Prezident İlham Əliyev Lerik rayonunda bir sıra açılışlarda iştirak edib. Prezident İlham Əliyev Lerik rayonunda bir sıra açılışlarda iştirak edib.

Prezident Lerikdə bir sıra açılışlarda iştirak etdi

Prezident İlham Əliyev Lerik rayonunda bir sıra açılışlarda iştirak edib.

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş 100 yerlik Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.

Azərbaycan Prezidenti uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdi.

Uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların sağlam və xoşbəxt böyüməsi bu gün dövlətimizin həyata keçirdiyi siyasətdə mühüm yer tutur. Respublikamızın bütün bölgələrində yeni körpələr evi-uşaq bağçalarının inşası, onların müasir avadanlıqla təchiz edilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına dövlət tərəfindən böyük dəstək verilir. Bu istiqamətdə həyata keçirilən Dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da bu sahəyə xüsusi töhfə verir. Fondun məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələri bu baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı uşaqların təlim-tərbiyəsinin, onların bilikli və savadlı yetişməsinin Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etdiyini bir daha sübut edir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş bağçalardan biri də Lerik şəhər 2 saylı körpələr evi-uşaq bağçasıdır. Bu cür gözəl və hərtərəfli şəraiti olan körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bir daha sübut edir ki, dövlətimizlə bərabər, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da gələcəyimiz olan uşaqlarla bağlı bütün məsələlərə xüsusi həssaslıqla yanaşır, onların sağlam və xoşbəxt böyüməsi üçün əlindən gələni əsirgəmir. Müasir görkəmi ilə seçilən belə müəssisələr həm də yerləşdiyi ərazinin gözəlliyini daha da artırır.

Bildirildi ki, bu uşaq müəssisənin inşasına 2015-ci ilin mayında başlanılıb. İnşaat işləri 2018-ci ilin mayında yekunlaşıb. İkimərtəbəli binada qrup, yataq, yemək otaqları və xidməti otaqlar var. Burada, eyni zamanda, musiqi və gimnastika, həmçinin kompüter otağı da balacaların ixtiyarına verilib. Müxtəlif qrupların fəaliyyət göstərəcəyi bağçada uşaqların təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmaq, onların istedadlarını üzə çıxarmaq üçün hərtərəfli şərait yaradılıb. Otaqların hamısı zəruri avadanlıq və əyani vasitələrlə təchiz olunub. Körpələr evi-uşaq bağçasının ərazisində balacaların əylənməsi üçün meydança yaradılıb.

Müəssisədə 22 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulub.

Bütün bunlar bir daha da göstərir ki, Heydər Əliyev Fondunun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb. Ümumilikdə, ölkədə son illərdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi və onların xoşbəxt böyümələri naminə olduqca mühüm layihələr icra edilib. Bunların arasında mövcud körpələr evi-uşaq bağçalarının əsaslı təmiri ilə yanaşı, yeni-yeni bu cür müasir müəssisələrin yaradılması vacib əhəmiyyət kəsb edir.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Lerikdə Bayraq Muzeyinin açılışında iştirak edib.

Dövlətimizin başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Bayraq Muzeyi və hündürlüyü 36 metr olan bayraq dirəyinin yerləşdiyi Dövlət Bayrağı Kompleksi Lerik şəhərinin mərkəzində, ümummilli lider Heydər Əliyevin adını daşıyan meydanın ərazisində yerləşir. Bu muzeyin inşasına 2018-ci ilin martında başlanılıb. Tikinti işləri bu ilin avqustunda başa çatdırılıb.

Bildirildi ki, muzeyin ümumi sahəsi 1200 kvadratmetr olan binası sərgi zalından, inzibati və yardımçı otaqlardan ibarətdir. Muzeyin sərgi zalında Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallar nümayiş olunur.

Bölgələrdə Bayraq muzeylərinin və Bayraq meydanlarının yaradılması Azərbaycanın dövlət atributlarına ən yüksək səviyyədə göstərilən diqqətin bariz nümunəsidir. Belə muzeylərin yaradılması dövlət atributlarına olan sonsuz sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin Azərbaycan bayrağına hörmət ruhunda, əsl vətənpərvər kimi tərbiyə olunmasına mühüm töhfə verir. Bununla yanaşı, bu işlər həm də Azərbaycan dövlətinin müstəqilliyini əks etdirən və hər bir vətəndaş üçün müqəddəs olan üçrəngli bayrağımıza göstərilən hörmət və ehtiramın təcəssümüdür. İndi Azərbaycan bayrağı ən nüfuzlu beynəlxalq təşkilatlar və mötəbər məclislərdə qürurla dalğalanır, dövlətimizi şərəflə təmsil edir.

X X X

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.

“Azərenerji” QSC-nin sədri Baba Rzayev Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi.

Bölgələrdə bu cür elektrik stansiyalarının yaradılması həm enerji təminatının gücləndirilməsində mühüm rol oynayır, həm də regionların inkişafına təkan verməklə əlavə iş yerlərinin açılmasına səbəb olur. Bu baxımdan Lerik rayonunda gücü 16,5 MVt olan elektrik stansiyası da əhəmiyyəti ilə seçilir.

Bildirildi ki, ölkənin cənub bölgəsinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə “2009-2013-cü illərdə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı”na əsasən Lerikin elektrik təchizatı sistemində yenidənqurma işlərinin aparılması çərçivəsində rayonda gücü 16,5 MVt olan elektrik stansiyasının tikintisi həyata keçirilib. Elektrik stansiyası Lerik şəhər mərkəzindən bir kilometr cənubda, Cəngəmiran kəndində 3,6 hektar ərazidə yerləşir. Burada hər birinin gücü 3,3 MVt olan beş mühərrik-generator, həmçinin 35 kV və 10 kV-luq yarımstansiyalar quraşdırılıb. Bundan başqa, gücü 25 MVA olan 35/10 kV-luq blok transformatoru, hər birinin gücü 10 MVA olan 35/10 kV-luq iki güc transformatoru və hər birinin gücü 630 kVA olan 10/0,4 kV-luq iki ədəd xüsusi sərfiyyat transformatoru da layihənin komponentləri sırasındadır. Burada gücü 500 kVA olan dizel generatoru, rele mühafizəsi və avtomatika sistemləri, həcmi 20 kubmetr olan qəza yağ tutumu sistemi quraşdırılıb. Eyni zamanda, həcmi 250 kubmetr olan yanğınsöndürmə sisteminin yerüstü ehtiyat su çəni qoyulub, diametri 200 millimetr olan 6 kilometrlik qaz xətti, uzunluğu 25 kilometr ikidövrəli 35 KV gərginlikli elektrik verilişi, uzunluğu 16 kilometr olan 10 KV gərginlikli 8 elektrik verilişi xətləri xətti çəkilib.

Dövlətimizin başçısı elektrik stansiyasını işə saldı.

Bu layihə bölgənin enerji təminatı baxımından əhəmiyyəti ilə seçilir. Belə ki, regionun enerji təminatının keyfiyyət göstəricilərini yaxşılaşdıracaq stansiya ildə 75 milyon kilovat-saat elektrik enerjisi istehsal etmək imkanına malikdir. Müqayisə üçün deyək ki, bu, Lerik və Yardımlı rayonlarının elektrik enerjisinə tələbatından 40 faiz çoxdur. Bununla yanaşı, regionun ucqar nöqtələrində gərginlik səviyyəsinin normadan aşağı düşməsi hallarının qarşısı alınacaq. Stansiyanın faydalı iş əmsalı 45 faiz təşkil edir. Burada əsas yanacaq kimi qazdan istifadə olunur.

AzNews.az