Qurum sədri büdcə müzakirələri zamanı maraqlı məqamlara toxunub Qurum sədri büdcə müzakirələri zamanı maraqlı məqamlara toxunub
  • Paytaxt
  • 13 Noyabr 2018 17:06
  •  1 937

Vüqar Gülməmmədov Milli Məclisdə: "İlk büdcədir ki..."

Qurum sədri büdcə müzakirələri zamanı maraqlı məqamlara toxunub

“Hesablama Palatası müxtəlif ölkələrin təcrübəsinin araşdırılması yolu ilə növbəti ilin dövlət büdcəsinin icrasına təsir göstərə biləcək bir neçə risk amilini müəyyən edib”.

AzNews.az xəbər verir ki, bu sözləri Milli Məclisin bugünkü büdcə müzarikəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

O növbəti il üçün əsaslı xərclərin, ümumiyyətlə, investisiya məbləğinin cari illə müqayisədə nəzərəçarpacaq artımla proqnozlaşdırılmadığını bildirib: “Bununla yanaşı, ÜDM-in cari il üzrə real artım tempinin 2,0% səviyyəsində gözlənildiyini, həmçinin qarşıdakı ildə bu parametrin 3,6% səviyyəsində nəzərdə tutulduğunu nəzərə alsaq həm ilin sonuna qalan dövr, həm də növbəti il ərzində ÜDM-in daha sürətli artımının ehtimal olunduğu və proqnozladırıldığı qənaətindəyik.

İlk olaraq “Büdcə zərfi“nə dövlət büdcəsinin layihəsinin bir ssenari üzrə daxil edilməsini qeyd etmək istərdim. Qəbul edilmiş büdcə qaydasının, eyni zamanda, dövlət büdcəsinin neft gəlirlərindən asılılğının azaldılmasına xidmət etdiyini nəzərə alaraq, bu qayda ilə müəyyən edilmiş hədlər çərçivəsində dövlət büdcəsinin optimist, adi və pessimist ssenarilər üzrə tərtibi büdcə parametrlərinin necə dəyişəcəyini müşahidə etməyə, o cümlədən itkilərin minimuma endirilməsinə, gəlirlərin mobilizasiyasına, həmçinin xərclərin səmərəliliyinin və nəticəliliyinin artırılmasına şərait yaradar.

Rəydə həmçinin idxal inflyasiyasının artımına təsir edəcək amillərin mövcudluğu, dövlət borcunun dinamik deyil, statik xarakterli göstəricilərlə dəyərləndirilməsi, cari xərclərin artım tempinin qeyri-neft sektorunun nominal tempindən 4,6 faiz bəndi çox olmaqla nəzərdə tutulması da dövlət büdcəsinin icrasına təsir göstərməyə qadir olan risklər kimi qeyd edilmiş, Azərbaycan Respublikasının Prezidenti Möhtərəm cənab İlham Əliyev tərəfindən büdcə inzibatçılığının gücləndirilməsi, vəsaitlərin təsirliliyinin artırılması ilə bağlı tapşırıqların icrasına xidmət edəcək nəticə əsaslı büdcənin tərtibi üzrə normativ sənədlərin hazırlanması və qəbulunu dövlət resurslarının institusional imkanlarının genişləndirilməsinə və icra səviyyəsinə müsbət təsir göstərən amil olaraq vurğulanıb”.

Palata sədri qeyd edib ki, cari ildə “Büdcə sistemi haqqında” Qanuna büdcə qaydalarını müəyyən edən maddə əlavə olunub. Bu qaydaların məqsədi makroiqtisadi dayanıqlığı, maliyyə və borc intizamını təmin etməkdən ibarətdir.

“2019-cu ilin dövlət büdcəsi büdcə qaydalarının nəzərə alınması ilə tərtib edilən ilk büdcədir.

Büdcə qaydasına uyğun olaraq ilk növbədə, icmal büdcənin xərclərinin yuxarı həddi müəyyən olunmuşdur. Həmin hədd, cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103%-dən çox olmamaqla müəyyən edilmişdir. “Büdcə zərfi”ndə 2019-cu ilin icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-nə nisbəti 29,5% olmaqla cari ilin göstəricisindən aşağı olmaqla proqnozlaşdırıldığı göstərilmişdir və buna əsaslanaraq büdcə qaydalarının tələbinə əməl olunduğu vurğulanmalıdır. Müvafiq metodikanın “Büdcə zərfi”nə daxil edilməməsi səbəbindən Hesablama Palatası beynəlxalq təcrübəyə əsaslanaraq 4 müxtəlif metodika üzrə həmin göstəricinin hesablanmasını həyata keçirərək Rəyə bu barədə məlumatlar daxil edib”, – deyə palata sədri əlavə edib.

Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olan dövlətlərdə daha geniş yayılan “vergi boşluğu”nun qiymətləndirilməsini təklif edir. Vergi boşluğu anlayışına fərqli yanaşmalar mövcud olsa da, ümumilikdə qeyd edilməlidir ki, vergi boşluğu il ərzində ödənilməli olan vergi məbləği ilə könüllü şəkildə vaxtında ödənilən vergi məbləği arasındakı fərqdir.

“Bu göstəricinin hesablanılması və “Büdcə zərfi”ə daxil edilməsi yeni vergitutma obyektlərinin cəlb edilməsi, eyni zamanda “kölgə iqtisadiyyatı”nın miqyasının ildən-ilə azaldılması yolu ilə vergi inzibatçılığının effektivliyinin yüksəldilməsinə xidmət edər. Eyni zamanda, bu yanaşma potensial və faktiki vergi daxilolmalarının həcmi arasında fərqə təsir edən amillərin müəyyənləşdirilməsi vasitəsilə bu fərqin azaldılmasına və könüllü bəyanetmə səviyyəsinin yüksəldilməsinə də şərait yaratmış olar.

Dövlət büdcəsinin kəsiri 2019-cu ildə dövlət büdcəsinin xərclərinin strukturunda nəzərdə tutulan dəyişikliklərlə əlaqədar xaricdən cəlb edilmiş kreditlər, özəlləşdirmədən daxilolmalar və vahid xəzinə hesabının qalığı hesabına maliyyələşdiriləcəkdir. Ümumiyyətlə, kəsirin maliyyələşmə məbləğinin növbəti ildə dövlət büdcəsinin gəlir və xərc parametrlərinin gözlənilən icra göstəriciləri ilə müqayisəsi 2019-cu ilin dövlət büdcəsinin kəsirlə başaçatma ehtimalını minimallaşdırır.

Dövlət borcu ilə bağlı ilk olaraq qeyd edim ki, 2019-cu ilin dövlət borcunun limit göstəriciləri "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun şəkildə proqnozlaşdırılıb.

Hesablama Palatası müasir dövrdə fiskal risklərin nəzərə alınması baxımından ən yaxşı təcrübə olaraq müəyyən edilən statik göstəricilərə əsaslanaraq 5 metodoloji sənəd əsasında təhlil həyata keçirmiş, ümumilikdə hər bir yanaşmada borc göstəricilərinin kritik hədd normalarından uzaq olduğu, ölkəmizdə borc dayanıqlılığının təmin edildiyi qənaətindədir”, - palata sədri deyib.

Nigar CƏFƏR

AzNews.az