Məmmədyarov Avropa İttifaqının komissarı ilə görüşüb

Qarşılıqlı faydalı və strateji əməkdaşlıq məsələləri müzakirə edilib.

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Avropa Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Avropa İttifaqının komissarı Yohannes Han ilə görüşüb.

XİN-dən verilən məlumata görə, görüşdə həmçinin energetika naziri Pərviz Şahbazov da iştirak edib.

Tərəflər Azərbaycan və Avropa İttifaqı arasındakı müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Daha sonra tərəflər Azərbaycan və Avropa İttifaqı arasında mövcud olan strateji tərəfdaşlığın hüquqi əsasını təşkil edəcək yeni Saziş layihəsi üzrə aparılan danışıqlara toxunublar. Bu xüsusda, sözügedən saziş üzrə danışıqların yekunlaşmasının əhəmiyyəti qeyd edilib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqların cari vəziyyəti haqqında Aİ komissarına məlumat verən nazir Elmar Məmmədyarov münaqişənin həllinin regionda inkişaf üçün müvafiq şərait yaradacağını və rifah naminə sülhü təmin edəcəyini vurğulayıb.

Həmçinin Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində qarşılıqlı faydalı və strateji əməkdaşlıq məsələləri müzakirə edilib.

Energetika naziri Pərviz Şahbazov Aİ komissarı Y.Han ilə enerji sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında faydalı fikir mübadiləsi aparıb.

AzNews.az