Bakı Şopinq Festivalı barədə geniş məqalə dərc edilib Bakı Şopinq Festivalı barədə geniş məqalə dərc edilib
  • Paytaxt
  • 16 Oktyabr 2018 19:50
  •  3 165

Bakıda ecazkar kafe və restoranlar var - Xarici KİV paytaxtımızı öydü

Bakı Şopinq Festivalı barədə geniş məqalə dərc edilib

“Südthüringen Kurier” qəzetinin oktyabr ayı üzrə sayında ölkəmizdə keçirilən və turistlərin böyük marağına səbəb olan növbəti Bakı Şopinq Festivalı barədə geniş məqalə dərc edilmişdir.

Məqalədə Azərbaycanın zəngin tarixi, mədəniyyəti və təbii irsinin bütün dünyadan turistləri cəlb etdiyi, şərqlə qərbin kəsişməsində yerləşən Qafqazın incisi olan Odlar Yurdunun hər iki mədəniyyəti özündə ehtiva etdiyi qeyd olunur. Paytaxt Bakı şəhərinin tarixi yerləri, gözəl mənzərələri, ecazkar kafe və restoranları, möhtəşəm muzeyləri, xalça emalatxanaları və caz klubları ilə məşhur olduğu bildirilir. Bununla yanaşı Azərbaycanın bölgələrinin də özünəməxsus gözəlliyinin olduğu, əvəzolunmaz landşaftı olan Azərbaycanın meşələrinin, çöllərinin, daşlarının, qayalarının, dəniz kənarlarının, habelə dağ turizmi mərkəzlərinin bir-birinə yaxın, 4 saatlıq məsafədə yerləşdiyi vurğulanır.

Məqalədə tarixən Böyük İpək Yolunun üzərində, eləcə də müxtəlif ölkələrin geosiyasi, iqtisadi və mədəni maraqlarının kəsişməsində yerləşən Azərbaycanın qədim dövrlərdən etibarən böyük mütəfəkkirlərin, tacirlərin, şairlərin, səyahətçilərin və tarixçilərin marağına səbəb olduğu qeyd olunur. Azərbaycan hökumətinin onilliyin sonunda ümumdaxili məhsulun iki dəfə yüksəldilməsini və ölkəyə səfər edən qonaqların sayının artırılmasını nəzərdə tutan "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının tərkib hissəsi olaraq və ölkənin keçmişinə sadiqliyini qoruyaraq Azərbaycanı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi yerə çevirməyə çalışdığı vurğulanır. Bu məqsədlə ölkədə qeyri-neft sektorunun davamlı şəkildə inkişaf etdirildiyi və yeni iqtisadi islahatların həyata keçirildiyi bildirilir.

Məqalədə bu plana əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə ölkədə ildə iki dəfə olmaqla hər il ticarət festivallarının keçirilməsinə başlanıldığı, festivalın məqsədinin yerli və xarici moda həvəskarlarına cəlbedici və münasib alış imkanlarının təklif edilməsinin olduğu nəzərə çatdırılır. Festivalın ticarət imkanları ilə yanaşı Bakı şəhərinin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı yaratdığı, şəhərdə yerləşən incəsənət qalereyalarının, muzeylərin və digər mədəniyyət mərkəzlərinin qonaqların xatirəsində unudulmaz izlər buraxacağı vurğulanır.

Məqalədə Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosunun festivalın rəsmi təşkilatçısı olduğu, festival zamanı Büronun müxtəlif mağazaları bir araya gətirərək endirimlər, xüsusi kampaniyalar, 800-dən artıq pərakəndə satış obyektindən elektronika, ev əşyaları, mebel, ətir, kosmetika məhsulları və digər mallar əldə edərək əlavə dəyər vergisini (ƏDV) şəhərdə geri almaq imkanı yaratdığı vurğulanır. Şopinq Festivalı çərçivəsində lotereyaların, əyləncəli və hədiyyəli proqramların təşkil olunduğu qeyd olunur.

Məqalədə Bakı şəhərində ilk dəfə olaraq 10 aprel-10 may 2017-ci ildə təşkil edilən Bakı Şopinq Festivalının bütün gözləntiləri doğrultmaqla yanaşı, beynəlxalq turizm bazarında da xüsusi maraq doğurduğu bildirilir. 350-dən çox mağazanın iştirak etdiyi festival zamanı əcnəbilərə ƏDV-nin geri ödənilməsi üçün nəzərdə tutulan maksimal alış məbləğinin 176 ABŞ dollarından 59 ABŞ dollarınadək endirildiyi, habelə ƏDV-nin digər ölkələrdəki kimi yalnız hava limanlarında deyil, eləcə də şəhərdə geri ödənilməsi imkanının yaradıldığı vurğulanır. İkinci Bakı Şopinq Festivalının 15 oktyabr-15 noyabr 2017 tarixlərində keçirildiyi və birincidən fərqli olaraq 500 mağazanı bir araya gətirən festivalın xüsusi festival hədiyyələri, lotereyaları və əyləncəli proqramları ilə yaddaqalan olduğu oxuyucuların nəzərinə çatdırılır. 2017-ci ilin oktyabr ayında Azərbaycana 205 min turistin gəldiyi və bu rəqəmin ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz çox olduğu, ƏDV-nin geri qaytarılması ilə bağlı 48,500 ödəmənin həyata keçirildiyi, ticarət dövriyyəsinin isə 20 mln ABŞ dolları təşkil etdiyi bildirilir.
Məqalənin sonunda növbəti Bakı Şopinq Festivalının da beynəlxalq qonaqları qarşılamağa hazır olduğu, qonaqların Odlar Yurdunda şərq qonaqpərvərliyindən həzz alacağı nəzərə çatdırılır və oxuyucuların Bakı Şopinq Festivalı barədə daha ətraflı məlumat etmələri üçün festivalın rəsmi internet səhifəsinin ünvanı (www.bakushopfest.com) qeyd olunur. Məqalədə festivalın logolarından istifadə edilmişdir.”