Nazir Anar Əliyev Nazirlik yanında İctimai şuranın yeni seçilmiş üzvləri ilə görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Nazirlik yanında İctimai şuranın yeni seçilmiş üzvləri ilə görüşüb.

AzNews.az xəbər verir ki, o, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan sosial islahatları diqqətə çatdırıb. Nazir bu islahatlar prosesində, həmçinin sosial qanunvericiliyin təkmilləşdirilməsi işlərində ictimai iştirakçılığın təmin olunmasının daim diqqətdə saxlandığını bildirib.

Anar Əliyev bu istiqamətdə İctimai şura üzvləri birgə fəaliyyətin önəmini, habelə digər vətəndaş cəmiyyəti institutları ilə fəal əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Nazirlik yanında İctimai şuranın fəaliyyətinə daim geniş şərait yaradıldığı, şura üzvlərinin rəy və təkliflərinə hər zaman diqqətlə yanaşılaraq nəzərə alındığı bildirilib. Bu sahədə fəaliyyətin şəffaflıq və hesabatlılığın gücləndirilməsində, xidmətlərin və müvafiq normativ-hüquqi aktların layihələrinin daha təkmil hazırlanmasında əhəmiyyətindən bəhs olunub.

İctimai şuranın əvvəlki tərkibdə son iki ildə gördüyü işlər müsbət dəyərləndirilib, şuranın yeni tərkibdə fəaliyyətinin də səmərəli və məqsədyönlü olacağına əminlik ifadə olunub.

Şura üzvləri Nazirlik tərəfindən sosial islahatlar prosesində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa xüsusi önəm verilməsindən, İctimai şuranın fəaliyyəti üçün şərait yaradılmasından razılıqla bəhs ediblər.

9 nəfərlik yeni tərkibdə fəaliyyətə başlayan İctimai şura ilk iclasını da keçirib.

İclasda “Ümman” Əlilliyi olan Uşaqlara Qayğı” İctimai Birliyinin sədr müavini Elşad Məmmədov şuranın sədri, “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə şuranın sədr müavini, “İnklüziv Cəmiyyət Naminə Əlilliyi Olan Şəxslərə Dəstək“ İctimai Birliyinin sədri Ramilə Mahmudova şuranın katibi seçiliblər.