Prezident İlham Əliyev sərəncamlar imzalayıb. Prezident İlham Əliyev sərəncamlar imzalayıb.
  • Paytaxt
  • 22 Oktyabr 2018 18:14
  •  1 536

Prezident İmişliyə pul ayırdı

Prezident İlham Əliyev sərəncamlar imzalayıb.

Prezident İlham Əliyev İmişli rayonunun Qızılkənd kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, İmişli rayonunun Qızılkənd kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.

İqtisadiyyat Nazirliyinə tapşırılır ki, Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutsun.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll edəcək.

X X X

Prezident İlham Əliyev İmişli şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində İmişli rayonunda bir sıra mühüm tədbirlər həyata keçirilmiş, əsas kapitala yönəldilən vəsait 90,1 dəfə, o cümlədən tikinti-quraşdırma işlərinə investisiya 225,6 dəfə artmış, Olimpiya İdman Kompleksi, “ASAN Həyat” kompleksi, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Uşaq-Gənclər Şahmat Məktəbi, Uşaq Tədris Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 16 mənzilli 2 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunmuş, 25 ümumtəhsil müəssisəsi istifadəyə verilmişdir. Bundan başqa, İmişli şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, 46 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 16 mindən çox yeni iş yeri açılmış, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Sərəncamda qeyd olunur ki, İmişli şəhərində istismar müddəti başa çatmış 5 ikimərtəbəli binanın sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan İmişli Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

AzNews.az