Məmmədyarov ABŞ dövlət katibinin nümayəndəsini qəbul etdi

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə dövlət katibinin köməkçisinin müavini Corc Kenti qəbul edib.

C. Kent Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunduğunu məmnunluqla qeyd etdi.
AzNews.az xəbər verir ki, görüşdə ikitərəfli əməkdaşlıq gündəliyinin siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrində uğurlu inkişafından məmnunluq ifadə edildi və ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsi üçün səylərin artırılmasının vacibliyi vurğulandı.

Nazir Elmar Məmmədyarov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi layihələrindən bəhs etdi və bu layihələrin reallaşdırılmasında ABŞ-ın dəstəyinin təqdir olunduğunu qeyd etdi.

Nazir Elmar Məmmədyarov, həmçinin Azərbaycanın NATO ilə tərəfdaşlığına toxunaraq ölkəmizin Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiq olduğunu bildirdi.

Corc Kent qeyd etdi ki, ABŞ energetika, təhlükəsizlik, iqtisadi və digər sahələrdə Azərbaycanla ikitərəfli münasibətləri davamlı şəkildə inkişaf etdirir. O, ölkəmizin terrorizmə qarşı mübarizə çərçivəsində Əfqanıstandakı sülhməramlı əməliyyatlara verdiyi töhfəsinin yüksək qiymətləndirdiyini xüsusilə qeyd etdi.

Nazir Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Nyu Yorkda Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş barədə danışaraq vurğuladı ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması cəhdləri qəbuledilməzdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzNews.az