran vətəndaşı isə çoxlu miqdarda həşiş narkotik maddəsi ilə saxlanılıb.

Beləliklə, Səudiyyə Ərəbistanında ilin əvvəlindən bu vaxtadək 45 nəfər edam edilib. Ötən il isə, ümumilikdə, 78 nəfər edam edilib. Hüquq müdafiəçiləri ölkədə zorakılıq tərkibi olmayan cinayətlərə görə ölüm hökmünün sayının artmasından narahatlıq ifadə edirlər.

Səudiyyə Ərəbistanında ölüm hökmü qərarı qətl, zorlama, dindən dönmə, silahlı soyğunçuluq, cadugərlik və narkotik alveri kimi cinayətlər üzrə verilir.

AzNews.az