"Yəni, mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir" "Yəni, mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir"
  • Paytaxt
  • 12 Fevral 2019 23:30
  •  3 740

"Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir" - İlham Əliyev

"Yəni, mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir"

"Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq".

AzNews.az AZƏRTAC-a istnadən xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev REAL televiziyasına müsahibəsində deyib.

Azərbaycan Prezidenti qeyd edib ki, son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür: "Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yəni, mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilirəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni, bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır. Eyni zamanda, dediyiniz kimi, bu yanaşma daha böyük yanaşmanın tərkib hissəsidir – dövlət-vətəndaş münasibətlərinin. Hesab edirəm ki, bu münasibətlər Azərbaycanda sağlam zəmində qurulub. Vətəndaş bu gün bilir ki, dövlət güclü olarsa, onun da həyatı təhlükəsiz olar, risksiz olar, rahat olar və ildən-ilə artan maddi rifah daha da çoxalar.

Eyni zamanda, Azərbaycan vətəndaşı çox yaxşı bilir ki, biz hələ müstəqilliyimizin ilk illərindəyik. Bizim müstəqilliyimizin cəmi 27 yaşı var. Ona görə hər bir vətəndaş öz işi, əməyi, dövlətə olan sədaqəti ilə dövlət müstəqilliyini möhkəmləndirməlidir. Hesab edirəm ki, Azərbaycan bu sahədə də nümunəvi ölkədir. Çünki Azərbaycanda vətənpərvərlik hissləri, dövlətçiliyə bağlılıq çox yüksək səviyyədədir. Ona görə vətəndaş dövlət qarşısında öz vəzifə borcunu yerinə yetirir və yetirməlidir. Eyni zamanda, dövlət də həmişə vətəndaşın yanında olmalıdır. Yəni, bizim prinsiplərimiz bundan ibarətdir və dövlət ən ağır vəziyyətdə olan vətəndaşın yanında olmalıdır. Gətirdiyim misallar buna əyani sübutdur.

Bütün çətin anlarda dövlət vətəndaşın yanındadır. Təbii fəlakət baş verdiyi zaman dövlət vətəndaşın yanındadır. Bu yaxınlarda Şamaxıda zəlzələ baş verdi. İlk növbədə, dövlət qurumları mənim tapşırığımla öz dəstəyini göstərirlər və göstərəcəklər. Bundan əvvəl şimal-qərb bölgəsində bundan daha böyük zəlzələ olmuşdur. Daşqın olmuşdur, minlərlə sakin evsiz-eşiksiz qalmışdır. İnkişaf etmiş ölkələrdə belə olan hallarda nə baş verir? Vətəndaş hansı ki, öz evini sığortalayıb, gedir sığorta şirkətindən uzun prosesdən sonra pulunu alır, - əgər ala bilsə, - və o pulla özü üçün yeni ev tikir. Yəni, aylarla, bəlkə də illərlə vətəndaş öz məişət problemini həll edə bilmir. Azərbaycanda nələr baş verir?! Dərhal bütün dövlət qurumları səfərbər olunur, dövlət maliyyə vəsaiti ayırır və evini itirmiş vətəndaşa dövlət xətti ilə ev tikilir. Hansı başqa ölkədə bunlar var?! Bunu deməklə mən öyünmək istəmirəm, sadəcə olaraq, həqiqətləri demək istəyirəm.

Dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq".

AzNews.az